Oğurlanan gənc fəala 25 sutka həbs verilib

AXCP Gənclər Komitəsinin fəalı Fuad Əhmədlinin aprelin 28-dən etibarən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“bandotdel”) əməkdaşları tərəfindən oğurlandığı haqda məlumat vermişdik. Gənc fəalın qanunsuz olaraq saxlanılmasından yalnız 10 gün sonra onun haqqında rəsmi məlumat əldə olunub. Cəbhəçi gəncin atası Zəfər Əhmədli “Azadlıq”a açıqlama verərək, oğlunun məhkəmə qərarı ilə 25 sutka inzibati həbsə məhkum edildiyini bildirib:
 
“Bu günədək Fuad ilə heç bir əlaqə imkanımız yaradılmayıb. Saxlanıldığı gündən etibarən onu vəkillə də təmin edə biməmişdik. Çünki “Bandotdel”dən bizə bildirmişdilər ki, guya Fuad vəkildən imtina edib. Amma, nəyahət ki, Fuadı vəkillə təmin edə bilmişik. Vəkilin əldə etdiyi məlumata görə, Fuadla bağlı Nərimanov Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) və 310.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 25 sutka həbs cəzəsı verilib. Hələ ki, vəkili Fuadın yanına buraxmasalar da, ümid edirik yaxın vaxtlarda bu görüşə şərait yaradacaqlar”- deyə Zəfər Əhmədli bildirib.
 
Məsələyə hüquqi qiymət verən hüquqşünas Müzəffər Baxış “Azadlıq”a deyib ki, polis kimisə saxlayırsa, bununla bağlı həmin şəxsin yaxınlarına dırhal məlumat verməlidir. Bunu etmirsə, deməli, qanunu pozur: “Polis orqanları kimisə istər hansısa cinayətə görə, istərsə də inzibati hüquq pozuntusuna görə saxlayırlarsa, bu barədə şəxsin yaxınlarına mütləq məlumat verilməlidir”.
Müzəffər Baxış bildirib ki, əgər Fuad Əhmədli barəsində məhkəmə hökmü o saxlanılandan 10 gün sonra verilibsə, bu da növbəti qanun pozuntusudur. Çünki İnzibati Xətalar Məcəlləsinə görə, şəxsin kimliyi bəllidirsə, saxlandıqdan uzağı 3 saat sonra məhkəmə qarşısına çıxarılmalıdır.
M.Baxışov qeyd edib ki, əgər  qanunun bu tətəbləri pozulubsa prokurorluq orqanları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin qanunsuzluğa yol verən əməkdaşları barəsində Cinayət Məcəlləsinin 292-ci ( Qanunsuz olaraq tutma, həbsə alma və ya saxlama ), 309.1-ci ( Vəzifə səlahiyyətlərini aşma ) və 308.1-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələrinə görə cinayət işi başlamalıdırlar.
 
Fuad Əhmədlinin vəkil Bəhruz Bayramov isə “Azadlıq”a bildirib ki, ona müvəkkili ilə görüşməyə imkan verilmir: “Bağladığımız müqaviləyə əsasən Fuad Əhmədli ilə bağlı baş verənləri öyrənmək üçün Fuadın saxlanıldığı şöbəyə getdim. “Bandotdel”də  mənə bildirdilər ki, Fuad vəkildən imtina etdiyi üçün onunla görüşə bilməyəcəm. Mən isə bildirdim ki, əgər Fuad vəkildən imtina edibsə, bunu rəsmiləşdirmək üçün qanuna uyğun olaraq öncə onunla görüşməliyəm. Təəssüf ki, yenə görüşməyimizə imkan vermədilər. Belə olan halda, vəzifə səlahiyyətlərini aşdığı üçün aidiyyəti şəxsləri məhkəməyə şikayət etməyə məcburuq”.