(Birinci yazı)
Antidemokratik, avtoritar rejimlər “xarici düşmən” axtarışına çıxmağı və bu “xarici düşmən”dən gələn təhlükələrlə manipulyasiya etməyi sevirlər. Bəzən bu axtarışlar, manipulyasiyalar hətta özünüifşa həddinədək gəlib çatır.
Uzağa getməyək, elə dünən (6 may) baş nazir müavini, “Qaçqınkom” sədri, YAP sədrinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri (bir adama bu qədər vəzifə verildiyi bir ölkəyə xarici düşmən nə lazım?!) Əli Həsənovun açıqlamalarına göz ataq. O, Qarabağ məsələsinə görə ABŞ-ı, Rusiyanı, Fransanın qabırğasına o ki var döşəyib. Ümumiyyətlə isə son bir neçə gündə yaptokratların “xarici düşmən” cildində təqdim etdikləri ölkələrin, beynəlxalq qurumların sayı-hesabı yoxdur (əlbəttə, ittiham hədəfləri arasında doğrudan da, Azərbaycana münasibətdə xoşniyyətli olmayanlar da var, məsələn, Rusiya. Baxmayaraq ki, Qarabağ sorununun baiskarı Kremldir, yapçılar isə Qarabağ məsələsindən yanıqlı-yanıqlı danışsalar da, Rusiyanın adını, demək olar, dillərinə gətirmirlər).
Indi sual yaranır: bu qədər ölkə, beynəlxalq təşkilat Azərbaycana qarşıdırsa, bəs hanı sizin o tərifli xarici siyasət kursunuz? Haqqında səhər-axşam dayanmadan, bəh-bəhlə danışdığınız “diplomatik uğurlarınız” hanı bəs?
Qayıdaq avtoritar, antixalq, antidemokratik rejimlərin ortaq və sağalmaz xəstəliyinə çevrilmiş “xarici düşmən” axtarışlarına. Bu xəstəliyin bir neçə yaranma səbəbi var. Biz ikisinin üzərində dayanaq.
Birincisi: qapalı cəmiyyətin diqqətini rejimin yaratdığı böyük sorunlardan – yoxsulluqdan, korrupsiyadan yayındırmaq, toplum üzərində sanki bütün dünya ona düşmənmiş kimi bir alqı yaratmaq və kütlənin Sistem ətrafında sarsılmaz birliyinə nail olmaq. Elə bir rəy formalaşdırmaq ki, rejimin sanki ölkədə bütün problemlərin səbəbkarı məhz xarici düşmənlərdir, bütün dünya əl-ələ verib sənin inkişafının qarşısına sədd çəkir, sənə paxıllıq edir, səni gözü götürmür, sənin qarşında əngələ çevrilir. Guya əks halda hər şey tamam başqa cür – daha gözəl, daha əla ola bilərdi. Bir sözlə, davamlı şəkildə “xarici düşmən axtarışı” antidemokratik, çağdışı, avtoritar-totalitar rejimlərə həm kütlənin həmin o “xarici düşmən”ə qarşı rejim ətrafında birləşməsini təmin etmək, beləcə, hər hansı siyasi, sosial tələblər irəli sürməsini əngəlləmək, həm də ölkənin sorunlarının, dərdlərinin, qayğılarının məsuliyyətini öz üzərindən ataraq, bütün günahı üzərinə yükləyəcək “suç keçisi” tapmaq üçün lazımdır.
Ikincisi: “xarici düşmən” antixalq, antidemokratik rejimlərə ölkə içində özünə rəqib, təhlükə kimi gördüyü fərdləri, qrupları zərərsizləşdirmək, tənqidçi səsləri boğmaq, müxalif fəaliyyətləri şərləmək, ləkələmək, kütlənin fəal etirazçı kəsimdən uzaqlaşdırmaq, kütləni ona qarşı çevirmək, onunla məsafə saxlamağa məcbur etmək üçün lazımdır. Əvvəlcə “xarici düşmən” kultu yaratmaq lazımdır ki, sonra da kimlərisə həmin bu düşmənin dəyirmanına su tökməkdə suçlayıb həbsə ata, ölkədən qova, kütlənin gözündən sala biləsən.
Son iki ildə Azərbaycanda vətəndaş cəmiyyətinin faktiki olaraq ləğv edilməsi planı məhz illərdir yaradılmağa çalışan “xarici düşmən” kultu sayəsində reallaşdı. Rejim hamını real düşmənə – Ermənistana “işləməkdə” suçlayıb zərərsizləşdirməyin çox komik görünəcəyinin, öz inandırıcılığını tamamilə itirəcəyinin fərqində olduğu üçün xəyali düşmənlər də yaradıb, indi həbsxanalar belə xarici və xəyali düşmənlərdən pul alıb ölkəni qarışdırmaq istədiyi deyilən (yalan və böhtan üzərində qurulan rəsmi ittihamnamələrdə nə yazılmasından asılı olmayaraq!) insanlarla doludur.
Əlbəttə, yenə də acı gülüşlə müşayiət olunan suallar doğurur, məsələn: ən çox pul da, ona yarınanlara qarşı ən böyük səxavət də bunlarda olduğu halda niyə kimsə gedib xaricdən pul alsın, hansısa həm nisyə, həm də təhlükəli niyyətlərə (məsələn, hakimiyyəti dəyişmək kimi!) düşsün axı? Elə bunların özlərindəncə pul alıb qulağıdinc şəkildə, xımır-xımır yeyə bilməzmi?