Füzuli Ələkbərov yoxsulluğun tam aradan qaldırılacağını deyir
Məhəmməd Talıblı: «Yoxsulluq aşağı düşürsə, onda ünvanlı sosial yardım alanların sayı niyə artır?»
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov 2015-ci ilə ölkədə yoxsulluğun tam aradan qaldırılacağını deyib. Qeyd edək ki, rəsmilər hazırda ölkədə yoxsulluğun səviyyəsinin 9 faizə endirildiyini deyir. Bir neçə il əvvəl isə bu göstərici 49 faiz səviyyəsində idi. Dünyanın heç yerində, hətta inkişaf etmiş ölkələrdə yoxsulluğun tam aradan qaldırılması mümkün olmayıb. Hətta bir neçə ilə 40 faiz azalma da müşahidə edilməyib. Bəs Azərbaycanda qısa müddətə yoxsulluğu tam aradan qaldırmaq mümkün olacaqmı? Ümumiyyətlə, yoxsulluğun bu templə azalması nə dərəcədə realdır?
Iqtisadçı ekspert Məhəmməd Talıblının sözlərinə görə, heç bir ölkənin yoxsulluğun tam aradan qaldırılmasına dair proqramı yoxdur. Həmçinin yoxsulu olmayan ölkə də yoxdur.
Ekspertin sözlərinə görə, hətta mükəmməl proqram hesabına bu problemi həll etmək mümkün deyil. Burada söhbət sadəcə olaraq yoxsulluğun səviyyəsini kifayət qədər aşağı salmaqdan gedə bilər.
M.Talıblının sözlərinə görə, Azərbaycanda yoxsulluğun 49 faizdən 9 faizə enməsi statistik spekulyasiyadır. Çünki hətta inkişaf etmiş ölkələr yoxsulluğun səviyyəsini belə sürətlə aşağı sala bilmir. Yoxsulluğun azaldılması üçün sosial yönümlü tədbirlərin həyata keçirilməsi vacibdir.
Ekspert Azərbaycanda yoxsulluğun səviyyəsi ilə bağlı ziddiyyətli vəziyyətin yarandığını da vurğuladı: “Yoxsulluq aşağı düşürsə, onda niyə ünvanlı sosial yardım alanların sayı artır? Sosial proqramların həyata keçirilməsi ilə yoxsulluğu aşağı salmaq olar. Ancaq indiki halda Azərbaycanda bu, mümkün deyil”.
Fizzə



