Ora da qürbətdi, bura da qürbət…

İllər öncə Irandan xarici ölkələrə mühacirət edənlərin 60 faizinin Azərbaycan türkləri olduğunu açıqlayan bir yazı oxumuşdum. Faktlar göstərirdi ki, həmin mühacirlər əsasən ABŞ, Kanada, Avropa Birliyi ölkələri, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycana üz tuturlar. Amma maraqlıdır ki, bura köçüb gələnlərin çoxu da sonradan daimi yaşayış üçün Avropa və ya Amerikaya çıxıb gedirlər.ÿSon illərin statistikasına görə, hazırda Amerikada 1 milyon 400 min keçmiş Iran vətəndaşı yaşayır. Ikinci yerdə BƏƏ-dir ki, 800 min iranlıya ev sahibliyi edir. Böyük Britaniya və Kanada 410 min, Almaniyada 200 min, Fransada 155 min, Isveçdə 110 min Iran vətəndaşı var.ÿBunları niyə xatırlatdım? Çünki illər öncə cənublu soydaşlarımız haqqında ürək acısıyla oxuduğum o gerçəkləri artıq özümüz yaşamaqdayıq. Təkcə son 5-6 ildə ölkəni tərk edib gedənlərin sayı neçə nəfərdir, kim bilir…
Ali təhsil ocaqlarına imtahan üçün Azərbaycan tarixiÿ fənnindən belə bir test sualı salınıb: 20-30-cu illərin totalitar sosializm cəmiyyətində repressiyalar zamanı  Azərbaycandan mühacirət edənlərin çoxu harada məskunlaşırdı? Seçim variantına daxil edilən ölkələr Almaniya, Cənubi Azərbaycan, Türkiyə, Fransa və Ingiltərə olaraq göstərilib. Əslində, eyni sualı bu gün üçün də qoymaq olmazmı? Axı son 10 ildə qürbət ölkələrə baş alıb gedənlərin dəqiq sayı bilinməsə də, bunun böyük bir rəqəm olduğu kimsəyə sirr deyil. Acı reallıq ortada. Ayağı yer alan ölkədən çıxıb qaçmaq istəyir. Hansı ölkə olması belə önəmli deyil, təki baş götürüb qaçmağa bir yer tapılsın. Indi “haradan-haraya gəldik” – deyəcəm, ancaq bu sualın özündə belə çaş-başlıq var. Tarixi ən pis şəkildə dönə-dönə təkrarlamaq sanki bizim alnımıza yazılıb…
Mühacirəti cənnət, gözəl arzuların çiçəkləndiyi, böyük xəyalların qanad açdığı yer kimi təsəvvür edənlər də yanılır təbii. Bu ölkədəki problemlərdən yorulan, ağır həyatdan bezən, dirənməyə, savaşmağa gücü qalmayan, bəzən isə çıxıb getməyə məcbur edilən insanların çıxış yolu olaraq seçdiyi o qürbət ölkələrdə də çox zaman əzab-əziyyət gözləyir onları. Son zamanlar mediada və sosial şəbəkələrdə də dünyanın dörd yanına səpələnmiş mühacirlərimizin böyük hissəsinin xilas yolu olaraq nələrə əl atdığını, oralarda hansı “macəralar” yaşadığını oxuyursunuz hər halda. Axı indi çarəsiz, ümidsiz və bitkin şəkildə Avropa qapılarında dayanıb oturum üçün mərhəmət gözləyən insanların Azərbaycan adlı gözəl bir vətəni ola bilərdi. Axı imperiya divarları dağılıb töküləndə onlar bunu xəyal etmişdilər, azad, zəngin, sivil, hüququn hakim olduğu bir ölkədə yaşamağı… Avropa səviyyəsində, hələ bəlkə, ondan da üstün. Ola bilməzdimi? Olardı, əlbət. Ötən əsrin əvvəllərində cümhuriyyətçi babalarımız belə bir model yaratmadılarmı cəmi 23 ay arasında? Istək olsaydı, hökumət başına müdrik və gözütox adamlar gəlsəydi, nədən olmazdı ki?..
Bizim o gözəl arzularımız gözümüzdə qaldığındandır ki, indi buradan Avropaya doğru böyük bir mühacirət köçü uzanır. Bu işlək gücün, beyin axınının, gənclik enerjisinin ölkədən çıxması kimin vecinədir ki? Indi 8 milyarddan artıq pul xərcləyib, Bakıda Avropa Oyunlarına ev sahibliyi edən hökumət bu tədbirin niyə özünə qarşı çevrildiyi haqqında baş sındırır. Bu qədər siyasi həbslər olan yerdə Avropa brendli tədbirlər keçirmək, Avropanın yerişini yamsılamaqla müasir görünmək istəyi avropalaşmağa kömək edərmi? Etməz, şübhəsiz. Amma elə gözəl şeylər etmək olardı ki, o yüz minlər göz yaşları içində öz yurd-yuvalarını buraxıb avropalara üz tutmaq zorunda qalmazdı. Buradakı insanlar da öz vətənlərində qürbətdəkindən betər işgəncə çəkə-çəkə yaşamazdı. Bax o zaman Avropa özü öz ayağı ilə buralara gəlib çıxmış olacaqdı?