«Basqınçı əməllərinə görə Rusiyanı qınayırıq»

NATO baş katibi Yens Stoltenberq Rusiyanı sərt tənqid edib. Antalyada keçirilən NATO-Ukrayna komissiyasının iclasından sonra açıqlama verən baş katib bildirib ki, təmsil etdiyi Alyans Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini qətiyyətli şəkildə davam etdirir: «Ukraynanın öz müqəddəratını həll etmək haqqına hörmət edilməlidir. Belə bir mərhələdə kənardan müdaxilə olmamalıdır. Basqınçı əməllərinə görə Rusiyanı qınayırıq. Və rəsmi Moskvanı beynəlxalq sazişlərə tam əməl etməyə çağırırıq. Rusiyanın Krımı ilhaq etməsi qanunsuzluqdur. Bunu tanımamışıq, tanımayacağıq. Rusiyanın Krıma davam edən hərbi müdaxiləsini də qınayır, Qara dəniz bölgəsində hərbi gücünü artırmaq istiqamətindəki səylərindən dərin narahatlıq keçirdiymizi bəyan edirik. Bu cür addımlar bölgənin təhlükəsizliyinə təhdiddir. Minsk sazişi Ukraynanın şərqində münaqişənin diplomatik yolla və dialoqla həlli üçün ən yaxşı fürsətdir».
 
NATO baş katibi onu da bildirib ki, Rusiya Ukraynadan, ölkənin sərhədlərindən əsgərlərini və hərbi texnikasını çəkməlidir. Həmçinin siyasi çözümə yönəlik addımlar atmalıdır.
 
Ukraynadakı islahatları alqışladıqlarını deyən Yens Stoltenberq demokratik gələcəyə gedən yolun islahatlardan keçdiyini qeyd edib: «Ukraynanın özünümüdafiə güjünü artırmaq üçün əməkdaşlığı davam etdiririk. Ukraynaya dəstək çərçivəsində NATO Kiyevdəki ofisini gücləndirib. Alyans tərəfindən Ukrayna hökumətinə və Müdafiə Nazirliyinə məsləhətçilər göndərilib».
 
Gültəkin