Mayın 15-də AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin 55 yaşı tamam olub. Bu münasibətlə partiya sədri Əli Kərimli onu təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli Rafiq bəy, sizi 55 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Partiyamızda olduğunuz bu 18 ildə cəbhədaşlarınız sizi mərd, qayğıkeş, zəhmətsevər, bacarıqlı və möhkəm əqidə sahibi olan bir insan kimi tanıyıblar. İllər öncə özünüz siyasi məhbus həyatı yaşayanda da, bu yaxınlarda sizin siyasi fəaliyyətinizə görə oğlunuz həbsdə olanda da, ata ürəyi nə qədər kövrək, övladına məhəbbətlə döyünsə də, acısa da, vüqarınızı, mətanətinizi ləyaqətlə qoruyub saxladınız, ölkəmizdə yüzdən yuxarı siyasi məhbusun problemini daim öz dərdinizdən öndə bildiniz, onların məhkəmələrində davamlı iştirak etdiniz, etiraz aksiyalarında, kütləvi tədbirlərdə təşkilatçılıq fəaliyyətinizi daha böyük səylə davam etdirdiniz.
Bu gün sosial şəbəkədə sizin ünvanınıza yazılan çoxsaylı təbrikləri oxuyanda həm stajlı, həm gənc cəbhəçilər, həm də sizi tanıyan digər insanlar tərəfindən nə qədər sevildiyinizin, sizə verilən dəyərin şahidi oldum. Bu həm bir dost, həm də mənsub olduğunuz partiyanın sədri kimi mənim üçün qürurvericidir. Sizin kimi hörmətə layiq, fədakar, mübariz insanlarla eyni yolda addımlamaqdan şərəf duyuram. Siz bu hörməti, sevgini öz şərəfli həyatınız, siyasi fəaliyyətinizdə ardıcıllığınız, dönməz əqidənizlə qazanmısınız.
Hörmətli Rafiq bəy, sizi bir daha doğum gününüz münasibətilə təbrik edir, sizə siyasi məhbuslarsız, demokratik dəyərlərin bərqərar olduğu, azad, bütöv Azərbaycanda uzun, sağlıqlı ömür, sevdiklərinizlə bərabər firavan günlər, siyasi fəaliyyətinizdə uğurlar arzulayıram. Allah sizi qorusun!”.