Müsavatda yeni təlatümlər

Vurğun Əyyub partiyadan çıxarıldı; Adil Qeybulla buna etiraz olaraq istefa verdi; Müsavatçılar qərargah qarşısında aksiyaya hazırlaşır

 
Müsavat Partiyasının yerli təşkilatı Vurğun Əyyubun təşkilatın sıralarından xaric edilməsi barədə qərar qəbul edib. Müsavat Partiyasının Divan üzvü və Binəqədi rayon təşkilatının keçmiş sədri Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, dünən partiyanın Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin toplanısı keçirilib.
Nemət Kərimli deyib ki, toplantıda Vurğun Əyyubun özəyin iclaslarına qatılmadığı müzakirə olunub: “O, özəyin iclaslarına qatılmaqla bağlı çağırışlara məhəl qoymayıb, qərarlara tabe olmayıb, üzvlük haqqını ödəməyib. Buna görə də özək təşkilatı onun partiyadan xaric edilməsi ilə bağlı qərar qəbul edib”.
Nemət Kərimli onu da bildirib ki, qərar Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Şurası tərəfindən baxılıb, təsdiq olunmalıdır.
Müsavat Partiyasının rəhbər orqanlarında təmsil olunanlar isə bu barədə danışmaq istəməyiblər.
 
“Bu cür ciddi məsələlərdə Isa Qəmbərin razılığı olmadan addım atmazlar”
 
“Müsavat Partiyasının indiki rəhbərliyi çox yaxşı bilir ki, qeyri-legitimlik damğasını heç cür üzərindən götürə bilməyəcək və indi də onun intiqamını almağa çalışır. Mən partiyanın indiki rəhbər orqanlarını legitim hesab etmədiyim üçün kənarlaşdırılmağımla bağlı qərarın sifariş əsasında ortaya çıxdığını bilərək, hüquqlarımın bərpası ilə bağlı onlara müraciət etmək fikrində deyiləm”.
Bunu isə APA-ya açıqlamasında Vurğun Əyyub Müsavat Partiyasından çıxarılması ilə bağlı qərara münasibət bildirərkən deyib. O, qərarın Müsavat Partiyasının Nizamnamə tələblərindən kənar olduğunu bildirib: “Bu, sadəcə Müsavat Partiyasının rəhbər orqanlarını legitim saymayan Vurğun Əyyubdan intiqam və qisas almaq cəhdidir. Heç bir halda nə partiya qərarlarının əleyhinə getmişəm, nə də kiminsə ünvanına aşağılayıcı ifadə işlətmişəm. Amma Arif Hacılının ətrafında olanların hamısı ünvanıma təhqiredici fikirlər söyləyiblər. Müsavatçılıq ideologiyasına bağlı olan bir adamam və bu ideologiyanın hələ də Azərbaycan cəmiyyətinə xoşbəxtlik və uğur gətirəcəyinə inanıram. Düşünürəm ki, müsavatçılıq ideologiyasına bağlı olmaq üçün mütləq Müsavat adında bir partiyanın üzvü olmaq şərt deyil”.
Vurğun Əyyub partiyadan çıxarılmasında sabiq başqan Isa Qəmbərin rolunun olub-olmaması barədə suala belə cavab verib: “Bu qərarda Isa Qəmbərin rolunun olması barədə bir şey deyə bilmərəm. Amma onu bilirəm ki, bu cür ciddi məsələlərdə Isa Qəmbərin razılığı olmadan addım atmazlar”.
 
Vurğun Əyyub tərəfdarları aksiyaya hazırlaşır
 
Bu arada məlum olub ki, Vurğun Əyyubun və digərlərinin Müsavat Partiyasından çıxarılmasına etiraz olaraq partiyanın qərargahı önündə etiraz aksiyası keçiriləcək.
Bu barədə APA-ya açıqlamasında Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli məlumat verib.
O qeyd edib ki, üzvlər tərəfindən partiyada baş verən son hadisələrə etiraz olaraq aksiya keçirilməsi təklif olunub: “Biz bu təklifləri dəyərləndirib, akasiyanın vaxtını müəyyənləşdirəcəyik. Güman ki, aksiya mayın 6-da keçiriləcək. Həm də biz bilmək istəyirik ki, hakimiyyətdən aksiya üçün yer tələb edən, narazılıq edən bir partiya öz qərargahı qarşısında etiraz aksiyasına necə yanaşacaq? Görəsən, indi Müsavatda demokratiya qalıbmı? Bunu aksiya zamanı görəcəyik”.
 
Adil Qeybulla Müsavatdan istefa verdi
 
Vurğun Əyyubun Müsavatdan çıxarılmasına etiraz olaraq professor Adil Qeybulla partiyadan istefa verib.
Adil Qeybulla bununla bağlı yaydığı bəyanatında qeyd edib ki, milli-azadlıq hərəkatının rüşeymlərindən olan Çənlibel hərəkatının və Müsavat Partiyasının qurucularından və liderlərindən biri Vurğun Əyyub absurd ittihamlarla partiyadan çıxarılıb. Onun fikrincə, indiki Müsavat daxilində çoxdan başlanmış təfriqəçilik və bölücülük siyasəti məntiqi sonluğuna çatıb: “Bu gün qeyri-qanuni üsullarla partiya rəhbərliyini ələ keçirmiş məhdud bir qrup müsavatçılığın mahiyyəti ilə daban-dabana zidd olan avtoritar və aqressiv davranış nümayiş etdirir. Bu cür davranış böyük Rəsulzadənin və ləyaqət etalonu olan sıravi müsavatçıların ruhuna həqarətdir. Müsavatın genomunu təşkil edən ədalət və mərhəmət prinsipləri bu gün onun adını daşıyan partiyada ayaqlar altına atılıb. Müsavatçılıq ruhuna avtoritarlıq hopa bilməz. Hopubsa, o partiyanın yalnız quru adı Müsavat ola bilər. Müsavatçılıq Müsavat Partiyasından qat-qat geniş anlayışdır”.
Adil Qeybulla qurultaydan öncə də partiyadan getməsi və sonradan geri qayıtmasına da aydınlıq gətirib: “O vaxt bu naqisliklər ictimailəşmədiyindən istefama yanaşmalar fərqli idi. Qayıtdım, ümid etdim ki, qurultaydan sonra yeni mütərəqqi fəaliyyət istiqamətinin əsası qoyular. Lakin aparılan yanlış xətt, təəssüf ki, qurultay vasitəsilə rəsmiləşdirildi. Partiyanı işğal etmiş məhdud bir qrupun apardığı yanlış siyasətə və təşkilatda yaratdığı cılız qisasçılıq, avtoritarlıq fəaliyyətinə şərik olmaq niyyətim olmadığından partiya sıralarından istefa verdiyimi bəyan edirəm. Yolumuz milli dövlətçilik yoludur”.
 
“Demokratiya və Rifah” Hərəkatında fəaliyyətim davam edir 
 
Adil Qeybulla AzadlıqRadiosuna müsahibəsində bundan sonra da müxalifət düşərgəsində fəaliyyəti davam etdirəcəyini bildirib: “Demokratiya və Rifah” Hərəkatında fəaliyyətim davam edir. Mən qətiyyən siyasi fəaliyyətdən çəkinmirəm. Ictimai fəaliyyətim də davam edir. Düşərgəm də müxalifət düşərgəsi olaraq qalır".
“Demokratiya və Rifah” hərəkatını Müsavat Partiyasına qarşı fəaliyyət hesab edənlərə cavab olaraq Adil Qeybulla deyir ki, bu cür düşüncə siyasi mədəniyyətsizlikdən irəli gəlir:
“Bu fikirləri yayan adamlar, əslində, partiyanı bu günə salan adamlardır. Onlar cəmiyyətdə bu cür fikirlər yaratmağa çalışırlar, rayonlarda bu cür təbliğatlar aparırlar. Bəzi idealist düşüncəli müsavatçıları buna inandırırlar. Amma hər şeyi zaman göstərəcək. Məsələ bundan ibarətdir ki, bu gün partiyada sıxışdırılan, partiyadakı indiki strukturu qəbul etməyən xeyli müsavatçının da siyasi fəaliyyətdə qalmaq, cəmiyyətdə, hansısa bir təşkilatda qalıb mübarizə aparmaq hüquqları var və bu hüquqları tanımaq lazımdır. Bu hüquqlara hansısa yarlıqlar yapışdırmaq siyasi mədəniyyətsizlikdir”.