Məni məhkəmə ilə hədələdilər

Məktəblərdə baş verən biabırçılaqlarla bağlı yazıma müəllim korpusu təfərindən çox sərt, bəzən təhqiredici sözlər səsləndirildi, məktəb direktoru Sədaqət xanım isə məhkəmə ilə hədələdi. Bununla bağlı bəzi fikirlərimi qısa şəkildə oxucularıma çatdırmaq istəyirəm. Çünki bu barədə ətraflı yazım olacaq. Bəziləri yazdıqları şərhlərdə məni halal, ağır zəhmətin nə olduğunu, müəllimlərin çətin maddi durumunu bilməməkdə, müəllimlərə hörmətsizlik etməkdə suçladılar. Bildirirəm ki, uşaq yaşlarımdan çətinlikləri görmüşəm, lakin ağır maddi duruma baxmayaraq ancaq halal əməklə yaşamağın şərəfli olması barədə tərbiyə almışam. Oxuduğum Qardabani rayonunda müəllimlərin varlılar təbəqəsinə aid olmamasına baxmayaraq onların ən hörmətli şəxslər olduğunu görmüşəm. Onlara hər yerdə xüsusi hörmət edildiyinin, onları görəndə böyüklərin də, el dilində desək, özlərini yığışdırdığının şahidi olmuşam. Məhz buna görə ilk siniflərdə demək olar ki, hamımız müəllim olmaq arzusundaydıq. Orta məktəb müəllimlərimə ömürlərinin sonuna qədər diqqətli olmuşam. Ona görə yox ki, mən yaxşı olmuşam. Bunu onlar şagirdlərinə verdikləri savada, tərbiyəyə görə haqq etmişdilər. Bunun haradan qaynaqlandığını göstərmək üçün bir epizodu Sizinlə bölüşüm. Orta məktəbdən sonra Rusiyanın Krasnodar şəhərində tornaçı işləyirdim. İlk dəfə evə qayıdanda maaşımla anam üçün, bizim yerlərdə çətin tapılan Krasnodarda isə açıq satışda olan, ipək kəlağayı almışdım. Evə gələn kimi sevinclə onu anama hədiyyə edəndə soruşdu: "Rəşxəndə müəlliməyə də almısanmı?" Yox sözünü eşidən kimi isə, "bu dəfə bunu Rəşxəndə müəlliməyə hədiyyə et, gələn dəfə mənə alarsan" dedi. Rəşxəndə müəllimə bizim riyaziyyat müəlliməmiz olmuşdu. Tək, çətin durumda yaşasa da ömrünü şagirdlərinə həsr etmişdi. Məhz onun bizə verdiyi savada görə məktəbimizin bir çox şagirdləri, içi mən qarışıq, Gürcüstanda keçirilən olimpiadaların qalibi olmuşduq. Çətin 90-cı illərdə məktəbimizin Rusiyada sahibkarlıqla məşğul olan bütün şagirdləri rayona gələn kimi müəllimlərə baş çəkər və lazımı köməkliyi göstərərdilər. İnanmıram ki, bu gün şagirdlərindən pul yığan müəllimlər onlardan gələcəkdə bu cür qayğı görsünlər.
Müəllimlərin maaşlarının minimum həyat yaşayışını təmin etmədiyini, bu sistemlə işləməyə dolayısı ilə məcbur edildiklərini çoxlarından yaxşı bilirəm. Gözəl bilirəm ki, bu sistemi quranlar bunu bilərəkdən ediblər ki, qanunsuzluqlarını həyata keçirmək üçün müəllimlərin bütün seçkilərdəki saxtakarlıqlarından bolluca yararlansınlar. Bu barədə gələcək yazımda daha ətraflı yazacağımdan bununla kifayətlənirəm.
Qeyd etdim ki, sistemi başa düşürəm. Ancaq bu sistemə şərəf və ləyaqətləinin alçaldılmasına baxmayaraq canla başla qulluq edən müəllimləri heç cür başa düşmürəm! "Acından ölməmək üçün bunu edirlər" bəhanəsi də yersizdir. Bu minvalla bütün rüşvət alan məmurlara, hakimlərə, prokurorlara, hətta oğurluq edən cinayətkarlara belə haqq qazandırmaq olar. Bir də minlərlə müəllimlər var ki, bu sistemə qulluq etmək, onun bir hissəsinə çevilməmək üçün bu cür saxtakarlıqlarda iştirak etmək istəmirlər. Məhz buna görə də sistemin ayırdığı "pay"dan məhrum olurlar. Şəxsən özüm 4 parlament seçkisində iştirak etmişəm və direktor, müəllim korpusunun nə etdiklərinin şahidi olmuşam. Gözümün qarşısında edilən saxtakarlılğa etiraz edəndə isə onların məni hansı həvəslə şərləmək istədiklərini də görmüşəm. Burada seçki dövrü həmin komissiya üzvü müəllimlərin etdiklərini sadəcə yazmaqdan belə utanıram. Mənim tərəfimdən müşahidəçi olmuş bir ziyalı isə hər məni görəndə müşahidəçi olduğundan, gənc məktəb tədris hissə müdirinin etdiklərinin şahidi olduğundan utandığını qeyd edir. Təxminən 50 yaşında olan həmin şəxsin və digər komissiya üzvlərinin gözü qarşısında tədris hissə müdiri paltarının altından bülletenləri çıxarıb qutuya atanda, abrından üzünü kənara çəkib "xanım ayıbdır" deyən müşahidəçiyə olan cavab onu sarsıdıb. Cavab isə belə olub: "Ayıbdır, üzünü çevir". Bu seçkilərdə bir, iki yox, minlərlə əfruzları görənlər müəllimə hörmət edə bilərlərmi? Sizi bu günə salanların müəllimləri də sizin kimilər olduğunun, bu minvalla gələcəyimizin məhv edilməsində ön cərgədə olduğunuzu anlamırsınızmı? Axı biz hamımız, eləcə də balalarımız bu ölkədə yaşayacaqlar. Fərqində deyilsinizmi ki, normal cəmiyyət qurub, şərəf və ləyaqətinizə hörmətlə yanaşılması ilə bərabər normal yaşamağınız məhz sizin verdiyi tərbiyəni görmüşlərdən asılıdır.
P.S. Hər birimiz dərk etməyincə ki, ölkədəki vəziyyət bizim hər birimizdən asılıdır heç nə dəyişməyəcək. Ağ atlı oğlanı gözləməyin, o nağıllarda olur.