Bakıdan Naxçıvana maşın qadağan olundu

Vasif Talıbov maşın almaq istəyənləri özünün himayəsində olan «Lifan»ları almağa məcbur etdirir

Bakıdan Naxçıvana şəxsi minik maşınlarının gətirilməsinə yeni qadağalar tətbiq edilir. Bir həftə bundan əvvələ qədər belə qadağa ancaq 2006-cı ilə kimi istehsal edilmiş avtomobillərə tətbiq olunurdu. Indi isə Avro-4 və Avro-5 standartlarına uyğun son model yeni avtomobillər belə, Naxçıvana buraxılmır. Beləliklə, bu sahə Naxçıvan Avtomobil Zavodunun (NAZ) inhisarına verilir. Avtomobil sahibi olmaq istəyənlərin sözlərinə görə, onları NAZ istehsalı olan avtomobilləri almağa məcbur edirlər.
Avtomobil sahiblərinin dediklərinə görə, son qadağadan öncəyə kimi Naxçıvana gətirilərək qeydiyyata alınan avtomobillərin dövlət qeydiyyat nişanının 85-lə başlayan yerli nömrələrə dəyişdirilməsi tələb olunur. Bu isə avtomobil sahibinə təxminən 500 manata başa gəlir.
NAZ 2009-cu ildən fəaliyyətə başlayıb. Çinin “Lifan” Avtomobil Korporasiyası ilə əməkdaşlıq sazişi imzalayıb. Sazişə əsasən, Naxçıvanda “Lifan” minik avtomobillərinin quraşdırılması həyata keçirilir. Zavodda “Lifan-320″, ”Lifan-520″ və “Lifan-620″ modelləri yığılır. Istehsal edilən avtomobillər yerli əhaliyə nəğd ödəmə və kreditlə satılır. Bütün bunlara aydınlıq gətirmək üçün Naxçıvan DYP ilə əlaqə saxlasaq da, suallarımız cavabsız qaldı.