Rəsmi Bakı ağasının üzünə ağ olmaq istəmədi
Son vaxtlar Rusiyanın yürütdüyü xarici siyasət kursundakı ermənipərəst meyillər diqqət çəkir. Aprelin 24-də Yerevanda “erməni soyqırımı” abidəsini ziyarət edən Rusiya prezidentinin tədbirdə verdiyi bəyanatlar da birmənalı dəyərləndirilmir.
Rusiyanın separatçı “Dağlıq Qarabağ Respublikası”nda keçirilən parlament seçkilərini tanıması əslində son damla olmalıdır. Rusiyanın “Interfaks” agentliyinin yaydığı məlumatda bildirilir ki, Rusiyanı və bəzi digər ölkələri bu “seçkilərdə” müşahidəçi kimi təmsil etmiş şəxslər BMT-ni seçkilərin nəticəsini tanımağa çağırır. Rusiyadan olan müşahidəçilər xüsusi bəyanatla çıxış edərək seçkilərə yüksək qiymət verdiklərini bildirir və BMT üzvü olan ölkələrdən seçkiləri tanımağı xahiş edir.
Elə bir müddət əvvəl nazir Şahin Mustafayev Italiya və Irandan olan həmkarları ilə görüşündə bu ölkələrə məxsus şirkətlərin Qarabağdakı fəaliyyətindən narazılıq bildirmişdi. Bəs rus vətəndaşı olan bu şəxslərin Qarabağdakı seçkini tanımaq müraciətinə necə reaksiya verilməlidir?
Hikmət Hacızadə: “Müşahidəçilərin mövqeyini Kreml də bölüşürsə, o zaman Bakı buna etiraz etməlidir”
Politoloq Hikmət Hacızadə bildirdi ki, Rusiya dövlət olaraq bəyan edib ki, Qarabağda keçirilən seçkiləri tanımır. Amma rus deputatlarının Qarabağda keçirilən “seçkilərdə” iştirak etməsindən sonra verilən bəyanatları da diqqətdə saxlamağın tərəfdarı olan H.Hacızadə bildirdi ki, deputatların bəyanatları Kremlin rəsmi mövqeyini əks etdirmir: “Əgər bu müşahidəçilərin mövqeyini, onların ünvanladığı müraciəti Rusiya hakimiyyəti də bölüşürsə, o zaman Bakı buna etiraz etməli, nota göndərməlidir. Ona görə bu istiqamətdə ciddi araşdırma aparılmalıdır”, deyə H.Hacızadə vurğuladı.
Zahid Oruc: “Rəsmi Bakı bu məsələdə ənənəvi siyasətinə sadiq qalmalıdır”
Millət vəkili Zahid Oruc isə bildirdi ki, Qarabağda keçirilən “seçkilər” bu qurumun müstəqil subyekt kimi beynəlxalq aləmdə tanınmasına gətirib çıxarmayıb və həmişə əks-effekt verib. Beynəlxalq təşkilatların həmişə Qarabağda keçirilən seçkilərlə bağlı mövqeyinin birmənalı olduğunu deyən Z.Oruc vurğuladı ki, dövlətlərlə bağlı da Ermənistan istəyini gerçəkləşdirə bilməyib. Hətta Ermənistanın ən yaxın müttəfiqləri belə Qarabağ rejimi ilə münasibətlər qurmayıblar: “Qarabağda keçirilən ”seçkilərdə" ayrı-ayrı siyasətçilər, politoloqlar, millət vəkilləri müşahidəçi kimi iştirak edib. Amma onlar Rusiya hakimiyyətinin mövqeyini ifadə etmirlər. Tanınma çağırışı ilə çıxış edənlər də ermənilərdən maliyyə alan, onların lobbi fəaliyyətini təbliğ edənlərdir".
Azərbaycanın baş verənlərə münasibətinə gəlincə, Z.Oruc bildirdi ki, rəsmi Bakı bu məsələdə ənənəvi siyasətinə sadiq qalmalı və Qarabağ rejimi ilə əlaqəyə girən xaricilərə qarşı tətbiq etdiyi qadağaları gerçəkləşdirməlidir. Yəni onların adları XIN tərəfindən hazırlanan “qara siyahıya” əlavə olunmalıdır.
Xəyal