Tanınmış hüquqşünas Aslan İsmayılov özünün facebook səhifəsində məktəblərdə olan problemlərlə bağlı status paylaşıb. Həmin status təqdim edirik:
Bu gün təsadüfən bir nəfər həmsöhbətimdən məktəblərdə baş verənlərdən xəbər tutdum. Eşitdiklərim məni dəhşətə gətirdi. Bu söhbət zamanı eşitdiklərimi bir neçə mənbədən dəqiqləşdirdim. Danışdığım hər kəs M.Cabbarova qədər vəziyyətin daha dəhşətli olduğunu söylədilər. Dəqiqləşdirdiyim bəzi halları bölüşürəm ki, statusuma şərh yazanlar onlara bəlli olan faktları da göstərsinlər. Maraqlı olan odur ki, şəhərin mərkəzində yerləşən məktəblərdə vəziyyət kənardakılardan pisdir.
Bu günün özündə də əksər məktəblərdə dərsdən sonra əlavə fərdi hazırlıq kursları təşkil edilir. Aylıq haqqı isə 70 manatdır. Dərs keçən müəllim hökmən qeyd edir ki, hər tələbədən alınan pulun 10 manatı direktor üçündür. Şagirdlərin çoxluğunu təmin etmək üçün əsas dərs vaxtı başdansovdu aparılır. Əksər direktorlar məhz bu hazırlıq kurslarına gəlir mənbəyi kimi baxır. Bu cür hesab etməyən çox nadir direktorlar həmin hazırlıqların məktəbdə keçirilməsini qadağan edir. Bu yaxınlarda 286 nömrəli məktəbə yeni təyin olunmuş, əvvəllər təhsil hissə müdiri işləmiş, baş verən özbaşnalığı hamıdan yaxşı bilən direktor dərhal məktəbdə hazırlıq kurslarının keçirilməsini qadağan etmişdir.
Əksər məktəblərdə Bayram (Yeni il, 8 Mart, Novruz, Müəllimlər günü) və ilin sonu pulları yığılır: müəllim, direktor üçün 10 manat, sinif rəhbəri üçün 50 manat.
Bir çox məktəblərdə artıq birinci partada oturmağın da öz haqqı var. Həmsöhbətimin dediyi faktın birbaşa tanıdığım şəxslə bağlı olduğunu bildikdə onunla bu halı dəqiqləşdirmək istədim. Cavab verməkdən yayınsa da, “onsuz da hamı hər şeyi bilir” deməklə faktı təsdiqləmiş oldu. 207 nömrəli məktəbdə 1-ci partada oturmaq 100 manat imiş.
Bizim uşaqlar da oxuyanda ilin sonunda "venetka" çəkdiriblər, ancaq bunun qiyməti heç vaxt 35-40 manat olmayıb. Hələ ilin sonuna restoranda təşkil olunan mərasimə hər şagirddən 40 manat yığılmasını demirəm.
Onsuz da aylıq maaşı 200 manat civarında olan müəllimin dərs saatının yüksək olması üçün direktora rüşvət verməsi də adi haldır.
Əminəm bu statusa görə məni qınayanlar olacaq ki, milyonların yeyintisi qalıb kənarda müəllimlərin 20-30 manatından yazır. Məncə isə müəllimin aldığı 20-30 manat rüşvət, məhz buna görə can başla seçkilərdə saxtakarlıq etməsi oğurlanan yüz milyonlardan təhlükəlidir.
Yəqin heç bir müəllim pul tələb etmir, valideynlər özləri zorla verir deyənlər də olacaq. Valideynləri də çox qınaya bilmirəm, ona görə ki, elə bir mexanizm qurulub ki, valideyn borca girsə də həmin pulu ödəməlidir. Ən böyük problemlərdən biri də məktəblərdə olan nöqsanların qarşısını almaq üçün yaradılmış Valideynlər Şurasının sədridir. Yığılan pullar məhz bu qurumun təklifi ilə, guya valideynlərin istəyi ilə həyata keçirilir. Həmin Şuranın sədrinin seçilməsini isə sinif rəhbəri həyata keçirir.
Ən dəhşətlisi də ondadır ki, gözünü yeni açan uşaqlarımız artıq kiçik yaşlarından korrupsiya mexanizminin iştirakçısına çevrilir…
P.S. Həqiqətdə isə bu ölkədə dünyaya gəlmək üçün valideynlər rüşvət verməyə məcbur edilir.


