Alimi ac olan ölkədə dəbdəbəli həyatın bədəli

Aslan İsmayılov
 

Yadınızdadırsa yazılarımda bir neçə dəfə qeyd etmişdim ki, "əmlakları əllərindən alınan sadə insanlar bitəndən sonra, növbə oliqarxlara çatacaq. Bax, mərəkə də onda başlayacaq". Artıq mərəkə başladığından bu işlərə qarışmaq üçün həvəsim, vəkillikdən xaric edildiyimdən isə hüquqi imkanım yox idi. Ancaq son günlər mətbuatın və ayrı-ayrı şəxslərin baş verənləri ölkədə sahibkarlığa növbəti basqı kimi dəyərləndirməsi bu barədə fikir bildirməyimi zəruri etdi.
Məlumatda bildirilir ki, iş üzrə artıq 70-ə yaxın nüfuzlu iş adamı həbs olunub.
Zənnimcə, nüfuzlu iş adamı, ən azından, öz bacarığı, ağılı ilə hansısa iş quran, xüsusilə istehsalat sahəsində, qurduqları işin bütün özəlliklərini bilən, rəqabətə davam gətirən, dövlətə külli miqdarda vergi verən, yüzlərlə iş yeri açan və həmin iş yerlərində işləmək bacarığı olanları işə cəlb edən sahibkarlara deyilir. Son dövrlər adları külli miqdarda dövlət əmlakını mənimsəməkdə, vəzifələrindən sui istifadə etməkdə hallanan şəxslərin heç birində yuxarıda sadaladığım əlamətlər yoxdur. Sonuncu iş adamlarını, məhz bu gün adları hallananların köməyi ilə 2005-2006-cı illərdə bitirdilər.
Bu gün həbs olunanları biz ancaq brend paltar geyinmələri, ən bahalı maşınları, yaxtaları, Mayami, Maldiv, Bahama, Kann, Monte Karlo, İbiza, Kurşavel istirahətlərindən və balalarının cürbəcür bahalı tədbir keçirmələrindən tanıyırıq. Bu gün adları hallananlardan hansının tanınmış ali təhsil ocaqlarını bitirmələrini, Bill Qeyts, Mark Tsukerberq kimi texnoloji kəşflərini, Boris Berezovski kimi qanunsuz olsa belə, hər hansı bir ağıllı struktur qurduğunu demirəm, heç olmasa Rusiyada olduğu kimi əvvəlində həyatları bahasına quldurluq, reketlik edib can bahası rəqabətdə sağ qalıb milyonlar sahibi olanları varsa deyin mən də bilim. Bu gün adları hallananların əksəriyyətinin adi təhsilləri belə yoxdur. Onların yeganə bacarıqları lazım olan yerdə, lazım olan vəzifə sahiblərinə yarınmaları və çəkinmədən, gələcəyi düşünmədən dövlət əmlakını talamalarıdır. Tək bir Beynəlxalq Bankda söhbət aqibəti bəlli olmayan 6 milyarddan gedir! Bu məbləğin dövlət büdcəsinin üçdə bir olmasını fikirləşəndə adamın ağılı çaşır. Digər sahələrdə də analoji vəziyyətin olduğunu düşünəndə tək Vətənin taleyinə ağlamaq qalır…
Bu proseslərdə tək adı çəkilənlər deyil onların himayədarları da var və hər kəs də onları tanıyır. Bank sistemi ilə bir balaca tanışlığı olanlar bilir ki, “şapka” vermədən, tapşırılmadan iki, üç min kredit almaq belə mümkün deyil. Bir neçə Qarabağ müharibəsi əlilinə 3-5 min kredit almaq üçün həmin bank sahiblərinə şəxsən az qala yalvarmışam. Ölkə vətəndaşlarının yarısından çoxunun banklarının əsirliyində olduğunu, məhz bu səbəbdən həyatlarına qəsd etdiklərini hər gün mətbuatdan oxuyuruq. Bu ona görə baş verir ki, Azərbaycanda bank faizləri dünyada “analoqu olmayan” həddə – 18- 30 %-dir. Bundan başqa, bir çox bankların heç bir likvidliyi olmayan əmlakları girov kimi rəsmiləşdirib əvəzində girov əmlakının dəyərindən dəfələrlə artıq kredit verilməsi də sirr deyil. Sonralar girov ödənilmədi deyə həmin dəyərsiz əmlakları bankın balansına oturdurlar.
Məhz bu səbəbdən son günlər həbs olunanlara görə haray-həşir salmaq lazım deyil. Hərçənd, son həbsləri hüquqi müstəvidən kənar hesab edirəm. Alimi, müəllimi, həkimi ac olan ölkədə, adlarını çəkdiyim istirahətlərin, dəbdəbəli həyatın bədəlini ödəmək lazımdır. Bu gün həmin həyatı davam etdirənlər bilməlidirlər ki, bu tale onları da gözləyir.