“Azərişıq” ASC-nin sədri Baba Rzayev Azərbaycan qəzetinə məqalə yazıb. Məqalə “Azərişıq”ın perspektivlərinə həsr olunub. Baba Rzayev yazıb ki, ASC-də yenidənqurma işləri, yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik kadrların hazırlanması işlərinə başlanılıb. Onun sözlərinə görə, bu işləri həyata keçirmək üçün qısa vaxt ərzində tədbirlər planı hazırlanıb, texniki təchizat bazası yaradılıb:
“Artıq ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin (KTM) yenilənməsi – müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesinə başlanılıb. Yeni güc mərkəzləri həm görünüş baxımından əvvəlkindən fərqlənir, həm də böyük texniki üstünlüklərə malik olmaqla yeni, müasir KTM-lərdir. Bu işlərlə yanaşı, uzun illər istismar olunan ağac dayaqlar yeni dəmir boru dayaqlarla əvəzlənir. Açıq tipli, uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşüb, heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan (ÖIN) izolyasiyalı kabellərlə dəyişdirilir”.
Onun sözlərinə görə, bu tədbirlər abonentlərin elektrik enercisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər, normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərəcək: “Ölkə ərazisində yeni KTM-lər quraşdırılmazdan əvvəl həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək tələbata uyğun güc mərkəzləri seçilir. Həmin güc mərkəzlərinin qidalandırılması da yeni texnologiyalara əsaslanır. Yeni güc mərkəzlərini qidalandırmaq üçünhava elektrik verilişi xətlərinin yenilənməsi, aralıq məsafənin qısaldılması sahəsində də lazımi tədbirlər görülür. Hazırda rayonlarda 35 kilovoltluq yarımstansiyaların quraşdırılması işləri gedir”.
Baba Rzayevin bu məqaləsi faktiki olaraq hakimiyyətin ifşasıdır. Maqələdən təqdim etdiyimiz hissələrdən açıq-aydın görünür ki, indiyə qədər rayonlarda, kənd və qəsəbələrdə yararsız istismar müddəti başa çatmış transformatorlardan istifadə edilib. Kabellər, ağac dayaqlar yararsız hala düşüb. Bir sözlə enerji təchizatı bərbad halda olub və Baba Rzayev indi bu problemlərin həllinə start verib. Halbuki hakimiyyət Azərbaycanda bütün sahələrdə olduğu kimi enerji təchizatında da “yüksək standartlar”dan danışırdı. Elə ölkə başçısı Ilham Əliyev hərə dəfə enerji sahəsilə bağlı danışarkən “Barmek”i asıb-kəsib, bu şirkətin dövründə enerji təchizatının bərbad halda olduğunu, sonralar problemlərin həll edildiyini bildirib. Baba Rzayev isə bu məqaləsi ilə deyilənləri alt-üst edib.


