İlham Əliyev, Faşizm və Qələbə…

Yaxud YAP hakimiyyətinin «1941-45» demaqogiyası haqqında

 
1941-1945-ci illər müharibəsindəki Qələbə münasibətilə Moskvada keçirilən paraddan Rusiya imperiyası öz hərbi gücünü göstərmək üçün bəhrələnirsə, Azərbaycanın YAP hakimiyyəti isə həmin Qələbədən öz antimilli təbliğatı üçün yararlanır.  Prezident Ilham Əliyev hər il olduğu kimi, bu dəfə də müharibə veteranları ilə görüşündə ölkənin milli qüvvələrinə qarşı gözdənsalma kampaniyasını davam etdirdi: “Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Qələbə gününü bayram günləri siyahısından çıxarmışdı. Yəni bu bayram ləğv edilmişdi. Onlar elə bil ki, sizin qəhrəmanlığınızı tarixdən silmək istəyirdilər…”, – deyib prezident. 
Dövlət başçısına yaraşmayan bir tərz, bölücülüyə söykənən fikirlər! Bunu “ucundan tutub ucuzluğa getmək” də adlandıra bilərik, çünki, dediyimiz kimi, prezident veteranlarla hər görüşündə bu mövzunu istismar edir. Bunu 1 dəfə, 2 dəfə deyərlər, qurtarar gedər, daha hər dəfə təkrarlamağa nə ehtiyac? Bu, artıq qeybətdir, bir də, veteranların və onların ailələrinin hisslərindən sui-istifadə… 
Elə bil, prezident bütün il boyu oturub 9 Mayı gözləyir ki, həmin gün veteranlarla görüşündə fürsətdən yararlanıb siyasi rəqiblərini və ya keçmiş AXC hakimiyyətini sancsın: “…Ancaq onların özləri tarixdən və siyasi səhnədən silindi, Azərbaycan xalqı o antimilli hakimiyyətə dözə bilmədi. Xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra tarixi ədalət bərpa edildi, 9 May – Qələbə günü rəsmi bayram kimi təsdiq olundu və o gündən bu günə qədər biz bu bayramı qeyd edirik. Bu, bizim dövlət bayramımızdır, əziz bayramımızdır”. 
“Dövlət bayramı, əziz bayram”! Azərbaycan xalqının ən böyük bayramı 28 May – Cümhuriyyət gününü yola ver, ancaq 9 Mayın qayğısına qal?! Ümumiyyətlə, prezidentin budəfəki “9 May açıqlaması” ciddi təhlil olunmalıdır. Elə bil, müstəqil Azərbaycanın rəhbəri siyasi-ideoloji transformasiyaya məruz qalıb, dolayısı ilə keçmiş kommunist dövləti olan SSRI-nin müdafiəsinə qalxıb: “Bəzi ölkələr indi tarixi həqiqətləri danmaq istəyirlər… tarixi təhrif etmək, faşizmi kommunizmlə bərabərləşdirmək istəyirlər. Bu, dözülməzdir” – deyir Azərbaycan prezidenti. Onu da əlavə edir ki, eyni zamanda, Sovet Ittifaqını faşist Almaniyası ilə müqayisə etmək həm ədalətsizlikdir, həm də böyük cinayətdir… 
Deməli, müstəqil Azərbaycanın vətəndaşı bundan sonra Sovet Ittifaqını faşist Almaniyası ilə müqayisə etsə, “böyük cinayətə” yol vermiş olacaq… Bu, Azərbaycan prezidentinin fikridir, əslində, dözülməz olan budur! Bu gün, hətta orta məktəb şagirdi bilir ki, Sovet Ittifaqının nəinki yaranması, fəaliyyəti belə cinayət idi?! 
Nələr baş verir? Azərbaycan Xalq Cümhuriyyətinin tarixini təhrif edən hakimiyyət SSRI tarixinin təəssübünü çəkir? Üstəlik, faşizmi kommunizmlə bərabərləşdirməyin də əleyhinədir… 1920-ci ilin aprelində Azərbaycanın müstəqilliyinə son qoyan – Cümhuriyyət qurucularını, Cümhuriyyət ideallarının carçılarını məhv edən, didərgin salan, sürgünə göndərən kommunizmin faşizmdən nə fərqi?! 
Diqqət edin, Azərbaycan prezidenti budəfəki “9 May görüşü”ndə təkcə daxili auditoriyaya səslənməyib, ilk dəfə olaraq Faşizm üzərində Qələbə günündən Qərb dünyasına qarşı da yararlanıb və deyib: “Avropada antimiqrant hərəkatı da məhz faşizm, irqçilik, ayrı-seçkilik ideologiyası üzərində qurulur. Hesab edirəm ki, dünya siyasətçiləri öz sözünü deməlidir. Biz neofaşizmin nə qədər böyük fəlakət olduğu haqqında öz sözümüzü deyirik və deyəcəyik”. 
Əlbəttə, prezidentin bu fikirləri təsadüfi deyil, son aylar Qərbin güclənən tənqidlərinə daha bir atmaca – cavabdır. Ümumiyyətlə, həm bu fikirləri, həm də kommunizm və Sovet Ittifaqı haqqında deyilənləri YAP hakimiyyətinin Qərb dəyərlərindən uzaqlaşması, SSRI-nin varisi Rusiyaya üz tutması kimi dəyərləndirmək olar. Keçmişin xiffətindən alışıb-yanan bügünkü Rusiya… 
Nəhayət, Azərbaycan prezidenti öz nitqində “Avropada faşizm ideologiyasının yenidən baş qaldırması” təhlükəsindən danışıb, sonra diqqəti “faşizm ideologiyasının nəticəsi olan” Qarabağ fəlakəti və işğalına yönəldib: “Biz XX əsrin sonlarında erməni faşizmi ilə üzləşdik. Bizə qarşı aparılan işğalçı siyasət, xalqımıza qarşı törədilən Xocalı soyqırımı məhz erməni faşizminin təzahürüdür”. 
Prezidentin bu sözlərini necə səmimi qəbul edəsən ki, Azərbaycanda erməni faşizminə qarşı mübarizə aparıldığını söyləyib, sonra Moskvada faşist Ermənistanının rəhbəri Serj Sərkisyanla birlikdə Faşizm üzərində Qələbə gününü qeyd edir?! Yaxud, Qarabağı – Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan ordusu ilə Qızıl Meydandakı təntənəli marşda Azərbaycan Silahlı Qüvvələrinin yanaşı addımlaması nə deməkdir?! Ermənilər faşistdirsə, Moskva niyə onları Faşizm üzərində Qələbənin yubiley tədbirinə çağırır? 
Ümumiyyətlə, keçmiş müttəfiq respublikalar – Rusiya və Ermənistanın Vətənimizə birgə təcavüzü davam edirsə, bizim onlarla birlikdə Qələbə gününü qeyd etməyə haqqımız varmı? Bəlkə, hər il mayın 9-da azərbaycanlı veteranlar da rus və erməni cəbhədaşları ilə bir araya gəlib cəbhə xatirələrini bölüşsünlər?!
Işə bax, vaxtilə faşist Almaniyasının hücumuna qarşı Rusiya ilə birgə savaşan bütün müttəfiq respublikalar indi özləri Rusiyanın hücumuna məruz qalıblar. Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyünə isə qəsd edilib… Bütün bunlardan sonra Azərbaycan prezidenti veteranlarla görüşündə 1941-1945-ci illərdə sovet ordusunun Bakını müdafiə və xalqımızı böyük bəlalardan – soyqırımından (?!) xilas etdiyini söyləyirsə, o zaman həmin ordu niyə 1990-cı ildə Bakıda 20 Yanvar qətliamını törətdi? Niyə sovet dövləti 1980-ci illərin axırlarında azərbaycanlıları ermənilərin hücumundan, soyqırımından xilas etmədi? 
Belə olan halda, necə deyə bilərik ki, SSRI vətənimiz və ya 1941-1945-ci illər müharibəsi vətən müharibəsi idi? Axı, bu “vətənə” bizi işğal yolu ilə qatmışdılar və bu “vətən”də sonadək bizə düşmən oldular… Tutaq ki, SSRI-nin sonuncu rəhbəri Mixail Qorbaçov ermənipərəst idi və ona görə də Qarabağ məsələsində Ermənistanın tərəfini tutdu, bəs, bu gün Putin Rusiyası niyə onun kimi davranır? Biz rusların Böyük Vətən Müharibəsində savaşdıq, onlar isə nə SSRI zamanında, nə də sonra bizi müdafiə etdilər?! 
Azərbaycan prezidentinin “əgər Hitlerin ordusu Bakını zəbt etsə idi, xalqımıza qarşı soyqırımı törədilərdi” fikri isə sensasiya sayıla bilər, çünki, heç SSRI zamanında bu cür iddia irəli sürülməyib. Bizcə, o dövrün dərsliklərində də alman faşistlərinin işğal etdikləri sovet ərazilərində soyqırımı tərətdikləri barədə yazılmayıb. Əslində, soyqırımını SSRI öz vətəndaşlarına qarşı 1930-cu illərdə törədib – həm də almanlar gəlməmiş… 
Göründüyü kimi, YAP hakimiyyətinin “1941-45" demaqogiyası əvvəl yalnız ölkə müxalifətinə qarşı yönəlirdisə, indi Avropa da hədəfdədir. Bizcə, ”almanlar Bakıda soyqırımı törədərdi" versiyası da bu gün Azərbaycan hakimiyyətini ardıcıl tənqid edən Qərb dövlətlərindən biri – Almaniyaya qarşı antipatiya yaratmaq niyyətindən irəli gəlir. 
Maraqlıdır, hakimiyyət indiyədək Rusiyada gəlmələrə, xüsusilə də azərbaycanlılara qarşı milli, dini, irqiÿayrı-seçkilik zəminində törədilən cinayətlər barədə susduğu halda, Avropada faşizmin yenidən baş qaldırmasından “narahatlığını” dilə gətirir. Heç uzağa getməyək, bəlkə, Azərbaycanda vətəndaşların evlərinin uçurulması, mülkiyyət hüquqlarının nümayişkaranə şəkildə tapdanmasıdır faşizm?! Dinc etiraz aksiyalarındakı polis qəddarlığı necə? Siyasi əqidəsinə görə rəqibinin hətta qız övladından qisas almaq, ailəsini çörəklə imtahana çəkmək deyilmi faşizmin əlamətləri? “Müxalifətçi ər gəlməyincə, arvadının polisə aparılacağı” hədəsi ilə ailə namusuna təcavüz edənlərin də bir fərqi varmı faşistlərdən? 
Gül bayramı niyə Qələbə gününə həsr edilmir?! 
Beləliklə, hakimiyyətin “1941-45" demaqogiyasına qalsa, o zaman müxalifət də eyni mövzudan yapışıb yeri gəldi-gəlmədi qarşı tərəfi ittiham edə bilər. Məsələn: ”1941-1945-ci illər müharibəsi Ilham Əliyev üçün Vətən müharibəsi sayılırsa, bəs, Vətəni Azərbaycan erməni işğalına məruz qaldığı illərdə niyə erməni faşizminə qarşı döyüşmür, Moskvada sakit həyatını yaşayırdı? Yaxud, atası Heydər Əliyev 1941-1945-ci illərdə niyə Vətən müharibəsində iştirak etməmişdi?" 
Bir də, YAP hakimiyyəti “AXC-Müsavat cütlüyündən” fərqli olaraq veteranlara qarşı belə diqqətlidirsə, o zaman 10 may – Heydər Əliyevin ad günündə keçirilən Gül bayramını və atəşfəşanlığı niyə Qələbə gününə həsr etmir?! 
Yeri gəlmişkən, Gül bayramına milyonların xərcləndiyi bir ölkədə ağır xəstəliklərdən əziyyət çəkən – “Məni ölməyə qoymayın ki, anam ağlamasın!” deyən gül kimi balaların harayına səssiz qalmaq, onların müalicəsinə vəsait “tapmamaqdır” FAŞIZM! 
 
Şövkət Məmməd