Ərdoğanın milyardlıq sarayı

“İndiki prezident sarayının pulunun iki qatına o vaxt bir cümhuriyyət qurulub”
 

Türkiyə müxalifəti Rəcəb Tayyib Ərdoğanı prezident sarayına çəkilən xərclərə görə tənqid atəşinə tutub. Təbliğat görüşlərinin birində tənqidlərə cavab verən Ərdoğan sarayın təxminən 1 milyard dollara başa gəldiyini deyib. Müxalifət isə bu rəqəmin gerçəkliyi əks etdirmədiyini bildirərək sarayın tikintisinə və içərisinin əşyalarına bir neçə milyard xərc çəkildiyini iddia edir. Rəqəmin hətta 10 milyard dollar olduğunu deyənlər də var.
 
Türkiyənin «Sözcü» qəzeti sarayın xərcləri ilə bağlı maraqlı hesablama aparıb. Qəzet yazır ki, rəqəm hətta Ərdoğanın iddia etdiyi kimi, 1 milyarddırsa belə, bu kifayət qədər böyük məbləğdir. Belə ki, vaxtilə bu məbləğin iki misli ilə Türkiyədəki məşhur Qurtuluş savaşı olub: «Biz prezident Ərdoğanın sözlərinə inanıb sarayın 1 milyard dollara başa gəldiyini qəbul edirik. Qurtuluş savaşında dövlətin xərclərinin 147-148 milyon lirə olduğu bildirilir. 1923-cü ildə 1 lirə təxminən 1,25 dollar olub. Bu o deməkdir ki, savaşa 184 milyon dollar xərclənib. İnfilyasiyanı nəzərə alsaq, o vaxtın 184 milyonu indinin təxminən 2 milyard 560 milyonuna bərabərdir. Deməli, indiki prezident sarayının pulunun iki qatına o vaxt bir dövlət, bir cümhuriyyət qurulub. Təbii ki, sarayın xərcləri 1 milyard dollardısa».
 
Gültəkin