Bəyim Həsənli
Avropa Oyunlarına görə hər gün müxtəlif qadağalar qoyulur. Hətta yas çadırları qurmağı belə, qadağan ediblər.
Yaxşı, paltar asmamağı, mitinq keçirməməyi, toy eləməməyi, hansısa yola maşınla çıxmamağı hardasa nəyləsə əsaslandırmaq, başa düşmək olar. Bəs Avropa Oyunları zamanı yas etməməyi necə anlayaq? Ölümsüzlüyü kəşf edərlər əllərində olsa…
Bu ölkədə ölüm o qədər ucuzdur ki, məcbursunuz o möhtəşəm Avropa Oyunlarınızda yas çadırları görməyə.
Kasıbçılıqdan nəinki müalicə olmayan, hətta müayinədən keçə bilməyən insanlar var bu ölkədə. Heç kimin sığortası yoxdur. Dövlətin xəstə insanlar üçün heç bir layihəsi yoxdur. Yaxşı deyək ki, borc xərc edib, kartımızdan kredit çıxarıb həkimə getdik, dərman aldıq. Axı, içdiyimiz dərmanların tərkibinə inamımız yoxdur. Nə ilə qidalandığımızı, içdiyimiz suyun təmiz olub olmadığını, bizi müayinə edən həkimin doğrudan həkim olub olmadığını, diplomunu rüşvətlə alıb almadığını, nəfəs aldığımız havanın təmiz olub olmadığını bilmirik.
Kaş ki, Avropa Oyunları zamanı doğuşa da qadağa qoyaydınız. Çünki bu ölkə doğuş zamanı ana və körpələrin ölüm sayında gözə batabiləcək dərəcədə öndədi bir çox ölkələrdən.
Bağışlayın bəylər, o möhtəşəm günlərdə paltar yumamağa, mitinq keçirməməyə, evlənməməyə, bizim üçün çəkmədiyiniz yollara çıxmamağa dözərik, amma ölməyəcəyimizə söz vermirik.


