Məhəmməd Talıblı: «Mərkəzi Bank məsuliyyətini hiss edərək əmanətçilərin hüquqlarını qorumalıdır»
Müzəffər Baxışov: «Azərbaycan sosial, hüquqi dövlət olsaydı, devalvasiyaya görə vətəndaşa dəyən ziyanı qarşılayardı»
Fevralın 21-də Mərkəzi Bankın qərarı ilə manatın 34 faiz dəyər itirməsi bir çox problemlərin yaranmasına səbəb oldu. Onlar sırasında ilk yerdə dollarla kredit götürən vətəndaşlarımızın borclarını hansı məzənnə ilə qaytarmasına aiddir. Bu məsələ ilə bağlı yaxın günlərdə Konstitusiya Məhkəməsinin qərar verməsi gözlənilir.
Amma diqqət çəkən daha bir məqam da var. O da ondan ibarətdir ki, fevralın 21-də təkcə dollar ilə kredit götürən vətəndaşlar ziyana düşmədi. Eyni zamanda banklarda manatla əmanətləri olanlar da ziyan çəkdi. Bir gündə onlar yatırdıqları əmanətlərdə 34 faiz dəyər itirdilər. Bəs, dövlət bu məsələni də diqqətdə saxlamalıdırmı? Bu məsələ dövlətin müzakirəsinə çıxarılmalıdırmı?
Onu qeyd edək ki, fiziki şəxslərin cəmi əmanətləri 7 milyarda manata yaxındır. Əmanətlərdəki nisbət devalvasiyadan öncə manatın xeyrinə idi. Manatda olan əmanətlərin faizi 65 faizə bərabər idi. Amma fevralın 21-dən sonra bu göstərici dolların xeyrinə dəyişməyə başladı.
Əslində bu faktor da manata əlavə təzyiq yaradan amildir. Çünki manatın etibarını itirməsi manatla olan əmanətlərin dollar əmanətlərə dəyişməsinə səbəb olur. Ona görə gələcəkdə manatda olan əmanətlərdən imtinanın daha da sürətlənməməsi üçün bu istiqamətdə vətəndaşlara müəyyən vədlərin verilməsi, onların bundan sonra kəskin devalvasiyadan qorunacağının, dəyən zərərin ödəniləcəyini demək də vacibdir.
Bu və başqa məqamlara ekspertlərlə aydınlıq gətirməyə çalışdıq.
Iqtisadçı ekspert Məhəmməd Talıblı əvvəlcə onu qeyd etdi ki, hazırda bankların manatla deyil, dollar ilə kredit verməsi anlaşılmır. Bunun milli qanunvericiliyin pozuntusu olduğunu deyən M.Talıblı bildirdi ki, banklar kredit portfelinin müəyyən hissəsini dollarla verə bilər. Kreditlərin tam şəkildə dollarla verilməsi isə ciddi pozuntudur: “Bankların milli valyutadan imtina edərək dollarla kredit verməsi manata etimadsılıq əhval-ruhiyyəsi yaradır. Beləliklə, milli valyutaya tələb azalır. Bu isə manatı dəyərdən salır”.
Fevralın 21-dəki qərardan sonra banklardakı əmanətləri 34 faiz dəyərsizləşən vətəndaşların durumuna gəlincə, ekspert hesab edir ki, əmanətçilər ölkədə böyük bir sosial qrup olduğundan bu məsələ gündəmə gətirilməlidir: “Əmanətçilərin hüquqları tapdanır. Onların uzun müddət üçün banklara etibar edərək milli valyutada yatırdığı vəsaitlər bir günün içərisində dövlətin həyata keçirdiyi spontan siyasət nəticəsində 34 faiz dəyərsizləşib. Bu qərarı qəbul edən özəl bank deyil. Bu qərar dövlət bankına məxsusdur. Ona görə Mərkəzi Bank məsuliyyətini hiss edərək əmanətçilərin hüquqlarını, maraqlarını bu və ya başqa şəkildə qorumalıdır. Çünki onlar təkcə vətəndaş deyil, eyni zamanda müştəridirlər. Ona görə dollarla kredit götürən vətəndaşlar kimi manatla əmanət yatıranların da məsələsi gündəmə gətirilməlidir”.
Hüquqşünas Müzəffər Baxışov isə bildirdi ki, manatın inflyasiyasına görə, vətəndaşlara dəymiş ziyanın ödənilməsi qanunvericiliklə nəzərdə tutulmur. Manat vaxtaşırı inflyasiya uğradığından bu məsələnin qanunla tənzimlənmədiyini deyən M.Baxışov bildirdi ki, yalnız valyuta məsələləri Mülki Məcəllənin 439.20-ci maddəsində əksini tapıb: “Amma əgər Azərbaycan sosial, hüquqi dövlət olsaydı, bu cür kütləvi inflyasiya məsələsinə görə vətəndaşa dəymiş ziyanın qarşılanması üçün hər hansı qərar verərdi. Azərbaycan isə sosial, hüquqi dövlət deyil. Azərbaycan qeyri-hüquqa söykənən dövlətdir. Bu baxımdan inanmıram ki, dövlət vətəndaşlara dəymiş ziyanla bağlı hər hansı tədbir görsün”.
Xəyal


