«Bu informasiya Konqressdəki növbəti müzakirə zamanı hakimiyyəti müdafiəsiz qoyacaq»
“The Washington Post”un Azərbaycan Dövlət Neft Şirkəti barədə yazdığı məqalə geniş rezonansa səbəb olub. Qəzet şirkətin 750 min dollarlıq gizli əməliyyatından yazıb. Xatırladaq ki, bir neçə gün öncə qəzetin dərc etdiyi gizli hesabata görə, SOCAR 10 konqresmen və 32 heyət üzvünün Bakıya bütün səfər xərclərini ödəyib. Sənədə görə, onlar 2013-cü ildə Bakıda keçirilən bir konfransda iştirak edib. Iştirakçılar arasında prezident Barak Obamanın keçmiş yüksək səviyyəli yardımçılarından da 3 nəfər olub.
“Azadlıq” radiosunun məlumatına görə, qəzet bu haqda belə yazıb: “Konqresmenlər və onlarla birlikdə səfərdə iştirak edənlərə yüz minlərlə dollar səfər xərcləri, ipək şərflər, büllur çay dəsti və dəyəri 2500-dən 10000 dollara qədər olan Azərbaycan xalçaları verilib. Səfərdə konqresmenlərin bəzilərinin xanımları da iştirak ediblər. Səyahət sənədlərinə görə, onların təyyarə biletlərinə 112 min 899 ABŞ dolları ödənilib”.
“The Washington Post”un yazdığına görə, SOCAR səfərin 750 min dollarlıq xərclərini ABŞ-da yerləşən qeyri-hökumət təşkilatlarından biri vasitəsilə ödəyib ki, gerçək maliyyələşmə mənbəyini gizlətsin.
Hesabatı ABŞ Nümayəndələr Palatasının müstəqil bölməsi olan “Konqres etikası ofisi” hazırlayıb.
Bu, 7 il əvvəl yaradılan etik ofisin indiyəcən apardığı ən dərin araşdırmadır. Etik ofis o zaman bir sıra qalmaqallardan sonra, o cümlədən lobbiçi Cak Abramofun konqresmenlərin səfər xərclərini ödəməsi aşkara çıxandan sonra yaradılmışdı.
SOCAR-ın “Washington Post”a cavabı
SOCAR ABŞ-ın “Washington Post”da dərc olunmuş “SOCAR-ın 2013-cü ilin mayında Bakıda keçirilən konfransdakı məxfi rolu” adlı məqalə ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir: “Biz ”Washington Post" nəşrində dərc olunmuş “SOCAR-ın 2013-cü ilin mayında Bakıda keçirilən konfransdakı məxfi rolu” adlı məqalə ilə əlaqədar ciddi narazılığımızı ifadə edirik. SOCAR heç vaxt konfransdakı iştirakını gizlətməyib və məqalədə qeyd olunduğu kimi, SOCAR-ın loqosu və adı Bakıda keçirilən konfransda əks olunub. SOCAR qeyd olunan məsələ ilə əlaqədar heç vaxt təhqiqatın obyekti olmayıb. Çünki SOCAR-ın Bakıda keçirilən konfransın maliyyə sponsoru olması faktını ictimaiyyətə səfəri təşkil edən sponsorlar bildirməli idilər. Səfər təşkilatçılarının qaydalara əməl etməməsi təəssüf doğurur və bu məlumatların niyə açıqlanmaması bizə aydın deyil. SOCAR məsələnin aydınlaşdırılması üçün köməkliyini göstərməyə hazırdır və yerləşdiyi mühüm regionla əlaqədar qanunverici orqanları təmsil edən şəxslərin iştirakı ilə keçiriləcək tədbirlərə sponsorluq etməyi səbirsizliklə gözləyir".
Konqressmenlərin mövqeyi
“The Washington Post”un məqaləsinə daha bir reaksiya konqressmenlərdən gəlib. Hesabatda adları çəkilənlər ABŞ Nümayəndələr Palatasının üzvləri Cim Bridenstine, Yvette Clark, Danny Davis, Ruben Hinocosa, Sheila Cackson Lee, Leonard Lance, Michelle Lucan Grisham, Gregory Meeks, Ted Poe, və hazırda vəzifədə olmayan Steve Stockman-dır. Hesabatda Ted Poenun təhqiqatçılarla “tam əməkdaşlıq etmədiyi” bildirilir. Texasdan olan Respublikaçının sözçüsü Shaylyn Hynes “Azadlıq” radiosuna deyib ki, qəzetin yazdıqlarının əksinə olaraq, Poe etika komissiyası ilə işləyib.
Demokrat Lucan Grishamın sözçüsünün “Azadlıq” radiosuna dediyinə görə, “Konqres üzvü etika ofisinin qaydalarına ciddi yanaşır, ona görə də səfərə çıxmamışdan Etika Komitəsinin yazılı icazəsini alıb”.
Texasdan olan demokrat Hinocosa elektron məktubla bildirib ki, özünün və həyat yoldaşının Azərbaycana səyahəti üçün yazılı icazə alıb və “inanıb ki, Bakıya səfərin məqsədi Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin gücləndirməkdir”.
“Qəbul etdiyim suvenirlərin qiymətinin az olduğunu düşünürdüm. Səfərdən bir il sonra öyrəndim ki, bu səfərin maliyyə mənbəyi araşdırılır. Işçilərim və mən təhqiqatla tam əməkdaşlıq etmişik" deyə, Hinocosa yazıb.
Oklahomadan olan respublikaçı Bridenstine “Azadlıq”radiosuna elektron məktubunda yazıb ki, Postun yazdığı kimi 2500 və 3500 dollar dəyəri olan xalçaları qaytarıb. Nümayəndələr Palatasının üzvü qiyməti 350 dollardan olan hədiyyə qəbul edə bilməz.
“Mənə 87 dollar dəyəri olan çini çay servizi də verilmişdi, bir kitab və 4 yerli milli musiqi CD-ləri də hədiyyələr içində idi” – Bridenstine deyib.
Konqresmen Bakıdakı konfransın ona “regiondakı geosiyasi durumu anlamaqda kömək etdiyini” söyləyib. “Azərbaycan Rusiyanın ərazi ambisiyalarını azaltmaq üçün nadir mövqedə yerləşir”.
Mehman Əliyev: “Bu məqamların indi meydana çıxması hakimiyyətə qarşı aparılan beynəlxalq kampaniyanın tərkibidir”
“Turan” Inofrmasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, bu tip məqalənin indiki mərhələdə işıq üzü görməsi maraq doğurur. SOCAR-ın bu tip proqramları maliyyələşdirdiyi və qonaqlara bahalı həddiyyələr verdiyinin məlum məsələ olduğunu deyən M.Əliyev bildirdi ki, tədbir iştirakçıları Bakıdakı “Palm Cumeirah” otelində qalırdılar: “Bütün xərclər ARDNŞ-in boynuna idi. Sadəcə olaraq bu məqamların indiki zamanda meydana çıxması Azərbaycan hakimiyyətinə qarşı aparılan beynəlxalq kampaniya çərçivəsindədir. Avropa Oyunları ərəfəsində bu cür məlumatların beynəlxalq mətbuatda yer alması təsadüfi deyil. Bu çox ciddi bir mesajdır”.
M.Əliyev hesab edir ki, yaxın zamanlarda Konqressdə Azərbaycanla bağlı növbəti müzakrələrin keçirilməsi istisna deyil. Və bu məlumatlardan Azərbaycan tərəfindən çıxış edən konqressmenlərin susdurulması üçün istifadə ediləcəyi istisna deyil. “Kimlərsə Azərbaycan hakimiyyətini müdafiə etmək istəsə, indiki məqamda bu mümkün olmayacaq. Çünki bu cür məqalələrin işıq üzü görməsi müdafiəni imkansız edir”, deyə M.Əliyev vurğuladı.
Hikmət


