Hasardan boylanan xalq

xaqaniquzeyli@gmail.com
 
Yazıma Cəfər Cabbarlının təxminən bir əsr bundan əvvəl yazdığı “Sevil” pyesindən unudulmaz bir epizodla başlamaq istəyirəm. Dostlarını qonaq çağıran Balaş, savadsız xanımı və qoca atası ilə nə edəcəyini düşünür. Arvadını xadimə kimi təqdim edən Balaş, ölü paltarı geydirdiyi atasını isə… ümumiyyətlə, gizlətməyi qərara alır. Yəqin ki, həmişə olduğu ki, bu dəfə də nədən yüz il bundan əvvəlki “söhbətə” qayıtmağımı təəccüblə qarşılamayacaqsınız. Artıq siz də öyrəşmisiniz. 
Bəli, əziz oxucu, YAP üsul-idarəsi bizə daima Azərbaycanın keçmişini xatırlatmağa məcbur edir, desəm, yəqin ki, mənə haqq verəcəksiniz.
Bugünkü Azərbaycanda elə vaqiələr baş verir ki, onun analoqunu tapmaq üçün istər-istəməz bir neçə əsr geriyə səyahət etməli oluruq.
…Söz vaxtına çəkər, təxminən bir il bundan öncə yolüstü Ismayıllıdan keçirdik. Orada bir neçə dəfə olduğuma baxmayaraq, ondan buranın doğrudan da rayon mərkəzi olub-olmadığını soruşdum. Desəm ki, Ismayıllını zorla tanıdıq, bəlkə də inanmayacaqsınız. Şəhər, demək olar, görünmürdü, hündür hasarların əhatəsində idi. Işin ən maraqlı tərəfi o idi ki, bu hasarların təxminən hər yüz metrində orta əsr üslubunda qala qapıları inşa edilmişdi. Qədimdə yadelli işğalçılardan qorunmaq üçün şəhəri hasarlayırdılar. Burada isə, vəziyyət tamam başqa cür idi, şəhərin kənarı yox, məhz mərkəzi, inzibati məkan hasarlanmışdı. Yəni qapılar bağlanır və əhalinin şəhər mərkəzinə girişi məhdudlaşdırılır. Hakimiyyətin bunu məlum Ismayıllı hadisələrindən sonra etməsi, o deməkdir ki, əhali yenidən qalxsa, onların qarşısını almaq bir qədər asan(!) olacaq. Bu hasarlar həm də Ismayıllı hadisələrindən rejimin çıxardığı nəticədir, loru dildə desək, hünəriniz var, indi gəlin!? deməkdir. Ötən ay yolum Qubaya düşmüşdü, Ismayıllı qədər olmasa da, orada da lazımı işlər (!) görülüb. Fürsətdən istifadə edib, hər iki rayonun əhalisinə çatdırmaq istəyirəm ki, əgər gələcəkdə qalxmaq fikrinə düşsələr, mühasirədə olduqlarını nəzərə alsınlar… 
Bildiyiniz kimi, Avropa Oyunları ilə əlaqədar… Bakıda da arzuolunmaz ərazilər (!) elan olunub. Həmin yerlər daş hasarla yox, penoplast adlanan materialla hasarlanır. Məqsəd həmin əraziləri şəhərimizə oyunlarla əlaqədar gələn xaricilərdən gizlətməkdir. Ilk baxışdan burada o qədər də təəccüblü bir şey yoxdur. Doğrudan da, Bakıda elə yerlər var ki, onların hansısa bir şəkildə müvəqqəti gizlədilməsi məqsədəuyğun olardı. Məsələn, bərbad şəkildə qazılmış “kotlavan”, yarımçıq tikinti obyekti, kanalizasiya suları axan göl və s. Lakin böyük bir şəhərin, demək olar, yarısından çoxunu gizlətmək, razılaşın ki, ağlasığmazdır. 
Əvvəlcə, penoplast adlanan materialın tərkibi və birbaşa təyinatı haqda qısaca məlumat verək. Qazdan alınan bu material, əsasən iri məişət cihazlarının qablaşdırılmasında və tikintidə daxili izolyasiya üçün istifadə olunur. Penoplastdan tikintidə istiliyi saxlamaq, səs-küyü azalatmaq üçün istifadə edirlər. Onun hasar, binaların fasadlarına  üzlük kimi çəkilməsi isə absurd, ən əsası isə təhlükəli  ideyadır. Bu material hətta günəş istisindən belə alovlana bilər. Bu yaxınlarda onun necə yandığının şahidi olduq. Böyük bir binanı, demək olar, külə döndərdi… Bu qədər…
Gələk məsələnin o biri tərəfinə, yəni penoplast hasarların arxasında yaşayan on minlərlə insanlardan. Onlar üçün Avropa Oyunları çoxdan başlayıb. Təxminən bir neçə aydır ki, bu hasarların arxasında yaşayanlar onsuz da çətin olan həyatları bir az da çətinləşib. Eybi yox, dözəcəklər. Lakin… 
Ən çətin günlər başlıqdan göründüyü kimi, qul bazarlarında duraraq, ailəsinə gündəlik çörəkpulu aparan soydaşlarımız üçün olacaq. Iş elə gətirib ki, qul bazarlarının hamısı idman komplekslərinə yaxın məsafədə yerləşir. Yəqin ki, oyunlar zamanı Bakıda qul bazarları yığışdırılacaq. 
…O günlərdə neçə körpə ac qalacaq, neçə xəstə dərman ala bilməyəcək, neçə evdə qazan qaynamayacaq. 
…O günlərdə xarici idmançılar dövlətin hesabına yeyib-içib, Bakının penoplastla hasarlanmamış hissəsində gəzəcəklər. Sonradan məlum olacaq ki, onlar öz ölkələrinin üçüncü-dördüncü dərəcəli idmançılarıdır. Kədərlidir, deyilmi?..
Görəsən, Cəfər Cabbarlı sağ olsaydı, “Sevil” pyesinin ardını yazar, yoxsa Prezident təqaüdü alardı? 
Çətin sualdır.