Yaxud, kimdir anti-milli?
Diqqət etmisizsə bu hakimiyyət 22 illik uğursuz, anti-milli, korrupsioner siyasətini, 1 illik AXC hakimiyyətinə istinad etməklə sığortalamaq istəyir. Məsələn, ölkədəki korrupsiyadan, məmur özbaşınalığından, təhsilin, səhiyyənin bərbad vəziyyətindən söhbət düşəndə, hakimiyyət “92-93-də çörək növbəsi var idi” kimi arqumentlərlə reallıqdan yayınır. Guya, 1 illik AXC hakimiyyətinin hansısa nöqsanı, 22 illik YAP hakimiyyətinin oğurluğuna, qanunsuz əməllərinə haqq qazandırır.
Təbii ki, hakimiyyətin başqa arqumenti , xalqın qarşısında istinad edə biləcəyi mübət fəaliyyəti olsaydı, keçmişə bu qədər sığınmazdı. Amma hakimiyyətin AXC hakimiyyətini hədəf seçməsi, nəticə etibarilə bumeranq effekti verir. Hər dəfə qazdıqları quyuya özləri düşürlər.
Amma islanmışın yağışdan qorxusu olmadığı kimi, hakimiyyət də ifşa olunmağa adət edib.
Bu dəfə “estafet”i ölkə başçısı İlham Əliyev götürüb və AXC-Müsavat hakimiyyətini hədəf seçib. Həmin dövrdə Azərbaycandan kənarda olan, yalnız atası Heydər Əliyevin prezidentliyi dövründə ölkəyə qayıdan İlham Əliyev belə də deyib: "Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Qələbə Gününü bayram günləri siyahısından çıxarmışdı. Yəni bu bayram ləğv edilmişdi. Onlar elə bil ki, sizin qəhrəmanlığınızı tarixdən silmək istəyirdilər. Ancaq onların özləri tarixdən və siyasi səhnədən silindi, Azərbaycan xalqı o antimilli hakimiyyətə dözə bilmədi. Xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra tarixi ədalət bərpa edildi, 9 May – Qələbə Günü rəsmi bayram kimi təsdiq olundu və o gündən bu günə qədər biz bu bayramı qeyd edirik”.
Bir halda ki, İlham Əliyev tarixi saxtalaşdırmaqdan, qəhrəmanların haqqını oğurlamaqdan danışır, biz də tarixə ekskurs etməyi vacib bilirik.
Birincisi, AXC hakimiyyəti dövründə rus qoşunları ölkədən çıxarılıb və dövlətin müstəqilliyin şərtləndirən prinsipial addım atılıb. AXC hakimiyyəti dövründə milli valyuta dövriyyəyə buraxılıb, neft kontraktlarının əsası qoyulub, müəllimlərə, həkimlərə müxtəlif güzəştlər tətbiq edilib, həqiqi vətənpərvərlik ruhu aşılanıb və.s Yəni, AXC hakimiyyəti 1 illik fəaliyyəti dövründə məhdud resurslarla xeyli addımlar atıb və dövləti talan etmək ali məqsəd sayılmayıb. Heydər Əliyevin hakimiyyəti dövründə isə 6 rayon işğal olundu və ardınca atəşkəs elan edildi. Yəni, məğlubiyyətlə barışmağa, torpaqları unutdurmağa start verildi. 9 may bayramının ləğv edilməsinə gəlincə, İlham Əliyev yenə də fürsətdən sui-istifadə edir. Belə ki, mayın 8-də Şuşa işğal edilmişdi, ölkədə müharibə gedirdi, insanlar bayram əhval-ruhiyyəsində deyildi. Belə bir vaxtda bayram tədbiri keçirmək məqsədəuyğun sayılmamışdı. Yəni, AXC hakimiyəti YAP hakimiyyəti kimi Şuşanın işğal tarixini “Gül bayramı” keçirərək unutdurmağa çalışmırdı.
İkincisi, tarixi təhrif etməyin, tarixi şəxsiyyətləri aşağılamağın nümunəsini məhz YAP hakimiyyəti göstərib. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın ümummilli lideri Məhəmməd Əmin Rəsulzadəyə qarşı düşmənçilik siyasəti aparıldı. Hər yerdə Heydər Əliyevin büstləri, fotoları, heykəlləri görünməyə başladı. BDU-dan Rəsulzadənin adı götürüldü, dərsliklərdən çıxarıldı. Bugünlərdə isə Rəsulzadənin metroplitendə olan yeganə büstü də götürüldü və yerinə Heydər Əliyevin büstü qoyuldu. Bir gün sonra isə İlham Əliyev həmin məkana ziyarətə getdi. Daha sonra Konservatoriyadan Üzeyir Hacıbəyovun adı götürüldü. Əliyev hakimiyyəti dövründə Milli Dirçəliş günü, Dövlət müstəqilliyi günü iş günü kimi qeyd olundu. Əvəzində, “Qurtuluş günü”, “Gül bayramı” milli bayram elan edildi və qeyri-iş günü kimi təqvimə salındı. Yəni, Heydər Əliyevin ölkəyə gəlişi günü, doğum günü, Dövlət müstəqilliyi günündən, Dirçəliş günündən üstün tutuldu.
Amma Azərbaycanın demokratik qüvvələri bugün də Rəsulzadəni anırlar, Üzeyir Hacıbəyova ehtiramlarını göstərirlər, əlamətdar günlərə sayğı ilə yanaşırlar və müharibə veteranlarının qəhrəmanlığını yüksək qiymətləndirirlər.
İlham Əliyev hakimiyyəti dövründə isə müharibə iştirakçıları çörəklə imtahana çəkildi. Qarabağ qaziləri sosial vəziyyətin ağırlığından intihara əl atır. Qarabaqda sağlamlığını itirmiş Asif Yusifli şərlənərək həbs olunub. 13500 şəhid ailəsi və Qarabağ qazisinin sığorta haqqı verilmir. Yaxşı olar ki, İlham Əliyev veteranlara AXC-nin qeybətini etməkdənsə, bu suallara cavab versin. Bəlkə, ölkənin milyardlarını offşorlara daşımaq, korrupsiyanı dövlət siyasətinə çevirmək, vicdanlı insanları şərləyib həbs etmək, seçkiləri saxtalaşdırmaq, məhkəmələri məzhəkəyə çevirmək də vətənə xidmətdir? Bəlkə, müharibə veteranına hörmət yalanı, yaltaqlığı dövlət siyasətinə çevirməkdi. Həmin veterana bugün nə qədər təqaüd verilir?
Qarabağda döyüşlər gedəndə, insanlar ölümlə üz-üzə gələndə İlham Əliyev harda idi? Milyardlarla neft pulunun əhatəsində avtoritar rejim qurmaq qəhrəmanlıq deyil. Bugün hərbi xidmətdə, düşmənlə sərhəddə hansı nazirin, deputatın, komitə sədrinin övladı var?
Çox qəribədir, şəffaflığı, azad sözü, qanunun aliliyini, vətənpərvərliyi, ziyalılığı, təhsili, səhiyyəni, iqtisadiyyatı silməklə məşğul olanlar, AXC hakimiyyətini tarix silməkdə ittiham edirlər.
Dövlət və millət maraqlarını şəxsi maraqlara qurban verənlər, tarixdən mütləq silinəcklər.
Akif


