Əliyevin “aforizm”ləri niyə gizlədilir?

Hakimiyyət etiraf edir ki, keçidlərdə prezidentin imzası ilə yazılmış şüarlar biabırçılıqdır

 
 
Avropa Oyunları təkcə milyardların itirilməsi yox, həm də hakimiyyətin ifşası oldu. Təkcə Avropa oyunlarına hazırlıq mərhələsi sübut etdi ki, hakimiyyət nə qədər geridaqılmış olduğunun fərqindədir. Ölkəyə yeni avtobulsardan tutmuş, ambulans helikopterə qədər nə lazımdırsa gətirildi, qida məhsullarının keyfiyyət standartının qaldırılması, polisin vətəndaşla nəzakətli davranması, küçələrin təmizliyi, dilənçilərin küçədən yığışdırılması qərarı verildi.
Üstəlik, Heydər Əliyevin portretlərinin yığışdırılmasına da qərar verdilər. Yəni məlum oldu ki, dünənə qədər ölkəmiz utandırcı vəziyyətdə imiş. Indi hökumət canfəşanlıqla əyər-əksikləri düzəltməyə, Avropalı qonaqların gözünü oxşamağa çalışır. Məsələnin bu tərəfi aydındır ki, hakimiyyət üçün vətəndaşın rəyi, düşüncəsi qətiyyən önəmli deyil. Bu hakimiyyət yalnız xaricilərin gözündə yaxşı görünmək, xaricilərə görə xidmət göstərmək istəyir. Çünki, vətəndaşı kölə hesab edirlər.
Amma Avropalılardan gizlətməyə çalışdıqları həqiqətlər də əbəsdir. Çünki, günəş işığının qarşısını almaq mümkün olmadığı kimi, hakimiyyətin qanunsuz əməllərini gizlətmək də qeyri-mümkündür. Bugünlərdə məlum oldu ki, keçidlərdən Ilham Əliyev və Heydər Əliyevin imzası olan aforizmləri silirlər. Bu “aforizm”lərin hikmətini yəqin ki, bilirsiz. Məsələn, “su həyat mənbəyi olaraq qalmaqdadır”, “Həkimlik gözəl peşədir”, “körpü yolun bir hissəsidir” və s. Ən biabrıçı isə “bu körpü Ilham Əliyevin sərəncamı ilə tikilib” tipli yazılardı. Dünyanın heç bir yerində belə fikirlərə rast gəlmək mümkün deyil.
Indi hökumət də bu biabırçılığı başa düşdüyünə görə Avropalı qonaqlardan gizlətmək istəyir. Təbii ki, Avropalılar gedəndən sonra yenə də bütpərəstlik və insanların təfəkkürünün işğalı davam edəcək.
Məsələ burasındadır ki, hakimiyyətin biabırçılığı təkcə bu aforizmlərdən, portretlərdən ibarət deyil axı. Heç dərsliklərdən Heydər Əliyevin şəkillərinin olması, parkların, muzeylərin, prospektlərin, komplekslərin Heydər Əliyevin adını daşıması da biabırçılıqların hamısı deyil.
Gizlədilməsi mümkün olmayan ölkədə 100-dən artıq siyasi məhbusun olması, korrupsiyanın tüğyan etməsi, bütün sahələrin inhisara alınması, müstəqil mətbuatın boğulması, fərqli fikrə düşmən münasibətdir. Bütün bunlar isə beynəlxalq hesabatlardan, nüfuzlu nəşrlərdən, jurnalist araşdırmalarından öyrəniblər.
Yəni hakimiyyətin əsl siması dünyaya məlumdur və Heydər Əliyevin kəlamları olmasa da nəticə dəyişmir. Əsas odur ki, bu hakimiyyət öz “adın”ı dünyanın yaddaşına yazıb.
Azad