Ölkədə ölümün cavanlaşması – xəstəliklər, bədbəxt hadisələr və başqa səbəblər nəticəsində insanların gənc yaşda həyatını itirməsi azmış kimi, üstəlik, tələbə və məktəblilərin intihara əl atması adamı təşvişə salır.
Adətən, belə intihar xəbərlərində hadisənin səbəblərinin dəqiq məlum olmadığı, hüquq mühafizə orqanlarının araşdırmalar apardığı bildirilir. Ancaq ölkədə ailələrin böyük əksəriyyətinin məhrumiyyətlər, stress və depressiya içində yaşadığını düşünəndə, intihar hallarının əsl səbəbləri üzə çıxır. Sanki uşaqlar kasıblıq ucbatından başıaşağı olan valideynlərini bu ağır yükdən qurtarmaq istəyirlər… Valideyn üçün övlad qarşısında aciz və köməksiz durumda qalmaqdan böyük dərd varmı?!
Bu günlərdə Salyan rayonunda məktəbli qızın intiharı da çox ağır hadisə oldu. Məlumatlara görə, mayın 6-da rayonun Xələc kənd sakini, 1999-cu ildə anadan olmuş Gülyanaq Məmmədova özünü yaşadıqları evin damından asmaqla intihar edib. 10-cu sinif şagirdinin intiharının dəqiq səbəbi məlum olmasa da, intiharın ailə münaqişəsi zəminində baş verdiyi ehtimal edilir. Belə ki, məktəbli qız valideynlərindən ona təzə paltar almağı xahiş edib. Valideynlərinin isə buna maddi imkanı çatmayıb. Bundan depressiyaya düşən məktəbli sonda intihara əl atıb…
Bir paltar dərdi uşağı depressiyaya salır, intihara sövq edir! Ölkədə nə qədər belə uşaq var?! Övladını normal geyindirmək, yedirmək bir yana, hətta adi xəstəliyə görə dərmanla təmin edə bilməyən valideynlər var! Lakin hakimiyyət duymur, eşitmir, görmür?! Hətta xəstə uşağı ölüm ayağında olan valideynə “pul yoxdur” deyir! Avropa Oyunlarına milyardlar sərf etdiyini xatırladanda belə, utanmadan, çəkinmədən “o qədər yox, cəmi bir neçə yüz milyon dollar xərclənib” deyir?!
Elə Salyandakı qorxunc hadisədən iki gün öncə hakimiyyətin diqqəti Avropa Oyunlarının məşəlinin bu rayonda alovlandırılmasına yönəlmişdi. Rəsmi xəbərlərdə deyildiyi kimi, Salyanda Avropa Oyunlarının məşəlini alovlandıran tələbə, çırağını yandıran isə məktəbli olub. Nə yazıq ki, bu məşəl elə Salyan rayonunda bir gənc qızın – məktəblinin həyat yolunu işıqlandıra bilmədi, əksinə, bir ailənin – bir evin çırağı söndü…
Rəsmi mətbuat isə belə yazırdı: “Salyan şəhərinin giriş qapısında təşkil olunan mərasimdə məşəl estafetinin iştirakçılarını yüzlərlə rayon sakini böyük coşqu ilə qarşılayıb. Rayon sakinləri bu möhtəşəm idman tədbiri haqqında təəssüratlarınıÿbölüşərək deyiblər ki, bu, rayonun həyatında ən yaddaqalan hadisələrdən biridir. Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etməsi qürurverici hadisədir, ölkəmizin idman nailiyyətidir. Sakinlər ölkəmizdə bədən tərbiyəsinin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər”…
Beləcə, dövlət uşaqların, valideynlərin qayğılarını yüngülləşdirmək əvəzinə, onları zorla Avropa Oyunları məşəlinin keçdiyi yollara, mərasimlərə çıxarır, insan ləyaqətini alçaldır. Məşəl estafetindən rəsmi qəzetlərin, telekanalların süni bir canfəşanlıqla təbliğatı, “Alov mərasimləri”nin saxta hay-küyü, məzmun və forma arasındakı uyğunsuzluğu göz qarşısındadır. Çünki, ölkə əhalisinin real arzu və istəyi qurama tədbirlər, bayramlar yox, azadlıq və rifahdır.
…Avropa Oyunları məşəlinin Azərbaycan bölgələrinə səyahəti davam edir. Lakin bu məşəl Azərbaycana Avropadan daxil olmadı, Azərbaycan avtoritar rejiminin paytaxtı Bakıdan start götürdü. Bəlkə də buna görə bu məşəl həyatımızı şölələndirmədi, yandırıb-yaxdı… Bəlkə də bu səbəbdən Avropa bu məşəli özünə yaraşdırmadı, öz şəhərlərinə, kəndlərinə yaxın buraxmadı. Axı, o məşəl əvvəlcədən Olimpiya ideallarının – azadlıq və rifahın carçısı olmadı?!
Şövkət Məmməd


