Sərdar Cəlaloğlu “Kölgə parlamenti” yaradır

ADP sədri: «Parlamentin 125 üzvü olacaq, kölgə kabinetini isə bu parlament seçəcək»

“Kölgə parlamenti təşəbbüsünü həyata keçirmək məqsədilə ölkədə ictimai nüfuzu olan şəxslərlə danışıqlara başlanılıb. Artıq 20-30 belə şəxslə danışığımız olub”.
Bu açıqlamanı APA-ya ADP sədri Sərdar Cəlaloğlu verib. O deyib ki, proses danışıqlar mərhələsindədir. Kölgə parlamentinin 125 üzvü olacaq, kölgə kabinetini isə bu parlament seçəcək. S.Cəlaloğlu hələlik tələsməyin tərəfdarı olmadığını və təşəbbüsün uğurla reallaşacağına ümid etdiyini də vurğulayıb: “Bu xalq parlamentinə Milli Məclisə keçirilən seçkilərdə iştirak etmiş şəxslərlə yanaşı, deputatlığa namizədliyini vermək niyyətində olan adamlar və eyni zamanda kifayət qədər nüfuzu olan şəxslər cəlb olunacaq. Xalq parlamenti mojaritar qaydada seçiləcək”.
ADP sədri kölgə parlamentində çoxluğun partiya mənsubiyyəti olanlara verilməyəcəyini də vurğulayıb: “Baxmayaraq ki, ideya partiyadan gəlib, lakin təşəbbüs ictimai maraqları özündə əks etdirir. Ideya hələlik geniş ictimaiyyətə çatmayıb. Müəyyən təkliflər olsa da, etirazın şahidi olmamışam”. S.Cəlaloğlu müxalifətdə təmsil olunan partiya liderləri ilə bu məsələnin müzakirə edilməsinə lüzum görmədiyini də söyləyib: “Bu, bir təşəbbüsdür və partiya maraqlarından təklif edilməyib. Ancaq QHT-lərlə bu məsələdə əməkdaşlıq edəcəyik”.
S.Cəlaloğlunun fikrincə, Azərbaycan siyasi səhnəsində bu istiqamətdə əhəmiyyətli addımlar olmayıb və onların məqsədi bu boşluğu doldurmaqdır:”Məqsədimiz deputat olmaq istəyən şəxslərin parlamentə hazır olmasına nail olmaqdır.
Istəyirik ki, kölgə parlamenti bu istiqamət üzrə bir məktəb funksiyasını daşısın və daha peşəkar parlamentarilərin yetişməsinə nail olaq”.
S.Cəlaloğlu yaradılması nəzərdə tutulan kölgə parlamentinin Milli Məclisə keçiriləcək növbəti seçkilərə qədər fəaliyyət göstərəcəyini də vurğulayıb.