Məmur yazıları, yoxsa məddahlıq yarışı?

Hökumət mətbuatı çeynənmiş təriflərlə «bəzədilir»

 
Azərbaycanda həddindən artıq problemlər, həlli zəruri olan məsələlər var. Təhsili, səhiyyə, hüquq sistemi çökür, işsizliyin səviyyəsi artır, əmək haqları minimum ehtiyacları ödəmir, bütün sahələr inhisara alınıb, qida məhsullarının, dərman pereparatlarının keyfiyyəti yoxdur, 2 milyondan artıq vətəndaş kredit borcu ödəyir, qeyri-neft sektoru inkişaf etdirilməyib, korrupsiya, qanunsuzluq, məmur özbaşınalığı hər an hiss olunur və.s. Amma hökumət mətbuatı bir dəfə də olsun bu problemlərə işıq salmır. Üstəlik problemləri dilə gətirənləri “vətən xaini” adlandırırlar. Bir qrup insan ölkənin sərvətlərindən mənimsəyir, əhali isə sosial problemlərin məngənəsində sıxılmağa məhkum edilir.  
Uzun illərdi özünü ziyalı, məmur, sənət adamı adlandıran şəxslər yalnız mədhiyyə deməklə, hakim ailəni tərifləməklə məşğul olublar. Sanki, ölkədəki problemlərdən yazmaq, neqativ halları dilə gətirəmək bunlara aid deyil.  
Tez-tez rast gəlirik ki, hökumət qəzetlərində palaz-palaz məqalələr yazılır və bu məqalələrin altında yüksək çinli məmurların, ədəbiyyat adamlarının, ictimai xadimlərin imzası olur. Son günlər isə bu ənənə daha da sürətlənib və məmurlar Heydər Əliyevi mədh etmək üçün sıraya düzlüblər. Biri Heydər Əliyevin hakimiyyətə ilk gəlişindən, o biri xalqa qayğısından, digəri müdrik siyasətindən yazır. Bütün yazılarda isə çeynənmiş ifadələr, qulaqları yağır etmiş mədhiyyələr, AzTv-nin 20 ildir təkrarladığı yalanlar yer alıb. Əminliklə demək olar ki, bu yazıları heç kim oxumur. Çünki, məqalələrdə yaltaqlıq, yalançılıq “at oynadır”.
Dünyanın heç bir normal ölkəsində məmurlar  qəzet səhifələrini prezidentin tərifi ilə zəbt etmirlər. Nəinki əlamətdar günlərdə, adi günlərdə də Heydər Əliyev və Ilham Əliyevdən bəhs edən palaz boyda yazılar yazılır və sanki, bununla vəzifə borcunu yerinə yetirirlər. Bu məsələdə hökumət mətbuatı və məmurlar Şimali Koreyanı da geridə qoyublar. 
Başqa bir məqam bundan ibarətdir ki, bu yazıların müəllifinin həqiqətən də bu məmurlar olduğu şübhəlidir. Çünki, adı çəkilən şəxslərin əksəriyyətinin qabiliyyəti məlumdur və bu adamların hər hansı məqalə yazmaq bacarığı yoxdur. Sadəcə olaraq tərif üçün sifariş verirlər və öz imzaları ilə yazı yazdırırlar.
Artıq elə bir təfəkkür formalaşıb ki, məmurlar vəzifələrinin yalnız yaltaqlıqdan ibarət olduğunu düşünürlər. Bütün fəaliyyətləri dövründə bir dəfə də olsun xalqın problemlərindən, ölkənin çətin vəziyyətindən yazmayanlar,  imkan tapan kimi mədhiyyə yazmağa başlayırlar.
Artıq bu mədhiyyələrdən ibarət məqalələr məmurlar arasında yarışa çevrilib. Bu gün bir məmur görür ki, “Azərbaycan” qəzetində həmkarı Ilham Əliyevi göylərə qaldırıb. Dərhal sabahkı nömrədə özünə səhifə ayırıb, daha yüksək səviyyədə yaltaqlanmaq nümunəsi göstərir.
Bu adamlar başa düşmürlər ki, imza qoyduqları məqalələr insanarda ikrah hissi doğurur, hamı bilir ki, bu fikirlər yalnız şəxsi maraqların təminatı üçün deyilir.
Bir sözlə, Azərbaycan məmurları bu məsələdə də dünyaya  “nümunə” ola bilərlər. Bir sətirlik haqlı tənqidi səhifələrinə yaxın qoymayan qəzetlər isə, bu səhifəlik yalanları tirajladıqları üçün “nümunə”yə çevrilirlər. Tarix primitivliyin, cılızlığın, məddahlığın bu formasını görməmişdi.
Azad