“Yeni Azərbaycan”ın cavabsız cavabı

Bütün səhifələri yalandan ibarət olan qəzet «Azadlıq»da hərf səhvi axtarmaqla məşğuldu

 
Bir neçə gün öncə qəzetimizdə “YAP-çı redaktorun Riqa fiaskosu” adlı yazı dərc etmişdik. Yazıda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun öz dilindən səslənən fikirlərə istinad olunur və ortaya çıxan nəticələr şərh edilir.
Belə ki, Riqada keçirilən tədbirdə Hikmət Babaoğlunun çıxışına məhdudiyyət qoyulub, mikrofonu söndürülüb, Azərbaycandakı siyasi məhbuslardan söhbət açılıb və s. Yəni YAP-çı redaktorun “Azərbaycanda ədalət fontan vurur” tipində fikirləri boykot edilib. Biz də öz yazımızda qeyd etmişdik ki, baş verənlər Azərbaycan hakimiyyətinə  dünyanın münasibətidir və hakimiyyətin yalanları artıq həzm edilmir. Yəni ölkədə söz azadlığının pozulması, müstəqil mətbuatın sıradan çıxarılması, siyasi məhbusların olması faktdır və dünya da bu fakta etiraz edir, beynəlxalq tədbirlərdə hakimiyyət təmsilçiləri pərt vəziyyətə salınır. Amma bu yazının məqsədi həmin tədbirə işıq salmaq deyil. Əksinə, “Yeni Azərbaycanın” qaranlıq salmaq istədiyi məqamları işıqlatmaqdır. Belə ki, “Yeni Azərbaycan” qəzeti “Azadlıq”dakı məlum yazıya cavab verib. Əslində bunu cavab adlandırmaq da ədalətsizlik olardı. Çünki, məqalədə yazılanlar daha çox ittihamlardan yayınmaqdır. Biz  hakimiyyətin yarıtmaz siyasətinin yaratdığı mənzərədən, hakimiyyətin dünyada etimad limitinin bitməsindən, hakimiyyət təmsilçilərinin beynəlxalq tədbirlərdə boykot edilməsindən yazmışıq. “Yeni Azərbaycan” isə bizə “səhv” tutub. Belə ki, hərf səhvinə yol verdiyimizi, Hikmət Babaoğlunun adını bir dəfə səhv yazmağımızı, “dəyirmi  masa”nı, dəyirmi tədbir… kimi qeyd etməyimizi və  “Azadlıq”ı yeganə müstəqil qəzet kimi təqdim etməyimizi  kompromat kimi ortaya çıxarıblar.
Əvvəla, yazıda hansısa hərfin, ifadənin, şəxs adının səhv getməsi təbii haldır və heç bir qəzet bundan sığortalanmayıb. Amma belə səhvlərə haqq qazandırmırıq və diqqətsizliyi məqbul hesab etmirik. Amma mühüm olan odur ki, qəzetin bütün səhifələri yalan və böhtanla “bəzədilməsin”.   Yəni “Yeni Azərbaycan”dan fərqli olaraq, “Azadlıq” qəzeti “qanqal”ı, “qızıl gül” kimi təqdim etmir. Bütün səhifələri hakimiyyətin mədhinə xidmət edən, vicdanlı insanları şərləməklə məşğul olan, ölkədəki korrupsiyanı, ədalətsizliyi, talançılığı görmək istəməyən bir qəzetin, “Azadlıq”a hərf səhvi tutması böyük “qabiliyyət” tələb edir.
Ikincisi, “Yeni Azərbaycan”dakı məqalədə “Azadlıq”ın toxunduğu məqamların heç birinə cavab yoxdur. Biz Hikmət Babaoğlunun mikrofonunun niyə söndürülməsinə, onun nitqinin niyə etirazla qarşılanmasına münasibət bildirmişik və  məntiqli izah vermişik. Yaxşı olar ki, “Yeni Azərbaycan” köhnə ənənələrdən əl çəkib, bu məqama izah versin. Bəlkə Riqada baş verənlərin daha məntiqli izahı var və biz bunu bilmirik? Bəlkə, nüfuzlu “Yeni Azərbaycan” qəzetini Riqa hökumətinin gözü götürmür? Bəlkə, Riqa hakimiyətini də ermənilər idarə edir və “Yeni Azərbaycan”ın məxfi şöbəsi bununla bağlı məlumatlar əldə edib? 
Əgər başqa bir izahat varsa, dinləməyə hazırıq. Yəni biz “dağ”dan danışdığımz halda, “Yeni Azərbaycan”ın “bağ”dan danışması, bizim haqlı olduğumuzun etirafıdır.
Ey “Yeni Azərbaycan”çılar, heç olmasa analoqsuz hökumətinizin xatirinə ortaya tutarlı bir arqument qoyun. Nə vaxta qədər, “erməni” arqumenti ilə qorunacaqsız, nə vaxta  qədər hərf səhvi tutmaqla təsəlli tapacaqsız? Artıq  yalanlardan ibarət “divar”a suvaq vurmaq əbəsdir. Çünki, bu divar uçur, həyətin o biri tərəfi açıq şəkildə görünür.
“Yeni Azərbaycan”ın bizə qarşı ən böyük “kompromat”ı isə “Azadlıq” qəzetinin yeganə müstəqil qəzet olmasını yazmağımızdır. Sanki belə yazmaqla “Yeni Azərbaycan” kimilər fəsiləsindən olanlara şər atmışıq. Məgər bu reallıq deyilmi? Bu ölkədə nə qədər istəsən “Yeni Azərbaycan” tapa bilərsən. Amma bu ölkədə ikinci “Azadlıq” tapa bilməzsən. Əslində, “Yeni Azərbaycan” və bu qəbildən olan qəzetlər “Azadlıq”ı  hədəf seçməklə, “Azadlıq”ın yeganə müstəqil qəzet olduğunu etiraf etmiş olurlar.
Sonda “Yeni Azərbaycan”çılara məsləhət görərdik ki, “Azadlıq”ın redaksiyasında korrektor işləmək haqqında düşünsünlər. Düzdür, maaş almaq çətin olacaq, amma  “Azadlıq”da hərf səhvi axtarmağın özü də şərəfli işdir.  Onsuz da hakimiyyətdəki səhvləri görməyə cəsarətiniz yoxdur, onsuz da həqiqətləri görməkdən imtina etmisiz. Heç olmasa hərf səhvi axtarmaqla məşğul olun. Bu həm də cəsarət edib üzə çıxara biləcəyiniz yeganə həqiqət olacaq.  
Akif