Oyunbaz hakimiyyət

Bu gün ölkə Avropa Oyunlarının həyəcanını yaşayır. Azərbaycanın ən ucqarları belə hər şeydən xəbərdardır, təkcə oyunların məşəlinin rayon-rayon dolaşmasına, çal-çağıra, atəşfəşanlığa görə yox, həm də hakimiyyətin bu oyununun ağrısını çiyinlərində çəkdiklərinə görə. 
Yazın bu çağı kənd adamları üçün çox ağır keçir, çətin qışdan çıxıblar, olan-qalanı Novruz bazarlığına xərcləyiblər, əkin işini təzə başa vurublar, hələ məhsula çox var. Heç qapıda yeyilməli cücə də yoxdur, beçənin yeyilməsinə ən azı bir ay var. Hərtərəfli kasıbçılıqdı. Ölkədə “kənd təsərrüfatı ili” elan olunsa da, kəndçi bunu görmür, nə yanacaq var, nə də onun pulu. Üstəlik, bütün rayonlarda polisdən tutmuş icra nümayəndəsinə, bələdiyyəsinə qədər hamını Avropa Oyunlarına pul toplamağa səfərbər ediblər. Kənd-kənd, oba-oba gəzirlər, pul ala bildiklərindən pul, quzu ala bildiklərindən quzu, toyuq, qaz, hinduşka… bu səviyyədə dilənçilik tam gücüylə işləyir. Rayonlardan birində bu günlərdə obada qoyun saxlayan bir nəfəri damlayıblar, sən demə, evindən “avtomat çıxıbmış”. Adam and-aman edir ki, ömründə bu avtomatın üzünü görməyib. Sonradan bəlli olur ki, bir neçə gün qabaq bunun obasına gəlib Avropa Oyunları üçün adına layiq sayda quzu istəyiblər, bu da “qonaqpərvər” olmayıb, quzu verməkdən imtina edib. Sonra başına bu avtomat tapılmaqlığı olayı gəlib.
Demək olar, bütün rayonlardan buna bənzər soraqlar gəlir, hamıdan pul tələb edirlər. Yaxşı, bu idman yarışları keçiriləcək arenalar kimin puluna tikilib? Dövlətin. O dövlətin büdcəsi kimin hesabına formalaşır? Əhalinin. Bəs onda bu yazıq əhali neyləsin, axı o, təkcə Avropa Oyunları yox e, hakimiyyətin oynadığı bütün oyunların xərcini illərdir çəkir. Avropalı qonaqların qalacağı hotellər də, çörək yeyəcəkləri restoranlar da əhalinin, ya da əhalidən oğurlanan pulların hesabına tikilib. Bu yazıq əhali illərdir müxtəlif adlı “oyunlara” xərc çəkir. Indi o oyunlardan birinin adını “Avropa” qoymaqla nə dəyişir ki?..
Son günlər həkimlərdən və müəllimlərdən çoxlu şikayətlər gəlir, pul verməyə məcbur edildiklərini deyirlər. Avropa Oyunlarına görə onlardan alınan az məbləğ də deyil, insafən. Ancaq illərdir biz bu həkim və müəllimlərə “hakimiyyətin saxtakarlığına şərik olmayın” deyirik. Seçki qutularına namus məsələsi kimi baxılmalı olduğunu bildiririk. Sabahın hakimiyyətinin necəliyinin onların iradəsindən asılı olduğunu deyirik. Övladlarının taleyinin normal, qanunların Şah olduğu ölkədə yaşamalarından asılı olduğunu tez-tez təkrarlayırıq. Rüşvətin ölkəni, onun gəncliyini və gələcəyini uçuruma apardığını deyirik. Aldığımız cavablar çoxunuza tanışdır. Üstəlik, hələ bizi borclu çıxaranlar da tapılır. Üstümüzə gələnlər, bizi məhkəməylə hədələyənlər də az deyil. Ancaq elə onlar haqsızlıqla, qanunsuzluqla üzləşdikdə, üz tutduqları da biz oluruq. 
Oyunlara bir ay qalır, hakimiyyətin oyunlarısa bitmək bilmir. Yeni polis maşınları, təcili yardım, taksi, avtobus, metro qatarları… hər şeyi təzə alırlar. Pis nə varsa gizlətməyə çalışırlar; hasarlar çəkirlər, hasarların o üzündə qalanların bu hakimiyyətin seçiciləri olduğu heç kimin vecinə deyil, başlıcası gələn qonaqların zövqünü oxşamaqdı, onlardan “Bakı gözəl şəhərdir” sözünü eşitməkdi. O gözəlliklərin nəyin bahasına başa gəldiyi kimsəni ilgiləndirməz, heç sakinlərin özünü də… 
Dünən axşam bulvarda yenə atəşfəşanlıqdı, yenə milyonlar göyə sovrulurdu, top lüləsinə qoyulub Xəzərə tərəf atılırdı, həmin milyonların sahiblərisə böyük coşquyla, hay-küylə buna şahidlik edirdi. Oyununuz olsun!!!