“Azərbaycan xalqı demokratik cəmiyyətdə yaşamağı haqq edir”

Türkiyənin Bakıdakı keçmiş səfiri, CHP-çi millət vəkili Loğoğlu “Azadlıq”a danışdı

Türkiyə xarici siyasət prioritetlərini dəqiqləşdirməlidir

O zaman Azərbaycanla bağlı siyasət Heydər Əliyevin kəskin etirazı ilə qarşılanmışdı

Osman Faruk Loğoğlu 1996-98-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri olub. Bu ay Türkiyədə keçirilən seçkilərdə Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq Böyük Millət Məclisinin üzvü seçilib. Keçmiş diplomatın və indiki millət vəkilinin Azərbaycanla bağlı söhbətləri nə qədər diplomatik olsa da, hər halda Türkiyənin Azərbaycanla bağlı siyasətinə işıq salır.

– Sayın millət vəkili, partiyanızdakı durumla bağlı bir söz soruşmayacam. Burada daxili müzakirələrin kənara çıxmasının partiya sədri səviyyəsində tövsiyə edilmədiyini bilirəm. Amma siz bir diplomatsınız və Türkiyənin xarici siyasətində uzun illər yer almısınız. Bu baxımdan, Türkiyənin aid olduğu geosiyasi məkanda, Yaxın Şərqdə baş verənlərə münasibətiniz barədə bəzi məsələləri sizinlə müzakirə etmək istərdim. Özəlliklə, ərəb dünyasında baş verənlərlə bağlı Türkiyənin münasibəti barədə. Bu münasibət və müdaxilələr nə dərəcədə səmərəlidir, hansı yanlışlıqlar olmuşdur, daha nələri etmək olardı?
– Türkiyə və ərəb dünyası mövzusunda iki mühüm xətti bir-birindən ayırmaq lazımdır. Bunlardan birincisi, Türkiyənin ərəb-Israil münaqişəsinə müdaxilə etməsidir. Bu barədə danışmayacağıq və yəqin ki, sizi də Türkiyənin “ərəb baharı” adlandırılan prosesə qatılması maraqlandırır. Tunisdən başlayan, Misirdə və Liviyada davam edən, indi də Suriyada baş qaldırmış bu olaylar qarşısında Türkiyənin qatılım səviyyəsinin məni qane etmədiyini söyləyəcəyəm. Bu olaylar demokratiyanın olmaması üzündən baş vermişdir. Orada insanlar, cəmiyyət demokratiyanın – insan haqlarının, hüququn üstünlüyünün olmadığından yana ayağa qalxmışlar. Türkiyə regionun iri dövlətlərindən olaraq öz xarici siyasətini bu prioritetlər üzərində qurmayıb. Amma qurmalı idi. Türkiyə bu bölgədə də provokativ deyil, reaktiv, olayları önləyən deyil, onların arxasınca gedən bir siyasət izləmişdir və təəssüf edirəm ki, bu, davam etməkdədir. Türkiyə liderlərinin Müəmmər Qəzzafi ilə ilişkiləri çox yaxın idi. NATO Liviyaya müdaxilə planının müzakirəsinə başlayanda Türkiyə “NATO-nun Türkiyədə nə işi vardır” kimi bir münasibət göstərdi. Əlbəttə, NATO-da bütün qərarlar yekdil səslə qəbul edilir. Türkiyə bu qərarların qarşısına çıxa bilərdi, öz mövqeyini əsaslandıra bilərdi. Amma sonradan proseslərin geridönməz şəkil aldığı zaman Türkiyə Liviyaya müdaxiləyə qatıldı. Bunu əvvəldən etmək daha doğru olmazdımı? Indi Suriyada baş verən hadisələrə də bu cür münasibət göstərilir. Indi Türkiyənin “Bəşər Əsədli bir Suriya, ya Bəşər Əsədsizmi Suriya” mövzusunda Türkiyə konkret bir mövqeyə sahib deyil. Amma bu qərarlar Türkiyədən çıxmalıdır. Türkiyənin xarici siyasətindəki tərəddüdlərin davam etməsi bu hadisələrə yaxşı təsir göstərmir. Baxın, hətta ərəb sokaklarında belə inanılmaz dərəcədə populyar olduğu iddia edilən başbakanımız var. Amma devrimlərin yer aldığı ərəb ölkələrində Türkiyə modelinə üstünlük verənlər qalmadı. Çünki Türkiyə bu proseslərin önünə keçməyə cəsarət etmədi.
Türkiyə ərəb inqilabları başlamazdan çox-çox əvvəllər o ölkələrdə demokratiya problemlərini qaldırmalı idi. Amma gec də olsa, heç olmazsa, hadisələr başlananda bu məsələni gündəmə gətirən ilk ölkələrdən olmalı idi.

Türkiyə başqaları ilə danışdığı kimi, Azərbaycanla danışa bilmir

– Sizinlə şərikəm. Amma buraya mühüm bir detalı da əlavə etmək istəyirəm. Türkiyə Cənubda ərəb ölkələri ilə bir məkanı bölüşür. Şimalda isə başqa bir məkanla – Qafqazlarla və hətta üzü Şərqə doğru özünün təbii müttəfiqləri sayıla biləcək Orta Asiya cümhuriyyətləri ilə də ortaq mənafeləri bölüşür. Siz onu vurğulamaq istərmisiniz ki, Türkiyə bu bölgələrdə də demokratiyanın, insan azadlıqlarının təməl prinsip olduğunu vurğulayan xarici siyasət yürütməlidir?
– Qafqazlarda da durumu iki baxımdan dəyərləndirmək olar. Bu bölgədə Türkiyə Gürcüstan və Ermənistanla daha aşkar və daha kateqorik danışa bilir. Çünki bu ölkələrlə Türkiyə eyni coğrafiyanı bölüşən qonşu ölkələrdir. Amma Azərbaycanla Türkiyə arasında daha özəl bağlantılar var. 1996-cı ilin sentyabrında mən Azərbaycanda diplomatik fəaliyyətə başlayanda media qarşısındakı çıxışımda da demişdim ki, biz “Türkiyə və Azərbaycan iki dövlət, bir millət formulunu seçmişik. Amma daha çox ”bir millət” anlayışına üstünlük verib, bu formulun o biri tərəfi olan “iki dövlət” anlayışının da olduğunu qəbul etməliyik. Yəni, nəticə etibarı ilə iki dövlət var və bu dövlətlər arasında münasibətlər də müzakirə mövzusu olmalıdır.
Bir qədər əvvəl mən qeyd etdim ki, Türkiyə ərəb ölkələrinə yönəlik siyasətində demokratiya və insan haqları prioritetini əvvəlcədən müəyyən etməli idi. Bu baxımdan, dövlətin xarici siyasətinin Azərbaycana və ya Orta Asiyaya aid xəttində də bu təsirlər yoxdur. Bu, əlbəttə, doğru deyil. Amma bundan sonra nə olmalıdır? Yəqin siz də etiraf edərsiniz ki, o coğrafiyada Türkiyə ilə etnik-tarixi bağlılığı olan cümhuriyyətlərə, Özbəkistana, Türkmənistana nisbətən Azərbaycanda daha münasib siyasi sistem var. Əlbəttə, mən onu da qəbul edirəm ki, Azərbaycan xalqının təsəvvürünə görə bunlar təqdiredici olmaya bilər.

– O zaman mən sizə yardım edə bilərəm. Mənim bildiyimə görə, Şərqə doğru uzanan coğrafiyada yalnız Özbəkistanın və ya Türkmənistanın Azərbaycandan geridə qaldığını söyləmək də doğru olmazdı. Mən qəti olaraq düşünürəm ki, Azərbaycandakı siyasi sistem müəyyən mənalarda Çindən, Birmadan (Myanmadan), Banqladeşdən, üzü cənuba doğru Zimbabvedən qabaqcıl ola bilər. Amma Azərbaycanın Avropa yaxasında olan bir ölkə olduğunu, Şərqdə ilk demokratiyanı yaradan, indi isə hələ də rəsmən imtina edilməmiş siyasi kursa görə Avropaya inteqrasiya yolunda olan bir ölkə olduğunu qəbul etməliyik.
– Əlbəttə, mənim danışdıqlarım o demək deyil ki, orada çözümlənməmiş çox ciddi sorunlar yoxdur. Təbii ki, bu cür problemlər hələ də qalmaqdadır. Azərbaycan xalqı media azadlıqlarının, toplaşma azadlıqlarının, demokratik azadlıqların var olduğu bir cəmiyyətdə yaşamağı haqq edir.

Əsas sual budur: Azərbaycan geriyəmi gedir, irəliyəmi?

– Məsələn, Türkiyədə olduğu kimi…
– Türkiyədə də demokratiya problemləri var. Amma burada ən azı, ədalətli seçki sistemi var. Bu günlərdə yapılan seçimlər də bunu təsdiqləyir. Təbii, mən bunu daha çox öz adımdan deyirəm, partiyanın mövqeyi kimi təqdim etməyə bilərsiniz. Doğrudur, bu seçkilərdə də bəzi problemlərin, rahatsızlıqların olduğu qeydə alınmışdır, amma mənim baxışımla ümumən azad və ədalətli seçkilər oldu. Biz Azərbaycanda da hüququn üstünlüyünə dayanan bir sistemin olmasını istərdik. Bu prosesin gedişində daha çox bir məqama diqqət yetirmək lazımdır: Azərbaycan getdikcə daha çox içinə qapanır, daha çox avtoritar sistemə doğru geriyə dönür, yoxsa, bütün çətinliklərə baxmayaraq, azacıq sürətlə də olsa, irəli gedir?

– Təəssüf ki, geriyə dönüş, həm də, sürətlə geriyə dömüş müşahidə olunur. Xüsusilə, 2005-ci ildən sonra tam sürətlə avtoritarizmə doğru geriləmə baş verir.
– Mən sizi başa düşürəm. Sizin şəxsi təcrübələrinizi də nəzərə alaraq anlayıram. Azərbaycan daha yaxşı məqamı haqq edir. Azərbaycanda daha yeni bir nəslin ortalığa çıxması da əhəmiyyətlidir. Anladığım və sizin də təsdiq etdiyiniz kimi yeni nəslin nümayəndələri arasında, hətta internet üzərindəki fəaliyyətlərindən dolayı həbsə atılan siyasi dustaqlar da var.

– Mənə elə gəlir, siz də etiraz etməzsiniz ki, Sovet imperiyasının çöküşü kimi nəhəng hadisəyə Türkiyə regionda maraqları və bu maraqlara görə çalışmaq imkanları olan bir dövlət olaraq hazır olmadı. O zaman Türkiyə hadisələrin arxasınca hərəkət etməyə məcbur oldu. Indi, ərəb dünyasında baş verənlər sübut edir ki, dünyada qlobal olaraq avtoritar rejimlərin çöküşü başlanır. Ehtimal edilən yaxın zamanlarda, kim bilir, bəlkə də, bircə ildən sonra Qafqazlarda və Orta Asiyada da avtoritar rejimlərin çöküşü başlasa, Türkiyə yenədəmi hadisələrin arxasınca hərəkət etməli olacaq?
– Təbii, mən də hesab edirəm ki, daha aktiv siyasət yürütmək lazımdır. Cümhuriyyət Xalq Partiyası olaraq biz belə hesab edirik ki, Türkiyənin xarici siyasəti iki mühüm prioritet üzərində qurulmalıdır: Türkiyə dövlətinin təməl quruculuq anlayışları və Avropa Şurasının qəbul etdiyi ümumbəşəri demokratik azadlıqlar. Eyni dəyərlər Azərbaycana yönəlik siyasətdə də əsas götürülməlidir. Amma etiraf edirəm ki, Azərbaycanla bağlı siyasətimizdə bəzi özəlliklər və tarixi səbəblər nəzərə alınır.

YAP Türkiyədə kimə dəstək verirdi?

– Yəni, bizim suçumuz budur ki, biz qardaşıq?
– Yox, təkcə suç deməzdim. Bunun nə dərəcədə suç olduğunu deyə bilmərəm. Amma qardaşlığın gətirdiyi bir sıra ehtiyatlılıq da var. Suallarınızın içində də bir mühüm detalı vurğuladığınızı hiss edirəm: Tarixi səbəb deyəndə mən o qədər də uzaq tarixi qəsd etmirəm. 90-cı illərdə Türkiyə Azərbaycana yönəlik siyasətini bəzi prioritetlər üzərində qurmağa çalışdı. O zaman rəhmətlik Heydər Əliyevin bu siyasətə qarşı bəlli ölçülərdə təpkisi, yorumu da vardı…

– Tansu Çillər zamanında…
– Bəli. “Türkiyə onu yapdı, bunu yapdı” şəklində, bəlkə hələ də çözülməmiş bir sıra ünsürlər vardı. O zamanlardan başlayaraq Azərbaycanla Türkiyə arasındakı münasibətlərdə bir sıra özəlliklər nəzərə alınır.
Amma əlbəttə, indi bu siyasətin müəyyənləşməsində Türkiyə iqtidarının da bəzi qüsurları var. Açıq-aşkar müşahidə edilir ki, sayın baş bakanımız Türkiyənin xarici siyasətində ərəb faktorunu daha çox qabarıq görmək istəyir, nəinki daha qədim və daha təbii tarixi bağı olan Qafqaz və Orta Asiya faktorunu.

– Son olaraq, bir sualım olacaq. Bu seçkilərdə Yeni Azərbaycan Partiyasının bir heyəti Azərbaycandan Türkiyəyə gələrək AKP-nin seçim kampaniyasında iştirak etdi. Bunu necə dəyərləndirdiniz?
– Mən belə bir faktla bağlı məlumatlı deyiləm, təəssüf ki. Əgər belə bir hadisə olmuşsa, yanlış olmuş.

Söhbəti Qənimət Zahid apardı