“Oliqarx ovu” ilə bağlı yeni təfərrüatlar

Dünyamin Xəlilovun şirkətinin bütün işçiləri «Bandotdel»ə aparıldı; Hacı İbrahimin sərbəst buraxılması təsdiqlənmədi
 

Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sabiq sədri Cahangir Hacıyevin brend mağazası cərimə olunub.  AzNews.az-a daxil olan məlumata görə, cəriməni Cahangir Hacıyevin françayzeri olduğu “Harvey Nichols” şirkəti edib. Şirkət Azərbaycan nümayəndəliyini onun adına xələl yetirməkdə ittiham edir. Buna görə də “Harvey Nichols” Cahangir Hacıyevi 25 milyon dollar cərimə edib. Şirkətin Azərbaycandakı rəsmi distribyutoruna 3 gün vaxt verilib. Bu müddət ərzində cərimə ödənilməzsə, “Harvey Nichols” şirkəti françayzinq müqaviləsini pozaraq, adını geri götürəcək.
Məlumat üçün bildirək ki, françayzinq bir şirkətin öz əmtəə nişanından istifadə edilməsinə rəsmi icazə verməsidir. Françayzer onun əmtəə nişanından istifadəyə görə digərinin gəlirindən müəyyən faiz alır.
“Harvey Nichols”un Bakı nümayəndəliyinin ofisi “Globus Plaza”da yerləşir. “Globus Plaza”nın rəhbəri, sabiq deputat Dünyamin Xəlilovun da “Cahangir Hacıyev işi” ilə bağlı “Bandotdel”ə aparıldığı bildirilir. Plazanın özü isə polis nəzarətinə götürülüb, mağazaların kassaları möhürlənib və plazada axtarış işləri aparılıb.
Bu arada məlumat yayılıb ki, “Cahangir Hacıyev işi” üzrə həbs edilənlərdən 14-ü sərbəst buraxılıb. Lent.az-ın xəbərinə görə, buna səbəb həmin şəxslərin kredit borclarını tamamilə ödəməsi olub.
Qeyd edək ki, Cahangir Hacıyevin özü barədə dəqiq məlumat yoxdur. Bəzi iddialara görə, o nəzarət altında saxlanılır.

Dünyamin Xəlilov mallarına endirim etdi

Cahangir Hacıyev işi üzrə “Bandotdel”ə aparılan “Globus Plaza” şirkətinin rəhbəri, keçmiş deputat Dünyamin Xəlilov isə borcunu qaytarmaq üçün sahibi olduğu “Harvey Nichols” mağazasında satdığı mallara böyük endirim elan edib.
Bu məlumatı virtualaz.org saytına “Globus Plaza”nın əməkdaşları veriblər. Onların sözlərinə görə, obyektin sahibi elit firmanın məhsullarını misilsiz endirimlə satışa çıxarıb. Həmin mallara 60 faiz endirim elan edilib. Rəhbərliyin bu addımı atması onun nağd pula kəskin ehtiyacının yaranması ilə izah olunur.
Iddialara görə, Dünyamin Xəlilov banklardan öz əməkdaşlarının adına bir neçə milyon manatlıq kredit götürməkdə ittiham olunur.

“Globus Plaza”nın işçiləri “Bandotdel”ə aparılıb

Dünyamin Xəlilova məxsus “Globus Plaza” şirkəti adından “Azadlıq” qəzetinə müraciətdə isə bildirilir ki, şirkətin bütün işçiləri Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində (“Bandotdel”) dindirməyə cəlb olunub. “Globus Plaza” biznes mərkəzində yerləşən “General Construction” MMC-nin direktoru ilə yanaşı müşavirləri, tikinti departamentinin mütəxəssisləri və hətta sürücüləri, mühafizəçiləri, xadimələri də dindirilir.
Müraciətdə deyilir ki, dindirməyə cəlb olunan bu şəxslər ayda 400-500 manat məvacib alan sadə işçilərdir. Onların bəziləri keçmiş deputat Dünyamin Xəlilovun yaratdığı şirkətlərdə formal olaraq direktor vəzifəsi daşıyırlar.
Müraciətdə qeyd olunur ki, həmin şirkətlərin aşağı dərəcəli əməkdaşları olan 1000 nəfərdən artıq şəxsin adına kreditlər götürülüb. Həmin şəxslər sadəcə işlərini itirməmək üçün kredit sənədlərinə imza atıblar. Onların çoxu kirayələrdə yaşayırlar, kasıb insanlardır. Kreditləri alan şəxslər isə ortada yoxdurlar.

Nizami Piriyevin oğlu 1 milyard dollar borc alır

Bu prosesdə həbs edilən Nizami Piriyevin oğlu Nəsib Piriyev isə Londonda 1 milyard dollar borc alır. “Marja” xəbər verir ki, bu barədə rəsmi məlumat press-relizlər yayan “PRNewswire” agentliyində yer alıb. Məlumatda təbii ki, Nizami Piriyevin Bakıda DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həbs olunması haqda heç nə deyilmir.
Press-relizdə qeyd olunur ki, Azərbaycanın Metanol Şirkəti – AzMeCo Group – London Fond Bircasında satılacaq bir milyard dollarlıq istiqrazlarının emissiyasını elan edib.
“Beynəlxalq bazar üçün metanol ixrac edən, Azərbaycanda fəaliyyət göstərən özəl sektorun aparıcı neft-kimya şirkəti olan AzMeCo (Azərbaycan Metanol Şirkəti) , London Fond Bircasında satılacaq bir milyard dollar istiqrazlarına yerləşdirmək niyyətində olduğunu bəyan edib.
11 aylıq gərgin fəayyətdən sonra, mən məmnuniyyətlə bəyan edirəm ki, komandamız Azərbaycan Metanol Şirkəti MMC-nin yenidən maliyyələşdirməsi üçün beynəlxalq təşkilatlarla əsas müqavilələri tamamladı. Gəlirlər biznesin davamlı inkişafı və Azərbaycan Beynəlxalq Bankından alınan kredit borcunu qaytarmaq üçün istifadə olunacaq", – deyə Nəsib Piriyev bildirib.

Ən çox borc Hacı İbrahimindir

Diasporla Iş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim Ibrahimovun qardaşı Hacı Ibrahim Nehrəmli ilə bağlı da yeni xəbər var. Qeyd edək ki, Hacı Ibrahim Nehrəmli də “Bandotdel”ə aparılıb. Sonradan onun sərbəst buraxıldığı barədə xəbər yayılsa da, həbs olunan oliqarxların işi üzrə vəkillərdən biri məlumatı təkzib edib. O, virtualaz.org-a bildirib: “Ən çox borcu olan şəxs Hacı Ibrahimdir. Mənim müdafiə etdiyim şəxsin borcu Hacı Ibrahimin borcundan azı 10 dəfə azdır, amma onu hələ buraxmayıblar. Əksinə, axtarış da aparıblar. Bu halda Hacı Ibrahimi necə azad edə bilərlər? Ən azı saat 23:00-a qədər Hacı Ibrahim hələ orada idi. Belə hadisələrdən sonra o təcridxanadan heç kimi buraxmırlar”.