Manat yenə ucuzlaşa bilər

Dolların məzənnəsinin möhkəmlənəcəyi proqnozu milli valyutaya yaxşı heç nə vəd etmir

 
“Goldman Sachs” Qrupu dolların gələcək kursu ilə bağlı bir sıra tövsiyələr verib. Qrup ABŞ-da iqtisadi artımın yüksələcəyini bildirərək, investorlara dolların güclənməsindən faydalanmaq üçün mövqelər tutmağı məsləhət bilib.
ABŞ iqtisadiyyatının 2015-ci ilin birinci rübündə 0.2 faiz ilə proqnozlardan çox aşağı artmasından sonra, Fed-in faizləri daha uzun müddət aşağı saxlayacağı barədə ehtimallar artmış və dollar indeksi ötən ay Iyundan bu yana ilk dəfə düşmüşdü.
Ancaq dünən yaydığı hesabata görə, “Goldman Sachs” inkişafın bu rübdə 2.9%-ə yüksələcəyini gözləyir. Hesabata görə, analitiklər dolların qarşıdakı 12 aylıq prosesdə Avro qarşısında 18% artımla 95 sent, yen qarşısında 8 faiz artımla 130 yen olacağını təxmin edir.
Hesabatda, “Valyuta bazarları bir sinir böhranı (tantrum – mənası sinir krizi keçirmək olan tantrum, bazarların hədsiz reaksiyasını xarakterizə etmək üçün istifadə edilir) keçirən kimidir. Yaxın zamandakı prosesləri, dollarlarda güclənməyə görə mövqe almaq üçün bir fürsət olaraq görürük” deyilir.
Bəs bu tendensiya Azərbaycan bazarına necə təsir edə bilər? Dolların məzənnəsinin möhkəmlənməsi manata nə vəd edir?
Ekspertlərin fikrincə, dolların məzənnəsinin möhkəmlənməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Son zamanlar dolların digər valyutalara nisbətdə möhkəmlənmək xətti tutması dolların digər valyutalara təzyiqini artırır. Dönərli valyutanın möhkəmlənməsinin ona olan etimadı artırdığından dollar yeni mövqelər əldə edəcək. Nəticədə dünya üzrə banklar və maliyyə institutları vəsaitlərini məhz dollarda saxlamağa üstünlük verəcəklər. Ekspertlərə görə, dolların güclənməsi digər valyutaların gücdən düşməsinə səbəb olacaq. Bu isə manat üçün yaxşı perspektiv vəd etmir. Çünki devalvasiyadan sonra manata olan etimadın itməsi dolların dünyada möhkəmlənməsindən sonra daha da sarsıla bilər. Bu isə manatın ikinci devalvasiya riskini artırır.
Manatla kredit verilməsini dayandıran Azərbaycan bankları dolların möhkəmlənməsinə adekvat reaksiya verəcək. Azərbaycan bankları ölkənin kreditləşdirilməsində birmənalı olaraq dollara üstünlük verə bilərlər. Bu isə Azərbaycanda dollarlaşmanın səviyyəsini yüksəldəcək.
Xəyal