Nurəddin Məmmədli: «Hakimiyyətin ABŞ-ı gah dost, gah da düşmən elan etməsi xarici siyasətdəki anlaşılmazlığın ifadəsidir»
Azərbaycan hakimiyyətinin anti-ABŞ kampaniyası tam sürəti ilə davam edir. Nəzarətində olan mətbuat orqanlarında ABŞ-ın Azərbaycanda “dövlət çevrilişi planları” barədə silsilə məqalələr yerləşdirən hakimiyət Vaşinqtonu bütün dünyavi günahlarda ittiham edir. “Azərbaycan” qəzetinin dünənki sayı da bu baxımdan istisna deyil. Yenə də hədəf ABŞ, ittihamlar da eyni məzmunludur.
Amma bu arada YAP-çı deputat Siyavuş Novruzovun açıqlamaları maraq doğurur. Aprelin 30-da ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə hakim partiyanın qərargahında keçirilən görüşdən sonra verilən bəyanatlar tam başqa xarakterlidir. S.Novruzov görüşdən sonra ABŞ-Azərbaycan münasibətləri barədə maraqlı açıqlamalar verib. S.Novruzov bildirib ki, görüşdə Con Kerri ilə bağlı məsələyə toxunulmayıb və hazırda ABŞ-la Azərbaycan arasında heç bir problem yaşanmır. “Azərbaycan dövləti hər zaman ABŞ-la strateji tərəfdaş olub, bundan sonra da bu tərəfdaşlığını davam etdirəcək”, deyə S.Novruzov vurğulayıb.
S.Novruzov rəsmi mətbuatda yazılanları gözardına vurması heç şübhəsiz təsadüfi deyil. Belə görünür ki, ABŞ-a yönəlik siyasətdə YAP-la administrasiyanın ya yanaşması üst-üstə düşmür, ya da hakimiyyət sadəcə olaraq ABŞ səfiri ilə görüşün məqsədinin tam fərqli olduğunu nümayiş etdirməyə çalışır. Çünki anti-ABŞ kampaniyasının qızğın vaxtında keçirilən görüşdə bu məsələlərin üstündən sükutla keçilməsi inandırıcı deyil.
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, hakimiyyətin xarici siyasətində hər zaman böyük problemlər, təzadlar yaşanıb. Yəni dövlətin bu istiqamətdə konkret siyasətinin olmamasının təsadüfi olmadığını deyən N.Məmmədli bildirdi ki, buna səbəb ölkəni idarə edənlərdə konkret dövlətçilik hissinin olmamasıdır: “Konkret şəkildə konsepsiya kimi elan edilməlidir ki, Azərbaycanın xarici siyasətində prioritetlər nədən ibarətdir? ”Qırmızı xətt" hansı səviyyədədir? Nəyi demək olar? Hansı məqamların isə üstündən sükutla keçilməlidir? Biz öyrəşmişik ki, Azərbaycanda hər hansı ideyanı əsasən Milli Məclisin üzvlərinin dilindən gündəmə gətirirlər. Bunlardan biri də Siyavuş Novruzovdur. Novruzov ABŞ-ı Azərbaycanın dostu kimi təqdim etdiyi bir vaxtda iqtidaryönlü mətbuatda ABŞ-ın əleyhinə təhqiredici fikirlər səslənir. Hətta vəziyyət o həddə çatıb ki, bunlar öz aləmlərində Kerrini ifşa edirlər. Bu xarici siyasətdəki anlaşılmazlığın ifadəsidir".
N.Məmmədli vurğuladı ki, belə halda Azərbaycanda idarəçilik sisteminin tənənzülə uğradığını söyləmək üçün kifayət qədər əsaslar var. “Bir dövlət məmurunun dedikləri, digəri ilə ziddiyyət təşkil edir. Bu da ölkənin xarici siyasətində bağışlanmaz qüsurlardan biridir”, deyə N.Məmmədli vurğuladı.
Xəyal