Avropa Ittifaqı Rusiyanın nəzarətində hansısa yeni mərhələyə imkan verməyəcək
Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin bu gün baş tutacaq Kazan görüşündən gözləntilər azdır. Demək olar ki, bütün ekspertlər, hakimiyyətə yaxınlığı ilə seçilənlərdən başqa, bir ağızdan bu görüşün də əvvəlkilər kimi nəticəsiz başa çatacağını deyir. Baxmayaraq ki, Kazan görüşü gündəmə gəldiyi ilk günlər müəyyən irəliləyişləri gözlədiklərini deyirdilər. Ümidlərin azalmasının, hətta deyərdik ki, yoxa çıxmasının səbəbi nədir?
Ekspertlərin fikrincə, Kazan görüşü təşkil olunmağa başlayanda Rusiya fəal görünürdü. Tədbirin Medvedevin təşkilatçılığı ilə keçirilməsi Rusiyanın fəallığını daha da nəzərəçarpan edirdi. Lakin Beynəlxalq Böhran Qrupu Qafqaz departamentinin rəhbəri Sabina Freyzerin, onun ardınca Avropa Ittifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin açıqlaması onu göstərdi ki, AI bu görüşdən uğur gözləmir. Ümumiyyətlə, hər hansı irəliləyiş planlaşdırılmır. Bu səbəbdən də şərt irəli sürüldü ki, hər hansı irəliləyiş olmayacağı təqdirdə AI Minsk qrupunun həmsədrliyində iştiraka cəhd edəcək.
Ekspertlərin sözlərinə görə, bu, Fransanın Kazan görüşündə hər hansı irəliləyişdə həvəsli olmayacağına işarə edir. Minsk qrupunun həmsədri olan bir ölkənin razılığının olmaması prosesin ciddi uğur əldə edəcəyinə şübhə yaradır. Məhz bu səbəbdən də Kazan görüşünə olan ümidlər azalıb.
Görüş ərəfəsində diqqəti çəkən digər məsələ müharibə çağırışlarının səsləndirilməsidir. Kazan sammiti barədə məlumatlar yayılandan bəri müharibə çağırışları və hər hansı xırda əməliyyatların ola biləcəyi məsələsi gündəmə gəldi. Ekspertlərin rəyinə görə, bu, daha çox Rusiyanın o biri həmsədrlərə təzyiqi idi. Yəni, əgər Rusiyanın təklif etdiyi şəkildə pozitiv irəliləyiş əldə olunmasa, onda müharibə yenidən alovlana və burdakı maraqlar sual altında qala bilər. Lakin Ermənistan Milli Komitəsini KQB-nin təşkil etməsinə dair faktların səslənməsi, eyni zamanda Azərbaycanın rəsmi mövqelərinə yaxın olmayan, maksimalist tələblərin irəli sürülməsi onu göstərdi ki, Ermənistanda da Qərb dairələrinin müəyyən fəaliyyəti var. Rusiya ictimaiyyəti tam ələ keçirə bilməyib.
Diqqəti cəlb edən üçüncü məqam isə Avropa Ittifaqının bu proses ərəfəsində daha fəal görsənməsidir. AI Rusiyanın mövqelərinə qarşı təzyiqi gücləndirdi. Piter Semnebinin son açıqlamasını nəzərə alsaq, görərik ki, Qarabağın Şərq tərəfdaşlığı proqramına cəlb olunması və azad tranzit zonasına çevrilməsi ilə bağlı təklif Rusiyanı tam məhdudlaşdırmaq siyasətidir.
Ekspertlər bunu Azərbaycanın maraqları baxımından, xüsusilə, əlverişli sayır. Eyni zamanda bu, Türkiyənin Cənubi Qafqazda daha rahat siyasət həyata keçirməsi, Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün əlverişli mühit yarada bilər. Bu baxımdan AI-nin fəaliyyəti diqqəti cəlb etdi.
Ekspertlərin fikrincə, Kazan görüşü Minsk qrupunun bu formatda iflası olacaq. Rusiyanın son il yarımdakı fəallığı bəhrəsini verməyəcək. Ortada Iranın Rusiyaya dəstəyi müşahidə olunsa da, 1992-ci il təcrübəsi göstərir ki, bu, həmişə mənfi nəticə verir.
Fizzə