kiv-df

Repressiyaya məruz qalan türk alimi – Bəkir Çobanzadə

Alimin zəngin yaradıcı irsi

Tarixə qanlı səhifələrlə yazılan 30-cu illərdə repressiyaya məruz qalan ziyalılardan biri də böyük türkçü alim Bəkir Çobanzadədir. Azərbaycanda “Kitabi-Dədə Qorqud”un ilk tədqiqatçılarından biri kimi tanınan, Nəvai, Xətai və Füzuli yaradıcılığını linqvistik-poetik baxımdan təhlil edən, monoqrafik əsərlər yaradan alimin irsi dəyərli bir xəzinədir. O, türkologiyanı zənginləşdirən çoxcəhətli elmi fəaliyyəti sayəsində qapalı ölkədə – SSRI-də yaşamasına baxmayaraq, 1935-ci ildə Antonio Mellerin təklifilə Parisdəki Beynəlxalq Linqvistika Cəmiyyətinin həqiqi üzvü seçilmişdi.

Lakin təəssüflər olsun ki, Azərbaycan ədəbiyyatının Firudin bəy Köçərli, Salman Mümtaz kimi fədailəri ilə bir sırada B.Çobanzadənin da yalnız özü deyil, həm də elmi yaradıcılığı repressiyaya uğramış, bir sıra diqqətəlayiq, mühüm əsərləri məhv edilmiş, itib-batmışdır. Onların yalnız adı qalmışdır. Və burada da iş erməni barmağı, erməni izi olmadan ötüşməmişdir.

Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. Ibtidai təhsilini burada almış, 14 yaşından qeyri-adi zəkası ilə diqqəti cəlb etmişdir. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi – “Sultaniyyə”yə təhsilini davam etdirməyə göndərmişdir (1908-1918). O, ilk şeirlərini, “Anan harda?” poemasını tələbəlik dövründə qələmə almış, Istanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türkiyədə “Müstəqil tatar Krımı” ideyaları ilə yaşayan gənclərdən ibarət “Krım-tatar tələbə cəmiyyəti”nin yaradıcılarından və rəhbərlərindən olmuşdur. Sonra Budapeşt universitetinin tarix-filologiya fakültəsində türk, ərəb və macar filologiyasını araşdırmış, doktorluq dissertasiyası müdafiə etmişdir. Budapeştdə türk dilində çıxan “Şərq” qəzetinin redaktoru olmuşdur (1919). “Krım”, “Göy kitab” (Istanbul) məcmuələrində və “Şərq” qəzetində şeirləri dərc edilmişdir (1918-1919). Bu dövrdə Türkiyə, Krım, Orta Asiya və Rusiya dövri mətbuatında ictimai-siyasi, elmi məqalələrini müxtəlif imzalarla çap etdirmişdir. Sonralar “Türk ensiklopediyası”nda “Çoban oğlu”, “Bəkir Baybək”, “Bəkir Cavbək”, “Bəkir Yaybək”, “Çoban oğlu Bəkir Sidqi” imzaları ilə məqalələri dərc olunmuşdur.

B.Çobanzadə universitet təhsilini başa vurduqdan və müvafiq imtahanları verdikdən sonra fəlsəfə doktoru adı almaq üçün dissertasiya müdafiə etmişdir. Onun elmi əsəri “Kodeks Kumanikus” adı ilə tanınan, 1303-cü ildə venesiyalı missionerlər tərəfindən yazıya alınan nadir kuman mətnlərinə – qədim qıpçaq dili abidəsinə həsr olunmuşdu. Lakin təəssüf ki, alimin bir sıra əsərləri kimi, doktorluq dissertasiyasının əlyazması, yaxud hər hansı başqa nüsxəsi qorunub saxlanmamışdır. Elmi işin yalnız adı bəllidir.

Azərbaycan SSR Xalq Maarif Komissarlığının (XMK) dəvəti ilə 1924-cü ildə Bakıya gələn B.Çobanzadə Bakı Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrasına rəhbərlik etmiş, 1925-1927-ci illərdə isə şərqşünaslıq fakültəsinin dekanı olmuşdur. Eyni zamanda XMK Elmi Şurasının üzvü, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin elmi katibi və S.Ağamalıoğlunun rəhbərlik etdiyi Yeni Əlifba komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir. Həyatının Bakı dövründə dilçiliyin, ədəbiyyat tarixinin və çağdaş ədəbi prosesin müxtəlif problemləri ilə bağlı onlarla kitab və məqaləsi nəşr olunmuşdur.“Krımlı türk şair və bilgini…”

Türkoloqların 1926-cı ildə Bakıda keçirilən I Beynəlxalq qurultayında o, “Türk-tatar dillərinin qarşılıqlı münasibətləri” və “Türk-tatar dillərində elmi terminologiyanın tənzimlənməsi prinsipləri” adlı iki məruzə ilə çıxış etmişdir.

Müxtəlif vaxtlarda Tavrida universitetində (Ağməscid) Krım-tatar dili, Bakıda Azərbaycan dili, Daşkənddə özbək dili kafedralarına rəhbərlik edən B.Çobanzadə geniş profilli türkoloq idi. Onun elmi-nəzəri yaradıcılığı türk dillərinin müqayisəli tədqiqi, qədim uyğur yazıları, Orhun-Yenisey abidələri, türk dialektologiyası, ədəbi dil tarixi, terminologiya, çağdaş türk əlifbalarının unifikasiyası və s. sahələri əhatə etmişdi.

Onun şeirlərini və publisist irsindən nümunələri toplayaraq 1999-cu ildə Istanbulda “Krımlı türk şair və bilgini Bəkir Sidqi Çobanzadə” adı ilə kitab şəklində çap etdirən Ismayıl Otarın yazdığına görə, “Alimi tutuklayan QPU komitəsinin başkanı olan erməni, Çobanzadənin yazılarını sandıqlara doldurub Irəvana göndərmişdir. Indi də harada saxlandığını bilmirik. Bu səbəbdən də Çobanzadənin yazıları haqqında tam bilgimiz yoxdur”.

Şübhəsiz, Bəkir Çobanzadənin gənc yaşlarında Avropa miqyaslı bir filoloq-alim kimi yetişməsində Budapeşt universitetinin və Macarıstan türkologiya məktəbinin mühüm rolu olmuşdur. Məhz həmin mühit və şəraitin açdığı imkanlar sayəsində uzaq Qarasubazar qəsəbəsində böyümüş krımlı çobanın oğlu qeyri-adi istedadına və zəhmətsevərliyinə güvənərək mənsub olduğu xalqın layiqli təmsilçilərindən birinə çevrilə bilmişdir. Budapeştə gələnə qədər Çobanzadə əvvəlcə Krımda, sonra isə Istanbulda (1909-1914) təhsil almışdı. Bitirdiyi Istanbul Sultaniyyəsi əslində liseyə bərabər tutulurdu. Odur ki, təhsilini davam etdirmək, universitet diplomu almaq qərarında yetərincə ardıcıl və israrlı idi.

Lakin nə üçün məhz Budapeşt universiteti seçilmişdi? Böyük alim Avstriya-Macarıstanın bu mühüm elm və mədəniyyət mərkəzinə nə zaman gəlmişdi? “Rus məktəblərində pozulmayım deyə yurdsevər ana babam məni çox gənc yaşımda Türkiyənin başkəndinə yolladı. Vətənpərvərliyim hələ o zaman o qədər qüvvətli idi ki, ilk selamlık (sultanın xalqın qarşısına çıxması) sırasında bütün türk-tatarların ən uca hökmdarını – Sultanı görəndə xoşbəxtliyimdən ağlamış, yalnız buxaralı xocaların təskinliyi ilə sakitləşmişdim” – deyə sonsuz türk sevgisindən bəhs edən müəllif nə üçün naməlum Budapeşti sevimli Istanbuldan üstün tutmuşdu?Burada bir haşiyə çıxaraq Krım tatarlarının Avropa ilə əlaqələrinin, Avropaya maraqlarının digər türk xalqları ilə müqayisədə daha güclü olduğunu qeyd etmək lazımdır. Bu da Polşa, Rumıniya, Litva kimi ölkələrdə yaşayan tatar əhalinin əslən Krımdan olması ilə bağlı idi. Macarıstanda soydaşları yaşamasa da, bu ölkə də onların diqqətindən kənarda qalmamışdı.

“Mən səni Krımda, Kazanda duydum…”

Çobanzadənin Budapeşt dövrü yaradıcılığında poeziya əsas yer tuturdu. Poetik irsinin tədqiqatçısı Ismayıl Otarın apardığı dəqiqləşdirmələrə görə, müəllifin bütünlükdə 84 şeirini aşkara çıxarmaq mümkün olmuşdur. Onların təxminən üçdə ikisi – 55 şeir 24 yanvar 1917-7 mart 1920-ci illər arasında Macarıstan paytaxtında qələmə alınmışdır. “Qaval səsləri” adı altında üç dəftərdə toplanan həmin şeirlər şairin həyatının Budapeşt dövrünə işıq salmaq, bu illərdəki fikir və düşüncələrinə tərcümanlıq etmək baxımından ən etibarlı mənbələrdir. Bu şeirlərin yalnız biri müəllifin 1927-ci ildə Ağməsciddə (Simferopol) çap olunan “Boran” adlı kitabına daxil edilmişdir.

Budapeştdən gənclik dostu Həmdi Atamana göndərdiyi 20 may 1917-ci il tarixli məktubda Bəkir Çobanzadə poeziyaya marağını səbəblərini açıqlayaraq yazırdı: “Hər halda, bizdə ədəbiyyat və şeirin rolu, heç bir millətinkilə müqayisə edilməyəcək dərəcədə böyük olacaq. Ən azı qarşıdan gələn iki-üç əsr ərzində… Coğrafi və etnoqrafik vəziyyətimiz olduqca pisdir. Tarixi keçmişləri və sərvətləri baxımından böyük bir millət olan türk-tatarlar hər yerdə azlıqda qalmış və əcnəbi təsirlər altına düşmüşlər. Buna qarşı ən böyük çarəmiz heç olmazsa, bir dil birliyinə nail olmaqdan ibarətdir”.

1919-cu il dekabrın 25-də isə şair-alim “Qaval səsləri” adlandırdığı kitaba kiçik, lakin təsirli müqəddimə yazmışdı. Tam şəkildə aşağıda gətirdiyim həmin müqəddimədə deyilirdi: “Mənim yazılarım heç bir şey göstərməsə də, qırılan, çökən, darma-dağınıq yaşayan, bəlkə də bu gün-sabah öləcək, yox olub gedəcək Krım tatarını, onun xətalarını, qüsurlarını, kədərini, duyğularını çox gözəl dilə gətirir. Bir gün tarix Krıma yar olsa, Krım tatarı öz soydaşlarını arasa, o zaman yazılarım ortaya çıxar. Amma belə olmasa da, zərəri yox… Krım tatarının bunca şanı, şöhrəti, bayrağı, torpağı qeyb oldu, mənim bir neçə yuxusuz gecəm, kədərli günüm itsə nə dəyişəcək? Bu sətirləri yazmağımın verdiyi zövq, bəxtəvərlik mənə yetər. Tatarca bir kimsə danışmasa da, o yenə mənim üçün böyük bir sevinc və zövq mənbəyi kimi qalacaq. Çünki bu dildə qəhrəman xalqımın min illik sevincli-kədərli tarixi yatır, məğrur səsi eşidilir”.

Tarixinə və incəliklərinə Macarıstan paytaxtında yiyələndiyi türk dili Çobanzadənin yalnız elmi deyil, poetik irsinin də əsas mövzusu idi. “Ana dili” şeri həmin mövzunun öz parlaq əksini tapdığı nümunələrdəndir:Mən səni Krımda, Kazanda duydum,

Qəlbim qaynayanda, daşanda duydum.

Bilmirəm, türkdür, ya tatardır adın,

Amma çox şirinsən! Tanrıdan dadın…

Geniş sahəli biliklərə malik, həqiqətən də fantastik dərəcədə məhsuldar olan bu yaradıcı yolun qarşısı sərt bir məngənə, dəmir pərdə kimi 1937-ci ilin yanvar ayının 28-də alınır. Həmin gün Kislovodskinin “Qornyak” sanatoriyasında xanımı ilə dincələn professor həbs edilib, Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili Işlər Xalq Komissarlığının təcridxanasına gətirilir. Oktyabrın 12-də, təxminən 15 dəqiqəlik məhkəmədən sonra ona ölüm hökmü kəsilir. 1938-ci il oktyabrın 13-də hökm icra olunur.
Bəkir Çobanzadənin dəfn yeri məlum deyil.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir