Əli Kərimli: "Bu bir ilk olacaq, Azərbaycan məhkəmələri əvvəllər heç vaxt eyni zamanda 1 milyondan artıq insanın taleyini dəyişəcək bir qərar verməyib"
Mayın 7-də Konstitusiya Məhkəməsi banklardan devalvasiyadan əvvəl dollarla götürülən kreditlərin hansı məzənnə ilə ödənilməsinə dair qərar verəcək. Söhbət banklara dollarla krediti olan 1 milyondan artıq insana təsir göstərəcək qərardan gedir. AXCP sədri Əli Kərimli "facebook" səhifəsində bu mövzu ilə bağlı fikirlərini bölüşüb:
"Bu, bir ilk olacaq. Azərbaycan məhkəmələri əvvəllər heç vaxt eyni zamanda bu qədər adamın taleyini dəyişəcək bir qərar verməyib.
Mayın 7-də Konstitusiya Məhkəməsi birdəfəyə bir milyondan artıq insan haqda qərar çıxaracaq. Bu baxılan işin "qiyməti" də çox yüksəkdir. Söhbət 1.7 milyard manat vəsaitin taleyindən gedir. Bu qədər vəsaiti kim ödəməli olacaq – vətəndaşlar, yoxsa banklar? Manatın devalvasiyası nəticəsində banklardan dollarla kredit götürmüş vətəndaşlarımız hökumətin xəlvət verdiyi "gecə" qərarının nəticəsində məhz bu qədər – 1.7 milyard manat ziyana düşüblər. Təsəvvür edin ki, adamlar illik 25-30 faizdən dollarla kredit götürüblər, sonra da dollar bir gecədə, hökumətin bir xain qərarı ilə 34 faiz bahalaşıb. İndi həmin krediti 60-65 faizlə qaytarmalı olublar. Bu qədər də insafsızlıq, soyğunçuluq olarmı?
İndi Konstitusiya Məhkəməsi qərar verəcək ki, banklardan dollarla krediti olan vətəndaşlar borclarını dolların köhnə, yoxsa yeni məzənnəsi ilə ödəsinlər. Məsələ burasındadır ki, ölkədə hər şey kimi qanunvericilik də dolaşıqdır, qeyri- müəyyəndir, aydın deyil. Mövcud Mülki Məcəllədə ziddiyyətli normalar var ki, onların birinə istinad edib, bankların xeyrinə (yəni dollarla olan borclar dolların hazırkı məzənnəsi ilə qaytarılsın) qərar vermək olar. Digər normaya da istinad edib, vətəndaşların xeyrinə (yəni dollarla olan kreditlər dolların kreditin götürüldüyü vaxtdakı məzənnəsi ilə qaytarılsın) qərar çıxarmaq olar.
Necə hesab edirsiniz, Konstitusiya Məhkəməsi kimin xeyrinə qərar çıxaracaq – bankların, yoxsa xalqın? Bu gedişlə, əlbəttə ki, banklar müdafiə olunacaq. Hər bankın arxasında nəhəng bir oliqarx, ya da hakim ailənin özü dayanır. Bəs xalqın arxasında kim var? "Heç kim" deməyə tələsməyin, 1 milyon insana arxamı lazımdır? 1 milyon insan özü kimə desən arxa, dayaq da olar, istəsə, qarşısında aşılmaz maneə də olar. Amma bunun üçün xalqımız maariflənməlidir. Hüquqlarını bilməlidir. Bir az təşəbbüskar olmalıdır. Haqqını tələb etməlidir. Yəni dollarla krediti olan bu 1 milyondan artıq insanın içində 20-30 min nəfər yüksək təhsilli, hüququnu bilən və onu tələb etməyə qorxmayan adam yoxdur?
Bir anlıq təsəvvür edin ki, heç bizim də iştirakımız olmadan 20-30 min nəfər banklara dollarla krediti olan, hökumətin aldatdığı vətəndaş aksiyalar keçirib, haqqını tələb edir, hökumətin bir məsuliyyətsiz anti-xalq qərarına görə 1.7 milyard manat ziyana düşmələrinə dinc etiraz edir. Hökumət, onun ağzına baxan məhkəmələr bu etirazları qulaqardına vura bilərdimi? Əlbəttə, yox!
Hələ də gec deyil, əziz vətəndaşlar, öz aranızda təşkilatlanın, haqqınızı tələb edin, biz də sizin yanınızda olmağa hər zaman hazırıq. Özünüz ayrıca (Moldovada olduğu kimi) mitinqlər təşkil edənə qədər isə Milli Şuranın mitinqlərinə qatılın! Belə bir avtoritar rejim şəraitində yalnız mübarizə aparmaqla haqqınızı əldə edə bilərsiniz".