Ölkənin ikinci ən böyük şəhərində marketlərin üzərinə yazılan sözlər rəqabət yox, əhalinin bərbad gündə yaşamasını göstərir
Ölkənin əyalətlərində yeni tendensiya yaranıb. Demək olar, kiçik şəhərlərdə və bir çox rayonlarda market və dükanlar məhsullarını ucuz satdıqlarını nümayiş etdirir və bu barədə obyektlərinin qarşısına elanlar vururlar.
Hazırda əsas məkan kimi Sumqayıt göstərilir. Çünki Sumqayıt ölkənin ikinci şəhəri sayılır və burada yaşayan insanların isə yetərincə kasıb olduğu aydın sezilir. Sumqayıtda apardığımız müşahidələr göstərir ki, hazırda ucuz qiymətə məhsul satan marketlərin sayı sürətlə artır.
Meyvə-tərəvəzdən tutmuş, ərzaq məhsullarına qədər hər şey satan bu marketlərin önünə “Ən ucuz məhsullar burda” sözləri yazılmış iri plakatlar vurublar. Insanların diqqətini çəkmək və müştəri cəlb etmək üçün nəzərdə tutulan bu reklam normal sayıla bilər. Ancaq bu normallıq Azərbaycan reallığı ilə düz gəlmir. Yəni neft ölkəsi olsaq da, kasıblıq elə bir həddədir ki, marketlərin verdikləri bu elanlar heç də rəqabət məqsədi güdmür. Daha çox aztəminatlı ailələrin, yəni kasıbların qida məhsulları alması üçün düşünülmüş və ya məcburiyyətdən atılmış addımdır.
Onu da bildirək ki, Sumqayıt şəhərindəki marketlərin bəzilərində həftənin müəyyən günləri çörək və ya duz pulsuz satılır. Bu iki məhsul qiymət baxımından baha olmasa da, əhalinin tələbat duyduğu ən aparıcı mallar sayılırlar.
Nəzərinizə çatdıraq ki, vəziyyətin bu həddə olması rəqabət amilindən daha çox, insanların maddi rifahlarının bərbad olmasını göstərir. Iqtidarın ağız dolusu “analoqu olmayan inkişaf” deməsinə baxmayaraq, durumun ciddiliyi odur ki, insanların rifahı günbəgün pisləşir. Bunu market sahibləri də bildiyindən qiymətləri aşağı salırlar. Daha dəqiq desək, bu vəziyyət hakimiyyətin apardığı siyasətin tam əksini göstərir. Əks halda imkanlıların çox olduğu bir məmləkətdə, nə çörək, nə də duz pulsuz təklif olunmazdı.

Ramin DEKO


