“İstəyirəm Azərbaycan sakit, demokratik bir ölkə olsun”

Cavanşir Quliyev: «Mənim problemim bu cəmiyyətlə yox, onu  idarə edənlərlədir»

«Bir çox ictimai bəlalar bu kasıblıqdan yaranıb»

2005-ci ildən Şimali Kipr Türk Respublikasında Yaxın Şərq Universitetinin Səhnə Sənətləri fakültəsində dərs deyən tanınmış bəstəkar, professor Cavanşir Quliyev yay tətili ilə əlaqədar Bakıya gəlib. Fürsətdən istifadə edən Kulis.az musiqi ustadından müsahibə götürüb.

“Azərbaycandakı tələbələrin əksəriyyəti bilik istəmir”

– Kiprdə işləriniz necə gedir?
– Mənim oradakı işim müəllimlikdir. Dünyanın ən sülhsevər peşəsi ilə məşğulam. Azərbaycanda olanda da müəllim işləyirdim. Universiteti bitirən yaşımdan müəlliməm. Mən, sadəcə, mühiti, tələbələri dəyişmişəm. Oxumaq, bilik almaq istəyən insanların arasına getdim. Azərbaycandakı tələbələrin əksəriyyəti bilik istəmir. Rəsmi sənəd xatirinə oxuyurlar, yəni istədikləri bircə budur ki, onlar haqda desinlər ki, ali təhsillidirlər. Azərbaycanda insanlar pul verirlər ki, oxumasınlar, Kiprdə isə oxumaq üçün pul verirlər. Müəllim üçün oxumaq istəyən insanların içində işləməkdən gözəl heç nə yoxdur. Onda sənin işin yaradıcılığa çevrilir. Tələbələr nəyəsə nail olanda sevinirsən ki, burda sənin də əməyin var. Müəllimliklə yanaşı, bəstəkarlıq fəaliyyətimi də davam etdirirəm. Orada yaradıcılıqla məşğul olmaq üçün ideal şərait tapmışam. Bəstəkar üçün ən rahat şərait odur ki, onun daxili vəziyyəti, müvazinəti pozulmur. Həddən artıq əsəbi deyil, həddən artıq sevinc hissi yoxdur. Bakının indiki mühitində müvazinəti saxlamaq çox çətindir. Xüsusilə, cəmiyyətdə bir az tanınmış insanlar üçün. Tez-tez zənglər, tədbirlər, iclaslar… Həyatın bu qarmaqarışıqlığı insanın müvazinətini pozur. Yazı-pozu işi çətinləşir. Kipr çox sakit yerdir. Siyasi burulğanlar yoxdur. Orada da seçkilər, mitinqlər olur. Hər şey qanun və məntiq çərçivəsində baş verir və insanların əsəblərini pozmur. Mən orda 2-ci baletimi yazdım. Bir çox yarımçıq əsərlərimi bitirdim. Hətta orda yaşaya-yaşaya Bakıda tamaşalar, filmlər üçün əsərlər yazırdım. Insanlar anlamır ki, orda ola-ola bunu necə etmişəm. Mən də deyirəm ki, internet olan çağda məsafələr artıq itib.

– Kiprdən burdakı mədəni, ictimai-siyasi hadisələri izləyirsinizmi?
– Mümkün qədər izləyirəm.

– “Eurovision”dakı qalibiyyətimizə münasibətiniz necədir?
– Ölkənin təbliğatı üçün gözəl imkandır. Azərbaycan qazandı, hamımız sevindik. Gələn il bu yarışmanın Azərbaycanda keçirilməsi yüzlərlə insanın bura gəlməsinə səbəb olacaq. Gəlib görərlər ki, biz ermənilərin təqdim etdiyi kimi adamyeyən deyilik. Gəlib görərlər ki, Bakı gözəl şəhərdir, insanları gözəldir. Bu baxımdan çox gözəldir. Həm də Azərbaycan mədəniyyətinin tarixinə düşmüş hadisədir. Amma Azərbaycan musiqisinə bunun heç bir aidiyyəti yox idi. Musiqinin və sözlərinin müəllifi azərbaycanlı deyil. Orada “Made in Azerbaijan” Eldar və Nigar idi.

– Necə bilirsiniz, bizdə “Eurovision”a üçün mahnı yazacaq bəstəkar yoxdur?
– O adam heç bəstəkar deyildi. Hansısa rok qrupunun üzvüdür. Bəstəkar başqa şeydir. Mahnı qoşan adamlar bizdə də var. Heç də onlardan zəif şey yazmazlar. Bizdə sadəcə, yaza bilən insanın həvəsi yoxdur yazmağa. Ona görə yazdıqları keyfiyyətsiz olur. Istedadlı adam hər yerdə var. Mahnı gözəl mahnıydı. Adam, görünür, təcrübəlidir. Müğənnilərə baxıb, onların imkanlarına uyğun elə musiqi yazdı ki, avropalıların ürəyinə yatdı. Hər halda bunu vacib hadisə hesab edirəm. Fürsətdən istifadə edib ifaçılara təbriklərimi çatdırıram, vətəndaş olaraq təşəkkürümü bildirirəm.

– Uzun müddətdir Bakıdan ayrı yaşamısınız. Yaradıcı insan kimi Bakı şəhərindəki dəyişiklikləri necə qiymətləndirirsiniz?
– Hər dəfə gələndə yeni binaların tikildiyini görürəm. Bunların hamısı hərəkətdir. Bakının memarlıq sifəti gözümüz görə-görə dəyişilib. Şəhərin mərkəzində eybəcər binalar da tikiblər. Mən bundan razı deyiləm. Amma ümumən hər bir şəhərin dəyəri binalarla deyil, insanlarla ölçülür.

“Hər dəfə hava limanında məni bir şey şok edir…”

– Bəs insanlar dəyişibmi?
– Təəssüf ki, yaxşı yönə dəyişməyiblər. Hər dəfə hava limanında məni bir şey şok edir. Bu, azərbaycanlıların bərkdən danışmasıdır. Adam istəyir insanlardan soruşsun ki, niyə bərkdən danışırsınız? Bunun bir səbəbi varmı? Sən düşünmürsənmi ki, səsin başqalarının xoşuna gəlməyə bilər? Istanbul Azərbaycandan 3 dəfə böyükdür. Oranın hava limanında belə haray-həşir olmur. Əvvəl belə deyildi. Gəncliyimin Bakısı başqaydı.

– Sizcə, insanları nə dəyişdi?
– Həyat…

– Bizim insanların ucuz musiqiyə, bayağı mədəniyyətə bu qədər çox meylli olması nəylə bağlıdır? Hazırda yaşadığınız məmləkətdə də belə tendensiya varmı?
– Qətiyyən yoxdur. Bir çox ictimai bəlalar cəmiyyətin kasıb olması ilə bağlıdır. Hər şey bu kasıbçılıqdan yaranır. Insanlar hər şeyin ucuzunu almağa öyrəşdikləri üçün musiqinin də ucuzuna qaçırlar.

“Mən o qədər də güclü adam deyiləm”

– Azərbaycan cəmiyyəti bəstəkar Cavanşir Quliyevin qiymətini verə bilibmi?
– Cəmiyyət, sıravi insanlar mənim qiymətimi verib. 6 ildir burada yoxam. Amma indi də küçədə saxlayıb mənimlə söhbət edirlər. Bəzən deyirlər ki, qayıt gəl Bakıya, sənə ehtiyacımız çoxdur. Ancaq insanlar bilmirlər ki, məndən həddən artıq çox şey istəyirlər. Mən o qədər də güclü adam deyiləm. Bu cəmiyyətlə mənim heç vaxt problemim olmayıb. Mənim problemim cəmiyyəti idarə edənlərlə olub. Indi də var, o vaxt da olub.

– Azərbaycanla bağlı arzularınız nədir?
– Pritsavkin adlı rus yazıçısı vardı. Bir dəfə Rusiya haqda demişdi: “Mən Rusiyanın böyük, super ölkə olmasını istəmirəm. Mən istəyirəm ki, Rusiya balaca, demokratik ölkə olsun. Oradakı insanlar da rifah içində yaşasınlar”. Mən də istəyirəm ki, Azərbaycan sakit, demokratik bir ölkə olsun. Müharibə bitsin, torpaqlarımız qaytarılsın. Bütün bunlar düzələndən sonra mədəniyyətimiz də sürətlə inkişaf edəcək…