aliyev-munich

Riqada Əliyevə hansı sənəd təklif olunacaq?

 
AB-nın xüsusi səfiri Azərbaycana «əməkdaşlığa dair özəl təklif»in ediləcəyini dedi

 
Fuad Qəhrəmanlı: «İstisna deyil ki, təklif olunan sənəddə demokratiya və insan haqları ilə bağlı islahatlar yumuşaldaraq tərəflərə tövsiyyə ediləcək»
 
Avropa Birliyinin (AB) Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti bir neçə gün sonra baş tutacaq. Tərəfdaşlıq proqramının üzvü olan 6 ölkədən beşi, o cümlədən Azərbaycan zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunacaq. Toplantıda habelə Fransa, Almaniya və Avropanın digər liderləri iştirak edəcək.
Rusiya Xarici Işlər Nazirliyinin sammitlə bağlı 6 ölkəyə hədə dolu mesaclar ünvanladığı məlumdur. Rusiya Riqa sammitini özünə qarşı qiymətləndirərək, bəyan edib ki, AB ilə əməkdaşlıq edən ölkələr Kremlin prinsipial mövqeyi ilə üzləşəcəklər.
Riqa sammitinin sonunda iştirakçı dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı birgə bəyannamə imzalayacağı gözlənilir. Əslində bu addım Rusiyanın Ukrayna və Gürcüstanda yürütdüyü aqressiv siyasətə qarşı olsa da, Azərbaycanın da maraqlarına cavab verir. 
Amma bu arada Latviya Xarici Işlər Nazirliyinin “Şərq tərəfdaşlığı” məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Yuris Poykans Riqa toplantısı ilə bağlı çox maraqlı, eyni zamanda Kremlin ovqatını korlayacaq anonslar verib. Diplomat bildirib ki, AB sammit çərçivəsində Gürcüstan, Ukrayna və Moldovanın öncə imzaladıqları assosiasiya sazişlərinin reallaşmasında bu ölkələrə kömək etmək zəmindədir, Azərbaycan, Belarus və Ermənistana isə əməkdaşlığa dair xüsusi, özəl təklif olacaq. “Toplantının yekununda ”Şərq tərəfdaşlığı" siyasətinin yaxın iki il üçün əsas istiqamətlərini müəyyənləşdirən bəyannamə imzalanacaq. Biz bütün ölkələrlə bərabərlik prinsipləri əsasında münasibətlər qurmaq istəyirik" – deyib Poykans. O, Ermənistanla AB arasında yeni bir müqavilənin imzalanacağını da istisna etməyib. “Bundan əlavə, sonrakı əməkdaşlıqla bağlı Azərbaycandan təkliflər gözləyirik” – əlavə edib səfir.
“Əməkdaşlığa dair xüsusi, özəl təklif” deyəndə diplomatın nəyi nəzərdə tutduğu maraq doğurur? Belə bir təşəbbüslə çıxış edilməsi AB-Azərbaycan münasibətlərinə nə vəd edir?
 
 
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, belə bir mövqeyin ortaya çıxması, “əməkdaşlığa dair xüsusi, özəl təklif”in verilməsi onunla bağlıdır ki, AB heç bir halda bu üç ölkənin əməkdaşlıqdan kənarda qalmasını istəmir. F.Qəhrəmanlı bildirdi ki, hazırkı şəraitdə bu ölkələrin assosiasiya sazişini imzalaması mümkün sayılmadığından, assosiasiya sazişinin imzalanmasına bir növ hazırlıq zəmini yaradacaq sənəd təqdim olunacaq. Ekspertin sözlərinə görə, əslində assosiasiya sazişinin imzalanması ilə bağlı hər üç ölkədə yaranmış tərəddüd onunla bağlıdır ki, bir tərəfdən bu dövlətlər Rusiya faktorunu əsas gətirirlər, sənədin imzalanmasının Kremlin qıcığına səbəb olacağını bəyan edirlər: “Digər tərəfdən isə hər üç ölkədə olan avtoritar rejim assosiasiya sazişini imzalamaqda ona görə maraqlı deyil ki, bu saziş həm də demokratikləşmə ilə bağlı bu ölkələrin üzərinə müəyyən öhdəlik götürməyi tələb edir. Hər üç ölkənin hakimiyyəti isə belə bir öhdəliyin götürülməsində maraqlı deyillər. Ona görə istisna deyil ki, təklif olunan sənəddə bu nüans nəzərə alınaraq demokratiya və insan haqları ilə bağlı islahatlar yumşaldaraq tərəflərə tövsiyyə ediləcək”.
F.Qəhrəmanlının sözlərinə görə, daha bir nüans da diqqəti cəlb edir. O da ondan ibarətdir ki, Azərbaycan assosiasiya sazişinin qarşılığı olaraq “strateji tərəfdaşlıq və modernləşdirmə” sazişini təklif etdiyini xatırladan F.Qəhrəmanlı bildirdi ki, “əməkdaşlığa dair xüsusi, özəl təklif”in meydana çıxması o deməkdir ki, Azərbaycanın təklifi qəbul olunmayacaq: “Münasibətlər Avropa Birliyi tərəfindən təklif olunan və detalları hələlik açılmayan sazişlə tənzimlənəcək. Ona görə güman olunan odur ki, ”əməkdaşlığa dair xüsusi, özəl təklif"i assosiasiya sazişindən daha yumşaq olacaq və avtoritar ölkələrdə qıcıq yaratmamağa hesablanacaq. Baş verənlər Avropa Birliyinin üç ölkəylə bağlı prinsipial olduğunu göstərir".
Xəyal