«Generalnı oblava»

Ideya tükənməzliyi baxımından xalqımızın imkanlarını həmişə yüksək qiymətləndirmişəm. Ən çıxılmaz situasiyalarda belə, çıxış yolu tapmaq problem olmayıb bizimçün. Təsadüfi deyil ki, bir çox lətifələrdə də azərbaycanlıların bu baxımdan bacarıqlı, hazırcavab obrazı dillərdə əzbərdir.Redaksiyamıza hər gün şikayət məktubları gəlir. Bu məktublar məmur özbaşınalığı, ədalətsizlik, pozulmuş hüquqdan danışır, bir sözlə, vətəndaşın insan yerinə qoyulmadığı məmləkətin məktublarıdır. Yeri gəlmişkən, bizdən kömək umulan məktubların bəzilərində vəziyyətdən çıxış yolları da göstərilir, istər şikayət ünvanlanan orqan, istərsə də başqaları üçün.

Məsələn, Qarabağ savaşı əlili Namiq Ağayev məktubunda ev və maşın ala bilməməsindən şikayətlənir. Səbəb də rüşvətdir. Yəni, qanuni haqqını almaq üçün ondan rüşvət tələb edilir. O da bu rüşvəti vermək üçün Ilham Əliyevə müraciət edib 15 min manat kredit istəyir. Çox sadə çıxış yoludur. Adam ev yiyəsi olmaq üçün Ipoteka krediti almalıdır. Bu kreditin də Azərbaycan vətəndaşlarına hansı hesaba başa gəldiyini izah etməyə ehtiyac yoxdur. Bu, ideal variantdır. Yəni, Ilham Əliyevdən 15 min manat kredit götürə bilsə, vətən uğrunda savaşda əlil olan Namiq həm ev, həm də maşın sahibi olacaq.

Amma problem ondadır ki, Ilham Əliyevdən bu pulu almaq mümkünsüzdür. Başlıcası ona görə ki, o, dövlət başçısı olaraq ölkənin problemlərindən xəbərsizdir. Həm də gerçəyi yazan müxalifət qəzetlərini oxumadığına görə. Ümumiyyətlə, onun qəzet, kitab oxuduğunun kimsə şahidi olmayıb. Ölkə onun üçün o qədər maraqsızdır ki, getdiyi yerdən qayıtmaq belə, istəmir. Bəzən günlərlə onun harada olması barədə xəbər verilmir. Iyunun 10-da onu sonuncu dəfə Sloveniyada görmüşdülər. Ta o çağdan iyunun 21-nə – Belçikaya səfərinə qədər Azərbaycanın dövlət başçısının yeri bəlli olmayıb…

Bu əlil qardaşımızın məktubunun “Azadlıq”da çapı da yenə Ilham Əliyevin ölkədə olmadığı vaxta düşür. Ölkədə olsaydı belə, hətta məktubu oxusaydı da onun bu tip işlərə pul ayırması inandırıcı görünmür. Vətən uğrunda döyüşənlər, erməniyə güllə atanlar elə müxalifətçi kimi bir şeydir. Büdcə pulları onlara çatmamalıdır. Onlar ölkənin sərvətlərindən yararlanmamalıdır. Bu yaxınlarda iqtisadçılar maraqlı bir fakt aşkarlamışdılar. Büdcəni sağa-sola dağıdan hakimiyyət aylar üzrə bölgüdə daha çox dekabrda pul xərcləyib. Bu o anlama gəlir ki, ilin sonunda bunlar hələ də büdcədə pul qaldığını görüb əl-ayağa düşüblər.

Yadıma kəndimizdə olan bir əhvalat düşür. Yayda bostan məhsulları alveri ilə məşğul olan iki qohum (bibioğlu, dayıoğlu) bazara yemiş aparmalı imiş. Bibioğlu məsləhət görür ki, maşınla özü tək getsin. Əsaslandırması da belə olur: Iki adama xərcimiz çox çıxar. Dayıoğlu ağıllı təklifə razılaşır. Bazardan qayıdan bibioğlu heç bir qazancın olmadığını deyir. Şəriki razılaşmayanda ortaya siyahı qoyur. “Post-QAI – 10 manat, ”Oblava” – 15 manat… və bu minvalla siyahını uzadır, bir neçə dəfə “oblava” sözünü təkrarlayır, sonda istədiyi nəticəni – pulun hamısının “xərclənmədiyini” görəndə “Generalnı oblava” – 50 manat… yazılmış bu siyahını dayısı oğluna verir.
Indiki Azərbaycan hakimiyyətinin dekabr yeyintisi də buna –  “Generalnı oblava”ya bənzəyir. Avroboşanma

Əli Həsənov – o, “Qaqınkom”un və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Narkomanlığın artdığını deyən komitələr sədri Avrointeqrasiyaya görə ölkədə boşanmaların çoxaldığını da dilə gətirib. Avrointeqrasiyaya bu yırtıcı hakimiyyətdə olanların qısqanc münasibəti bəlli olduğundan, buna toxunmuram. Amma mənim kimi başqaları da şahiddir ki, nə qədər qarımış qız məhz Avrointeqrasiya səbəbindən son illər Avropanın müxtəlif məkanlarına ərə gediblər.

Xalqın pulunun mənimsənilməsi, onun yoxsul, dilənçi vəziyyətinə gətirilməsi, narkotik ticarətin və narkotik istifadəçilərinin sayının artması ailələrin dağılmasına səbəb ola bilməz, elə deyilmi, Əli Həsənov?!.