AXCP hakimiyyəti düşmənçilikdən əl çəkməyə çağırdı

“Üzvlərinə qarşı belə qəddar münasibət AXCP-ni tutduğu yoldan çəkindirə bilməz, əksinə, mübarizəsində daha da qətiyyətli edir”

AXCP üzvləri Murad Ədilova 6 il həbs cəzasının verilməsi, Elvin Abdullayevin isə təcridxanada işgəncəyə məruz qoyulması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

"Hakimiyyətin AXCP-yə qarşı düşmən münasibəti və repressiyası davam edir. Mayın 14-də partiyanın mətbuat xidmətinin rəhbəri və tanınmış jurnalist Natiq Ədliovun qardaşı, AXCP Sabirabad şöbəsinin üzvü Murad Ədilov məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Murad Ədilov özünün siyasi mənsubiyyəti və qardaşının fəliyyətinə görə narkotiklə şərlənərək həbs edilib. Onun şərləndiyi və siyasi motivlərlə həbs olunduğu məhkəmənin gedişində də təsdiqini tapdı. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, Murad Ədilovun üzünə duran iki şahiddən biri narkomandır və Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır. Mərkəz Murad Ədilovun vəkilinin sorğusuna cavabında bunu təsdiqləyən arayış da verib.

Mayın 14-də həbs edilmiş digər AXCP fəalı Elvin Abdullayevin də məhkəmə prosesi keçirilib. Proses zamanı bəlli olub ki, Elvin Abdullayev saxlandığı Bakı İstintaq Təcridxanasında “karsa” salınaraq işgəncəyə məruz qoyulub. Onu əqidəsini dəyişmək, siyasi mövqeyindən imtina etmək tələbilə günlərlə ac-susuz saxlayıblar, qəddarlıqla döyüblər. Elvin Abdullayev də günahsız yerə şərlənərək həbs olunub, siyasi mövqeyinə və fəaliyyətinə görə cəzalandırılır.

AXCP həm məhkəmənin Murad Ədilova siyasi sifarişlə 6 il həbs cəzası verməsinə, həm də Elvin Abdullayevin təcridxanada zorakılığa məruz qoyulmasına sərt etirazını bildirir. AXCP bəyan edir ki, üzvlərinə qarşı belə qəddar münasibət onu tutduğu haqlı yoldan çəkindirə bilməz. Əksinə, hakimiyyətin bu münasibəti AXCP-ni öz mübarizəsində daha da qətiyyətli edir.

AXCP bildirir ki, hakimiyyət guya müxalifətlə dialoqa hazır olduğunu göstərmək istədiyi bir vaxtda əsas rəqibinə qarşı bu cür ədalətsiz və sifarişli hökmlə, qərəzli və qəddar davranışla yalnız özünü ifşa edir. Bəlli olur ki, hakimiyyətin müxalifətlə sivil, qanunlar və siyasi mədəniyyət çərçivəsində münasibət qurmaq fikri yoxdur, müxalifətlə dialoq barədə deyilənlər həqiqətən də gözə kül üfürməkdir. Hakimiyyət müxalifətə qarşı repressiya və düşmənçilikdən əl çəkmək niyyətində deyil.

AXCP həm Murad Ədilovun, həm də Elvin Abdullayevin qanunsuz və siyasi sifarişlə həbs olunduğunu bir daha vurğulamaqla onların azadlığa buraxılmasını tələb edir. AXCP tələb edir ki, təcridxanada Elvin Abdullayevə qarşı baş vermiş zorakılıq və işgəncə faktı obyektiv şəkildə araşdırılsın, bunu edən günahkarlar cəzalandırılsın.

AXCP hakimiyyəti bu cür zorakı addımlarla ictimai-siyasi münasibətlərə əlavə gərginlik gətirməməyə, vətəndaşlar və dövlətin taleyinə, eləcə də özünün gələcəyinə görə daşıdığı məsuliyyəti nəhayət, dərk etməyə, tarix qarşısında cavab verəcəyini unutmamağa çağırır".