Mənim bəlalı başım
Orxan Valehli
Dünyaya gəlişim necə ağır keçmişdisə, yuxudan oyananda artıq günorta idi. Başıma gələn bu bədbəxt hadisə olmasaydı, bəlkə də axşama qədər yatardım. Yumru bir dəmir parçasının sarsıdıcı zərbəsi ilə oyandım. Dəmir parçası mənimlə bərabər sahibimin cibindəki bütün pulları əzmişdi. Mən ağladığım halda, onlar halıma gülürdülər. Görünür, onların başına belə işlər çox gəlmişdi. Belimin ağrısından güclə dikəldim və dəmir parçasına acıqlı-acıqlı baxdım. Sonra anladım ki, o, adicə dəmir parçası deyil, pul imiş-dəmir pul. Adı da qəpikdir. Yəni, mənim bir parçam. Qəpik öz başına gələnləri danışdıqca düşünürdüm ki, mənim başıma gələnlər bunların yanında heç nədir. O ən çox uşaqların əlindən zara gəldiyini deyirdi. Onu var gücləri ilə divara vururmuşlar. Bu zülmün adına da oyun deyirmişlər. Belə də oyun olar? Yazıq qəpik, bəzən bilərəkdən itirmiş. Uşaqlar nə qədər axtarsalar da, tapa bilmirmişlər. Qəpik deyir ki, güclü yağış başlamasaydı, heç üzə çıxmaq fikrim yox idi. Yazıq qorxub ki, yağışın yaratdığı palçıqlı gölün içində boğulub ölər… Qəpik başına gələn bədbəxt hadisələri danışandan sonra ona yazığım gəldi və incikliyim ötüb keçdi. Onlara yazığım gəlməsinə baxmayaraq, yanlarında çox lovğalanırdım. Eşitdiyimə görə, mən “dollar”dan da üstünəm. Qarşımı kəsən və məndən üstün olan rəqibim Avro imiş. Sonra da aydın oldu ki, lovğalığım əbəsdir, mən yalnız öz ölkəmdə keçərli sayılıram. Bu baxımdan, onlar məndən qat-qat üstündür. Onlar mənim ölkəmdə əl-qollarını sallayaraq gəzdiyi halda, mən onların ölkəsində heç nəyəm…İndiki kimi yadımdadır, bir dəfə belə bir təhlükə ilə rastlaşmışdım. Ölkəmizə bir turist gəlmişdi və mən onun cibinə düşmüşdüm. Turist şəhəri gəzib hər mağazaya yaxınlaşdıqca, dua edirdim ki, məni xərcləsin. Ölkəmizə gələn qonağın dilini bilmirdim. O, ingilis idi. Mən onun cibində bir dollarla dostlaşmışdım. Dollar ölkəmizdə çox olduğundan, bizim dili də bilirdi. Qonağa zəng gəldi və dolların kefi pozuldu. Dedi ki, deyəsən ayrılıq vaxtı çatıb. Sahibimiz artıq vətəninə geri dönür. Çox güman ki, o, məni özü ilə aparacaq, səni isə öz ölkənə satacaq…Gecəni bir təhər yatdıq. Dollar məndən ayrılmağın dərdini çəkir, mən də öz ölkəmdən ayrı düşə biləcəyimin qorxusunu yaşayırdım. Ən ağırı o idi ki, mən dərdimi dollara deyə bilmirdim. O inciyə bilərdi. Sabah açıldı və sahibimiz tez-tələsik qaçmağa başladı. Deyəsən, gecikmişdi. Bu çox pis xəbərdarlıq idi. Tələsən adam öz ehtiyacını almağı unudur və nəticədə, mən onun cibində qalıram…Tam ümidimi itirmişdim ki, sahibim məni qulağımdan tutub cibindən çıxardı və bir qutu siqaretə dəyişdi. Doğrusunu desəm, ilk dəfə məni dəyişən adama bu qədər sevgi ilə baxdım. Qonağı yola salandan sonra satıcının cibində büzüşüb yatdım. Öz ölkəmin vətəndaşının cibindən gələn tər qoxusu necə də xoşdur…


