
Dünya bazarında neftin qiymətinin böhranlı həddən uzaqlaşmaması neft ixrac edən ölkələri çətin durumda qoyub. Hakimiyyət böhranın Azərbaycanı vurmadığını iddia etsə də reallıq tam başqadır. Manatın devalvasiyaya məruz qalması, idxalın artması, ixracın kritik həddə qədər enməsi neftin qiymətinin fəsadlarıdır. Millət vəkili Vahid Əhmədov bu hadisələrin fonunda maraqlı açıqlama verib. O bildirib ki, Avropa Oyunlarından sonra neftin qiyməti ilə bağlı problem yarana bilər. Bu isə ölkədə böhranlı vəziyyət yarada bilər. V.Əhmədovun sözlərinə görə, Iranın yaxın zamanlarda neft hasilatını artırması da neftin dünya bazar qiymətinə təsir edəcək.
Amma neftin qiyməti ilə bağlı daha dəqiq proqnoz elə OPEC-dən gəlib. Neft Ixrac edən Ölkələr Təşkilatı (OPEC) bəyan edib ki, neftin qiyməti yaxın 10 ildə 100 dollara çatmayacaq. OPEC-də hesab edirlər ki, qara qızılın hər barrelinin qiyməti ən yaxşı halda 2025-ci ildə 76 dollar ola bilər.
On il müddət ərzində neftin qiymətinin ən yaxşı halda 76 dollar olması Azərbaycana nə vəd edir? Neftin qiymətinin bu həddə qərarlaşması Azərbaycan iqtisadiyyatında hansı fəsadlar yarada bilər?
Iqtisadçı ekspert Nemət Əliyevin fikrincə, dünya bazarında neftin qiymətinin bir zamanlar 120 dollara qalxmasının neft ixrac edən bir sıra dövlətlərdə arxayınçılıq yaratmışdı. Avtoritar rejimlərin hökm sürdüyü ölkələrdə neftin qiymətinin yüksək olmasının daha böyük fəsadlara səbəb olduğunu deyən N.Əliyev bildirdi ki, avtoritar hökumətlər qiymətlərin yüksək olmasının onlara verdiyi imkanları dəyənəyə çevirərək xalqlarının başına vurmağa başladılar: “Amma neftin yüksək qiymətinə arxayın olaraq siyasət yürütmək, ümumiyyətlə, düzgün deyil. Axı indiki dövrdə xam neftin bir barrelinin qiyməti bazarlara çatdırılma da daxil olmaqla 20 dollardır. Kim bunu hesablayıb ki, 20 dollara başa gələn neft 100 dollara satılmalıdır? Qoy bu neftin bir barreli 2 və ya 3 dəfə artığına satılsın. Əgər kimsə neftin yüksək qiymətinə arxayınlaşaraq strateji planlar həyata keçirmək istəyirsə, bu, yanlış yanaşmadır. Azərbaycan hökuməti də bütün ümidlərini satdığı xam neftin üzərində kökləmişdi. Hazırda qiymətin aşağı düşməsi nəticəsində ölkənin bank sistemi dağılır. Mərkəzi Bankın ekspertləri və məsul şəxsləri həmişə bank sisteminin möhkəm olduğunu bəyan edirdi. Amma xam neftin düşməsi bu sistemlə bağlı deyilənlərin yalan olduğunu ortaya qoydu”.
N.Əliyev bildirdi ki, xam neftin yüksək qiymətləri Azərbaycan hakimiyyətində aşırı arxayınçılıq yaratdı və hazırda da biz bunun fəsadlarını müşahidə edirik. Bank sisteminin kredit verməsinin dayanmasının da böhranın bir təzahürü olduğunu deyən N.Əliyev bildirdi ki, problemli kreditlər yüksəlib, əhalinin borcu arıtb. N.Əliyev hesab edir ki, ona görə hökumət əvvəlcədən bu fəsadları görməli idi: “Hökumət xam neftin yüksək qiymətinin verdiyi üstünlükləri ölkə daxilində enerciyə çevirməyi bacarmalı idi. Amma hökumət xam nefti satıb gələn gəliri xarici ölkələrə yığdı, əldə olunan gəliri qiymətli kağızlara yatırdı. Hazırda Azərbaycanın başı üzərini qara buludlar alsa da, həmin vəsaiti ölkəyə gətirməkdə mümkün deyil. Əgər neftin qiyməti 70 dollar civarına qalxaraq, orada qərarlaşsa belə, bu, ölkəmizdə ciddi çətinliklər yaradacaq. Bu, Azərbaycanın iqtisadi və sosial həyatı üçün yaxşı perspektiv vəd etmir. Çünki Azərbaycan hökuməti çox yanlış bir siyasət yürüdüb. Həmin siyasətin də yanlışlığı özünü göstərir”.
N.Əliyev hesab edir ki, hökumət kiçik və orta sahibkarlığı azad buraxmalı və rəqabət mühütünün yaradılmasına imkan yaratmalıdır. Iqtisadiyyatın bacarıqsız məmurlara verilməsinin hər ötən gün iqtisadiyyatı çətin duruma saldığını deyən n.Əliyev qeyd etdi ki, nəticədə iqtisadi problemlər dərinləşir, ölkənin xarici borcu isə artır.
Xəyal


