«Söz və sərbəst toplaşmaq azadlığı münasibətlərimizdə fövqəladə dərəcədə əhəmiyyətli prinsiplərdir»
Avropa Birliyinin prezidenti Herman Rompey iyunun 22-də Brüsseldə Azərbaycan prezidenti Ilham Əliyevlə görüşdən sonra bəyan edib ki, demokratik prinsiplərin inkişafı, insan haqları və söz azadlığına hörmət Birliklə münasibətlərdə prioritet məsələlərdir. O bildirib ki, Avropa Birliyi hazırda Azərbaycanla münasibətlərin gücləndirilməsi səylərini artırmaqla məşğuldur.
Demokratiya və insan haqları məsələsi Ilham Əliyevin Avropa Komissiyasının prezidenti Joze Manuel Borrozo ilə eyni gündə keçirdiyi görüşdə də əsas müzakirə mövzusu olub. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Borrozo bəyan edib ki, söz və sərbəst toplaşmaq azadlığı Avropa Birliyi ilə münasibətlərdə fövqəladə dərəcədə əhəmiyyətli məsələdir.
Avropa Komissiyasının prezidenti Əliyevlə apardığı müzakirələrə toxunaraq deyib: “Biz ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi apardıq. Danışıqlar zamanı Avropa Birliyi ilə Azərbaycan arasında bütün sferalarda əməkdaşlığımızda qazanılmış uğurları və çatışmazlıqları nəzərdən keçirdik. Hesab edirəm ki, biz strateji tərəfdaşlıqla bağlı ötən il başladığımız prosesi sürətləndirməliyik. Müzakirələr zamanı mövcud problemlərin həlli yolları ətrafında da fikir mübadiləsi aparıldı”.
Avropa Komissiyasının prezidenti ümid etdiyini deyib ki, yardım və sadələşdirilmiş viza rejiminin tətbiqilə bağlı danışıqlara bu il ərzində başlamaq mümkün olacaq. O deyib ki, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın davam etdirilməsi Avropa Birliyinin prioritet hədəfi olaraq qalır.
“Avropanın təhlükəsizliyi və qonşularla sıx əməkdaşlıq məsələsində hədəflərimizə doğru addımlayırıq. Şərqdə və Cənubda demokratiyanın inkişafında yaxından iştirak etmək Avropanın strateji prinsipidir. Danışıqlar zamanı Azərbaycan və Avropa Birliyi arasında əlaqələrin inkişafı baxımından siyasi islahatların sürətləndirilməsinin, ölkənin modernləşdirilməsinin, qanunun aliliyinin təmin olunmasının vacibliyini vurğuladım. Söz azadlığı və sərbəst toplaşmaq azadlığı bizim münasibətlərimizdə fövqəladə dərəcədə əhəmiyyətli prinsiplərdir. Demokratiya, insan haqları və qanunun aliliyi münasibətlərimizdə mühüm əhəmiyyətə malikdir və əməkdaşlığımızın inkişafında önəmlidir”, – deyə Borrozo əlavə edib.
İnformasiya şöbəsi