Ağlıma gəlməzdi ki, nə vaxtsa Seymur Həzini nobelçi Con Steynbekin “Qəzəb salxımları” kitabında tapacağam. Kitabla da, Seymurla da çoxdan tanışam, hətta hər ikisi ilə dost sayıla bilərik, fəqət onların yaxınlığını lap təzəcə hiss etmişəm. Con Steynbekin bu kitabı insan əzabı ilə yoğrulub. Işsizliyin, yoxsulluğun yaratdığı çarəsizliklər, əzablar, üzləşdirdiyi talesizliklər bəlkə də heç bir başqa əsərdə bu qədər dəhşətli görünmür. Oxuyarkən arada onu tullayıb, müəllifin qarasınca danışırsan, bəzən də qorxu filmlərindəki səhnələrdən uşaqların diksinməsini, vahimələnməsini yaşayırsan. Belə şey olar?
Böyük depressiyanı bu qədər böyük ustalıqla göstərən, aydınlaşdıran, nəticə etibarı ilə isə insanı bu qədər yazıq göstərən kitablar azdır. Yaxşı qidalanmadığı üçün uşağını ölü doğan ana döşündəki südü acından ölməməsi üçün yetkin bir insana əmizdirir. Əsər boyu müəllif bu cür qəddarlıqları ilə səni incidir. Insanın yox, insanlığın halı öz gerçəkçi təsvirləri ilə oxucunu hədələmiş olur: görürsən nələr var bu həyatda?!
Seymuru orada axtarmaq yanlışlıq olmazdımı? Mübariz və qamətli bir obrazı var (türməyə də o cür getdi), şəndir, əziyyətlərdən belə mənəvi zövq aldığını hiss elətdirir, hərçənd, hər cür asketlik ona yaddır. Bir az sufiliyi var, deyəsən. Ruhla da azacıq dialoq qurur bəlkə də. Şeirlər yazdığı da üzə çıxdı, bu da göstərir ki, ciddi daxili təmrinlərlə yaşayır, amma bunlar üçün xüsusi forma, əda tələb etmir özündən, bütün hallarda gündəlik yaşamında hamımızdan biridir. Aşağı-yuxarı, çağdaş dövrün etirazçı tipidir. Üslubu, emosiyası da tam buna uyğundur. Gülər üzü ilə, yorulmazlığı ilə, inamı ilə də. Mənsub olduğu siyasi hərəkatla da, müəllifi olduğu yazılarla da.
Illər öncə gördüyüm bir hərəkətini həmişə danışıram. Jurnalistlərin piketi idi, polis aksiyanı dağıdıb bizi dövrəyə almış, maşına dolduraraq bölməyə aparmağa çalışırdı. Artıq mən də daxil olmaqla bir neçəmiz polis maşınında idik və maşının ətrafında bir dartışma vardı, çünki daha kimlərisə saxlamaq istəyirdilər. Bu zaman aksiyaya gecikmiş Seymur Həzinin uzaqdan gəldiyini gördüm. Çox səliqəli və ütülü geyinmişdi, əlində qara çanta vardı. Qarışıqlığı görüb bir anlığa dayandı və birdən polis maşınına tərəf qaçdı, gözləmədən əlindəki çantanı jurnalistlərdən birinə verib, özü maşına oturdu və polislərə qışqırdı: “Yaxşı, maşın doldu, qapıları bağlayın gedək”. Polislər də elə bil çaşdılar, bu zaman dartışma da bitdi, başqa heç kimi saxlamadılar. Bax, bu cür Seymur Həzini “Qəzəb salxımları” kimi əzab romanında, tarixi adı ilə desək, böyük depressiya dövrünə aid sıxıntıların kitabında necə tapmaq olar?
Mən tapdım amma…
Romandakı Coudlar ailəsi doğma ştatlarını məcburən tərk edərək, Kaliforniya ştatı boyu gəzib tüyünür, iş axtarırlar. Nəyə desən hazırdırlar, təki bir qarın çörək qismətləri olsun. Bu zaman onlar üçün əla şans yaranır. Ərik bağlarında iş var, bir yeşik ərik yığmağa görə 5 sent ödəyirlər. Coudlar işə başlayır. Amma bir azdan onların ödənişi yarıyadək azaldılır. Sonradan bəlli olur ki, 5 sent ödənişi əhalinin etiraz mitinqləri, tətillər etdiyi dövrə düşüb. Indi isə etirazlar sönüb. Etiraz yoxdursa, 5 sent də yoxdur. Və hələlik yarıya endirilib, 1 sentə də düşə bilər. Bu süjet əzab romanının məğzi sayıla bilər, mənə görə əsərin qayəsi və ləyaqəti burada toplanıb. Yoxsa bu romanı oxumaq özünə əzab verməkdən başqa heç nəyə yaramazdı. Hər halda mənə görə belədir.
Romanın adına gəldikdə isə, “Qəzəb salxımı” metaforasına yazıçı özü izah verib. Əzabların təri insanın çölünə axdıqca, onun qəlbində qəzəb salxımları böyüyür. Gilələri olduqca şirəli olan bu salxımlar olmasa, insan təri ilə axıb mahiyyətini itirər, yox olar, hörmətə layiq olmayan başqa varlığa çevrilər. Insanlığın işıqlı sabahı onun qəlbində yetişir, əgər o gerçək halına haqlı olaraq qəzəblidirsə…
Seymur Həzini elə burada tapmaq olar. Həm mübariz mitinqçi, dönməz etirazçı, qorxmaz vətəndaş, həm də şair qəlbli Seymuru, eyni zamanda analitik yazıların müəllifi kimi. Seymur yazar kimi də bütün hədəflərini bu tezisdə qurmuşdu. Biz etiraz etməsək, olanı da itirəcəyik, biz etiraz etsək, hüquqlarımızı ala biləcəyik və ölkəmizi arzu etdiyimiz yerə apara biləcəyik. Doğru tezisdir və Seymur bu inamında tam haqlıdır.
Əslində, mitinqlərin həmişə önündə olması da onun bu inamından doğurdu. Yazıları da bu inama köklənmiş təhlillər və çağırışlardır. Onun qəzəbli üslubu da bundan doğur. Onun sərt cümlələri, fikirləri, çağırışları da bundan irəli gəlir. Seymur çağdaş etirazçılığın qadağan olunmuş təmsilçisidir, əslində. Bu gün 5 sentə qane olub işləyənlər bilmir ki, onların ödənişinin bundan aşağı olmamasında Seymur kimilərin birbaşa rolu var. Amma onların başqa bir məsələni bilməməsi daha dəhşətlidir. Onlar anlamırlar (ya da özlərini bilməməzliyə vurublar) ki, Seymurun etiraza səslənişi, onların 5 sent yox, 15 sent almasına çağırışdır həm də. Seymurun istədiyi azadlıq həm də budur!
Ona görə də Seymura qadağa qoyulub, həbs edilib. Con Stenybekin ilk dəfə 1939-cü ildə nəşr olunan “Qəzəb salxımları” kitabı da müxtəlif qadağalarla üzləşmişdi, çünki təməl səbəbi göstərərkən hakim siyasi düşüncənin hazır olmadığı dərəcədə haqlı idi.