Hakimiyyətin çarəsizliyindən doğan “ermənipərəst” ittihamı

Eldəniz Quliyev: «Hökumətin leksikonunda olan «erməni dəyirmanına su tökmək», «ermənipərəst» kimi ifadələr arqument qıtlığından irəli gəlir»

 
Nurəddin Məmmədli: «Hakimiyyət demokratiya tələb edənləri «ermənipərəst» adlandırmaqla öz ömrünü uzatmağa çalışır»
 
Azərbaycan hakimiyyəti bir qayda olaraq, onu tənqid edənləri “ermənipərəst” adlandırmaqla özünü sığortalamağa çalışır. Həttaÿ hökumətyönlü mediada Amerikanın dövlət katibi Con Kerrinin, Birləşmiş Ştatların prezidenti Barak Obamanın da ermənilərin təsirində olduğu haqda fikirlər tirajlamaqla daxili auditoriyanı aldatmağa cəhd edirlər.
Ölkədəki ləyaqətli insanları ləkələmək, beynəlxalq öhdəliklərdən imtina etmək naminəÿ böyük düşmənimizin təbliğilə məşğul olmaq sanki dövlət siyasətinə çevrilib. Dünyanın mötəbər qurumlarının ermənilərin əlində alətə çevrildiyini iddia edənlər düşmənimizi beynəlxalq miqyasda ən nüfuzlu millət kimi təqdim etməklə, əslində, öz millətçiliyimizə zərbə vurduqlarının fərqində deyilmi?
AXCP sədrinin müavini Nürəddin Məmmədli deyir ki, hakimiyyətin istər daxildə, istərsə də xaricdə onu tənqid edənlərə qarşı apardığı kampaniya artıq heç bir effekt vermir. Onun sözlərinə görə,ÿindi ermənipərəstlik mifi kimsəni aşağılamaq mümkün deyil: “Əgər məsələyə siyasi kontekstdə qiymət verilsə, nəticə bu hakimiyyətin öz əleyhinə olar. Torpaqların işğalının səbəbi, ermənilər və ruslarla aparılmış danışıqlar heç kimə sirr deyil. Ermənistana gizli yollarla neft məhsulları, qara kömür, ərzaq daşınması barədə də mediada kifayət qədər məlumatlar yayılıb. Bu fakt, hətta Ermənistanın Gömrük Komitəsinin rəhbəri səviyyəsində etiraf olunub. Və nəhayət, Əliyevlər hakimiyyətdə olduqları 22 il ərzində işğal altında olan torpaqlarımızın geri qaytarılması istiqamətində hansı nəticəni əldə edib? Bütün bunları nəzərə alaraq deyirəm ki, bu hakimiyyətin başqalarını ermənipərəstlikdə günahlandırmağa haqqı yoxdur, əvvəlcə özlərindən başlasınlar”.
Rusiyanın qondarma erməni soyqırımına dəstəyini yada salan Nurəddin Məmmədli qeyd edir ki, Azərbaycan hakimiyyəti indiyədək rəsmi Moskvanın bu siyasətini hətta yumşaq şəkildə tənqid edən bircə fikir səsləndirməyib. AXCP-nin sədr müavini deyir ki, Azərbaycan iqtidarının əsas problemi ölkədə demokratik islahatlar aparılmasını tələb edənlərlə bağlıdır: “Hakimiyyət demokratiya tələb edən bütün ölkələri, beynəlxalq təşkilatları ”ermənipərəst" adlandıraraq, öz ömrünü uzatmağa çalışır. Avropa Birliyi demək olar, yeganə təşkilatdır ki, bir qayda olaraq, Azərbaycanın torpaqlarının işğal olunduğunu rəsmi sənədlərlə etiraf edir. Bu qurum Azərbaycanın ərazi bütövlüyünü tanıyır, qəbul etdiyi qətnamələr vasitəsilə işğal olunmuş ərazilərin azad olunmasını tələb edir. Bütün bunların müqabilində Azərbaycan hakimiyyəti onları da “ermənipərəst” adlandırır. Səbəb də budur ki, Avropa Birliyi insan haqlarının vəziyyətinə, insanların siyasi motivlərlə həbsinə, ölkədəki repressiyalara görə Azərbaycan hakimiyyətini tənqid edir.
Dünyada Azərbaycan hakimiyyəti qədər lobbi fəaliyyətinə pul xərcləyən ikinci bir ölkə yəqin ki, yoxdur. Hətta ABŞ mediası Azərbaycan hakimiyyətinin bu ölkədəki lobbiçilik fəaliyyətini ifşa edərək yazırdı ki, xərclənən milyonlarla dollara baxmayaraq, ortada heç bir müsbət nəticə yoxdur".
Nurəddin Məmmədli onu da əlavə edir ki, Azərbaycan hakimiyyətinin yerli və beynəlxalq səviyyədə onu tənqid edənlərə qarşı apardığı kampaniya artıq heç bir effekt vermir: “Dünyada demokratiya uğrunda apardığı mübarizəyə görə Con Kerrini ”ermənipərəst" adlandırmaq hökumət adına rüsvayçılıqdır".
Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev də o fikirdədir ki, hökumət onu tənqid edənlərə “ermənipərəst” damğası yapışdırmaqla ömrünü uzatmağa çalışır: “Artıq hakimiyyətdəkilərin özləri də dərk etməlidilər ki, yalan donuna bürünmüş bu siyasətlə demokratik düşüncəli insanları yolundan dönmərmək, ləkələmək mümkün deyil. Azərbaycan hakimiyyəti bütün dünyanı ”ermənipərəst" adlandırmaqla Azərbaycan xalqında belə bir fikir formalaşdırır ki, sanki ermənilər beynəlxalq aləmdə istədikləri məqsədə çatmaq iqtidarındadır.ÿÜmumiyyətlə, Azərbaycan hakimiyyətinin ideoloji siyasətində o qədər boşluqlar var ki, onlar bu tip ittihamlarla doldurulanda kənardan çox gülünc görünür. Hökumətin leksikonunda olan “erməni dəyirmanına su tökmək”, “ermənipərəst” kimi ifadələr, ittihamlar çarəsizlikdən, arqument qıtlığından irəli gəlir. Amma mən əminəm ki, bütün bunlar ötəri prosesdir. Azərbaycan xalqı da gözəl bilir ki, bu ittihamlar hökumətin təfəkküründən qaynaqlanan, gülüş doğuran çarəsizliyin nəticəsidir".
Emil