Qisas meydanı

(«Gücsüz ədalət və ədalətsiz güc – hər ikisi dəhşətdir». J.Juber)

Mətləb Mütəllimli

İndi bizim adı var, özü yox ədalət məhkəmələrimizdə mühakimə olunan şəxsləri saxlamaq üçün səskeçirməz şüşə qəfəslərdən istifadə etməyə başlayıblar. Adını da qoyublar ki, bəs deməzsən, xaricdə, Avropada bu qəfəslərdən gen bol istifadə edirlər. Qatı cinayətkarlar bizdədir?! Mən ha fikirləşirəm, yaddaşımı ha silkələyirəm, hər dəfə eyni fikrə gəlirəm ki, hətta, dünyaya səs salan ağır cinayətlər törətmiş qatı cinayətkarları belə şüşə qəfəsə salmamışlar, yəni:
-Nə 79 nəfəri öldürmüş norveçli Andres Breyviki ;
-nə 85 qadını öldürdüyünü etiraf etmiş alman Brino Ludkeyi;
-nə 150 qadını aldadaraq malikanəsinə gətirən, burada işgəncələrlə öldürən amerikalı Herman Vebster Mudgenti;
-nə 200 -ə qədər uşağı qaçırıb öldürməkdə günahlandırılan fransız əsilzadəsi De Reysi;
-nə 650 qadını işgəncədən keçirib öldürmüş, dünya tarixinin ən dəhşətli qatillərindən biri, macar Elizabet Batori Sejteni;
-nə də ki, 931 qurbanını boğaraq öldürən qəbilə başçısı hindistanlı Bəhram Tuğu şüşə qəfəsdə olmamışlar.

Cibişdan maraqları

Sadaladığım qatı cinayətkarların əvəzində suçu ancaq hakimiyyətə baş əyməmək olan akademik Əli İnsanovu, ədalətli cəmiyyət uğrunda mübarizə aparan, çəkinmədən hakim ailənin biznesindən yazan Xədicə İsmayılı şüşə qəfəsdə gördüm. Bəli, bu psixoloji işgəncə xaricdə tətbiq olunursa və hakimiyyətin işinə möhkəm yarayırsa, deməli, bizim də üstümüzdə hökmən sınanmalıdır. Onda, belə çıxır ki, əgər, Avropada, amerikada kişi kişi ilə, qadın qadınla evlənirsə ,onda bu hökmən bizdə də olmalıdır. Necə olmasa, son nəticədə şəxsi mənafe, cibişdan maraqları milli mentalitetdən yüksəkdədir axı! Qisas yeri Sözsüz ki, bu şüşə qəfəslər hələlik indiki hakimiyyətə biət etməyən ,onun qanunsuz əməllərinə, özbaşınalıqlarına, cinayətlərinə göz yummayan şəxslərə qarşı tətbiq edilir, onlardan qisas almaq məqsədi güdür. Doğrudur, hələ ki, bir istisna olmuşdur, o da sabiq millət vəkili Gülər Əhmədova idi , o da susmağı bacardığına görə şüşə qəfəsdən zindana yox, azadlığa göndərildi. Onun zindana salınması da qəfəsə salınması kimi məqsədli şəkildə, gözdən pərdə asmaq üçün edilmişdi. Divin canı şüşədə olduğu kimi , bu hakimiyyətin də canı saxtakarlıqdadır və bu saxta addımı ilə ,o, bizə bir daha sübut eləmək istəyirdi ki , görürsünüzmü , biz hamıya qarşı eyniyik. Çatmırdı saqqal darağımız Dünya Bankının pulu ilə ,guya, məhkəmə sistemimizi təkmilləşdirən , əslində isə o pulların da bir qismini basıb yeyənlər bizi inandırmağa çalışır ki, məhkəmə zallarında şüşə qəfəslərin quraşdırılması çox mütərəqqi addımdır və bu təcrübəni Avropadan götürüblər. Guya, bizim məhkəmə zallarında hər şey yerində idi, bircə səs buraxmayan, havası çatmayan şüşə qəfəsimiz çatmırdı.
Sizi deyə bilmərəm , şəxsən mənim qənaətimcə , qoy, müttəhimləri lap, məhkəmə salonunun ortasında başı üstə saxlasınlar, tavandan assınlar,nə edirlər etsinlər, təki , onları ədalətlə, vicdanla mühakimə etsinlər, robota çevrilmiş hakimlərdən çirkin siyasi məqsədlər üçün istifadə etməsinlər. Arxalı köpək qurd basar. Bu yerdə türk qardaşlarımızın bir deyimi yada düşür ki, «Məmləkətin ən güvənli yeri məhkəmə salonudur».

Haqq-hesab meydanı

Bizdə isə, bir qayda olaraq, məhkəmə salonları hakimiyyət üçün siyasi rəqibləri-müxalifətlə haqq hesab çürütmək üçün ən ideal məkanlardan birinə çevirmişlər. Əvvəllər, heç olmasa, dəmir barmaqlıqlar arasında olsa da müttəhimlər ən azından, istədikləri kimi rahat nəfəs alırdı, lazım olanda məhkəmənin gedişinə etirazını bildirirdi, bacardığı qədər özünü müdafiə edirdi, ən nəhayət, çətinə düşəndə istədiyi vaxt vəkilləri ilə məsləhətləşmək imkanı əldə edirdi. Bəs, indi nə baş verir?

«Şüşəli məhkəmə»

Şüşə qəfəsə hava xüsusi boru ilə axıdılır, orada quraşdırılmış mikrofonun düyməsi də özünün düyməsi yuxarıların barmağı altında olan hakimin əlinin altındadır. Kodlaşdırılmış hakim də kefi istədiyi vaxt müttəhimin səsini kəsir, heç kəsi vecinə almadan ona qanunla verilmiş hüquqları xəyalına belə gətirmir. Çünki, onun xəyalı ancaq və ancaq yuxarıların tapşırığının yanındadır.

Hava verin…

İlk dəfə belə qəfəs sabiq səhiyyə naziri Əli İnsanovun məhkəməsində quraşdırılmışdı. O da xatirimdədir ki,70 yaşlı, YAP-ın ilk qurucularından olan bu insan qəfəsin içindən “ hava verin, havam çatmır” deyə qışqırırdı. Hələ heç, müttəhimin çıxışının qanunsuz olaraq hər dəqiqə kəsilməsini ,haqlı etirazlarına əhəmiyyət verilməməsini , yaxşı nümunə kimi bizə sırınan bir düymə ilə səsinin alınmasını demirəm . Bax, bu yerdə öz hüquqlarını məhkəmə salonunda qorumaqdan məhrum edilən ,bununla da həyatı alt-üst edilən biçarə müttəhimin, qohum əqrabasının bağrı çatlamasın, bəs, neyləsin?

Şüşə qəfəs “çiçə”dir…

Çox qəribədir ki,hakimiyyətin insanları alçaldan bu yeniliyi hüquqşünaslar, vəkillər tərəfindən bir növ, sükutla, laqeydliklə qarşılandı. Hətta , bəziləri, misal üçün , Müzəffər Baxış kimi tanınmış hüquqçular bu anormal hala normal yanaşdılar. Görünür, bunu da , müttəhimlərin metal qəfəsdə saxlanmasının Avropa Konvensiyasının 3-cü maddəsinin pozulması olduğu barədə Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə əlaqələndirirlər. Belə çıxır ki, şüşə qəfəs “çiçə “dir, dəmir qəfəs isə “ xıxə “? Halbuki,mövcud qanunvericilik şübhəli bilinən şəxslərin, ən qatı cinayətkar olsa belə, qanunla qorunan hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına, psixoloji təzyiqlərə məruz qalmasına qadağa qoyur.

Femidanın üzünə tüpürənlər…

Bakı apelyasiya məhkəməsinin salonunda quraşdırılmış şüşə qəfəslə bağlı bu yaxınlarda daha bir hadisə, daha doğrusu, rüsvayçı hadisə baş verdi. Binəqədi rayon məhkəməsinin hüquqi yox, siyasi qərarına əsasən tanınmış jurnalist Xədicə İsmayıl 2500 manat cərimə edildi . Mübariz jurnalist sifarişli qərarla razılaşmayaraq apellyasiya məhkəməsinə şikayət vermişdi. Əsassız qərardan apelyasiya şikayətinə baxılanda Xədicə xanım məhkəməyə gətirilsə də, şüşə qəfəsdə saxlanmışdı. Desəm, bəlkə də inanmazsınız , amma, bu faktdır ki, Bakı apellyasiya məhkəməsinin hakimi ilə vəkillər arasında tarixdə görünməmiş, femidanın üzünə tüpürülən bir dialoq olmuşdur.

Hakim konvoydan icazə istəyəndə…

Vəkillər məsləhətləşə bilmələri üçün şikayətçinin onların yanında oturmasına hakimdən icazə istəmişdilər. Hakim isə : “Mən icazə verirəm, amma, konvoy icazə verirmi?” demişdir. Vəkillər hakimin bu sözündən dəhşətə gəlmiş və “Siz necə hakimsiniz ki, konvoydan icazə alırsınız?” deyə soruşmuşdular. Hakim konvoyun rəisinə müraciət etsə də, o, rədd cavabı vermişdir. Bu biabırçı, biabırçı olduğu qədər də faciəvi hadisə bizim ədalətdən uzaq məhkəmələrin, hakimlərin əsl simasını bir daha göstərmirmi ? Burda belə rüsvayçı məhkəmə prosesi aparan hakimin adını çəkməyə də lüzum yoxdur. Çünki, buna min faiz əminəm ki, sifariş varsa Azərbaycanın bütün məhkəmə hakimlərinin mütləq əksəriyyəti, hətta yuxarı məhkəmələrin hakimləri də bu cür hərəkət edərdi.

Pisdən nümunə…

İndi haqlı olaraq çoxları maraqlanacaq ki, müttəhimlərin hüquqlarının qorunması məqsədi ilə onların zalda yerləşdirilməsinin mən hansı formasını məqbul hesab edirəm? Nə qədər təəccüblü olsa da və bizim hakimiyyətin Rusiyaya qarşı ifrat sevgisini nəzərə alıb bu işdə elə rusları nümunə göstərmək istəyirəm. Orada artıq nə dəmir, nə də şüşə qəfəsə üstünlük verilmir. Müttəhimlər kürsüsündə oturanlara elə şərait yaradılır ki, onun taleyi həll edilən prosesdən lazımı qaydada yararlana, zəruri hallarda etirazını sərbəst formada bildirə, müdafiə tərəfi ilə istənilən vaxt məsləhətləşə bilsin. Bundan başqa, müttəhimin oturduğu oturacağın aşağı hissəsinə xüsusi qurğu bərkidilir ki, bu da onun orada artıq hərəkətini məhdudlaşdıra bilir.

Azərbaycan – açıq məhbəs

Bir sözlə, bizi çapmaları, talamaları bəs deyilmiş, az imiş kimi, bu hakimiyyət bizi ləyaqətli və müstəqil məhkəmələrdən məhrum etmiş, ədalətli məhkəmələrə tamarzı qoymuşdur. Bu gün hakimiyyətdə təmsil olunan bir çox şəxslərin şakərininə çevrilmiş , kütləvi hal almış şər, böhtan selindən müdafiə olunmaq yolları da tükənmiş, bizi müdafiə edən say- seçmə vəkillər ya vəkillikdən uzaqlaşdırılmış ,ya da, zindanlara doldurulmuş, ölkədən didərgin salınmışlar. Belə bir vaxtda, hakimiyyət öz vətəndaşlarını, daha dəqiqi, insan saymadığı, kölə kimi gününü keçirən, küncdə- bucaqda qeybətdən başqa iş görməyən, kola hürən zümrəni yox, vətəndaş mövqeyini cəsarətlə ortaya qoyan insanları sındırmağın müxtəlif, iyrənc yollarını axtarır, onları Avropa nümunəsi adı ilə sıxmağa, boğmağa çalışır. Amma onlar unudurlar ki, təsir əks təsirə bərabərdir və əgər bu qəfəslər zəruri ittiham ünvanı kimi sahmana salınırsa, bu qəfəslərin arxasında hər kəsin yeri ola bilər, kimsə oradan sığortalanmayıb…