Samir Şərifovun nikbinliyinə əsas yoxdur
Maliyyə naziri Samir Şərifov ötən gün maraqlı açıqlamalarla çıxış edib. Dünyadakı neft böhranının qara qızıl ixrac edən dövlətləri ciddi şəkildə vurmasına baxmayaraq, nazirin çıxışı tam fərqli mənzərə yaradır. “Azərbaycan heç vaxt ticarət yönümlü xarici borclanmaya getməyib. Ölkəmizin bu gün buna kəskin ehtiyacı yoxdur”.
Fins.az-ın məlumatına görə, S.Şərifov bu fikirlərini Asiya Inkişaf Bankının (AIB) Rəhbərlər Şurasının 48-ci Illik Toplantısı çərçivəsindəÿjurnalistlərə verdiyi açıqlamasında qeyd edib. Nazirin sözlərinə görə, bəzi ölkələr gəlirləri azaldıqda müvəqqəti addım və ya müvəqqəti iqtisadi siyasət tədbiri kimi xarici borclanmaya gedə bilər, amma bu, Azərbaycan üçün o qədər vacib deyil: “Keçən il Azərbaycan ilk dəfə beynəlxalq bazarda xarici valyuta ilə ifadə olunmuş dövlət istiqrazlarını yerləşdirib. Buna qədər isə Azərbaycan bütün borclanmaları konkret layihələrlə bağlı olub. Yəni, konkret olaraq fiziki və sosial infrastrukturun maliyyələşdirilməsi görə borc alınıb”.
Nazir onu da deyib ki, Azərbaycanın xarici borcları nəzarətdədir və borclanmanın artması məqsədəuyğun deyil.ÿ
Amma nədənsə bu açıqlama verilərkən təkcə ARDNŞ-in xarici borcunun 7 milyard olduğu unudulur. Bundan başqa iri təbii inhisarçıların durumunu yaxşılaşdırmaq məqsədilə dövlət təminatı ilə xarici kreditlərin alınması da hazırda gündəmin əsas müzakirə mövzusudur.
Kəskin devalvasiyanın qarşısı alına bilərmi?
Nazirin daha bir maraqlı açıqlaması manatın gələcək məzənnəsi ilə bağlıdır. “Azərbaycanda manatın məzənnəsi bazardakı vəziyyətdən asılı olaraq dəyişir və bu gələcəkdə də belə olacaq”. Bu fikir də nazir S.Şərifova məxsusdur. Onun sözlərinə görə, manatın bahalaşması və ya ucuzlaşması ölkədə daxil olan valyutanın artıb-azalması fonunda baş verir: “Əvvəlki illərdə hökumət manatın məzənnəsinin ifrat dərəcədə güclənməsinin qarşısını alıb. Bunun üçün Dövlət Neft Fondu yaradılıb və ölkəyə daxil olan valyutanın bir qismi həmin fonda yönəldilib. Bununla da, Azərbaycanda makroiqtisadi vəziyyətin pisləşməsinin qarşısı alınıb. Məzənnənin hazırki dəyişməsi bazar iqtisadiyyatının qanunları qaydalarına uyğundur və normal bir prosesdir. Lazım gələrsə, Azərbaycan Mərkəzi Bankı kəskin devalvasiyanın qarşısını almaq iqtidarındadır?.ÿ
Ekspertlərin proqnozlarının əksinə olaraq S.Şərifovun manatın məzənnəsi və MB-nin imkanları ilə bağlı nikbin əhval ruhiyyədə olması maraq doğurur. Halbu ki, ekspertlər dəfələrlə vurğulayıblar ki, manatın növbəti ucuzlaşması qaçılmazdır. Çünki ötən müddət ərzində manatın kursunun saxlanması üçün səfərbər olunan MB-nin valyuta ehtiyatları hazırda 9 milyard dolların altındadır. Çünki mart ayına olan göstərici məhz 9 milyard idi. Apreldə isə MB-nin bazara müdaxiləsi elə əvvəlki aylardakı həcmdə olub. Bu isə MB-nin valyuta ehtiyatlarının daha 1.2 milyard azalması deməkdir.
Iqtisadiyyat modeli dəyişdirilir?!
Nazirin daha bir maraq doğuran açıqlaması isə Azərbaycanın iqtisadi inkişaf modeli ilə bağlıdır. S.Şərifov bildirib ki, Azərbaycan hökuməti 10 il ərzində iqtisadi inkşafın modelini dəyişdirməyi planlaşdırır. Onun sözlərinə görə, ölkənin iqtisadiyyatın inkişafı iqtisadiyyatın diversifikasiyasına və neftqaz sektorundan asılılığın azaldılmasına söykənəcək. “Bu o demək deyil ki, biz bütün neftqaz layihələrini bağlayacağıq. Biz bu sektorun inkişafını davam edəcəyik”, deyə Samir Şərifov deyib.
Maraqlıdır ki, iqtisadiyyat tam formada neftdən asılı vəziyyətə salındıqdan sonra hökumət rəsmisi bəyan edir ki, ölkə iqtisadiyyatı fərqli inkişaf modelinə keçiləcək.
Məhəmməd Talıblı: “Manatın növbəti devalvasiyası yenidən gündəmə gələ bilər”
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, hər hansı ölkənin xarici borclanmaya getməsi həmin dövlətin xarici investisiya cəlb edə bilməməsiylə bağlı olur. Amma Azərbaycanın hazırda xarici borcunun səviyyəsinin artdığını deyən M.Talıblı vurğuladı ki, əvvəlki illərdə bu borclanmanın səviyyəsi hiss olunmurdu. Amma hazırda bu borclanma hiss olunacaq səviyyədədir: “Əgər biz müstəqilliyin ilk illəri ilə indiki dövrü müqayisə etsək fərqli mənzərə yaranacaq. 1994-cü ildə adambaşına düşən xarici borcun səviyyəsi doqquz dollar idisə, indi bu rəqəm altı yüz dollara çatıb. Bu göstərir ki, ölkənin neft və büdcə gəlirlərinin artması eyni zamanda xarici borlanmanı da artırıb”.
Hazırda Azərbaycanda böyük investisiya layihələrinin həyata keçirildiyini deyən M.Talıblı vurğuladı ki, bu layihələrin həyata keçirilməsində xarici vəsaitlərdən də istifadə olunur.
Manatın devalvasiya riskindən uzaqlaşdığı ilə bağlı S.Şərifovun söylədiklərinə gəlincə isə, M.Talıblı vurğuladı ki, manatın üzərindən təhlükə hələ tam sovuşmayıb. Ikinci devalvasiyanın gətirəcəyi fəsadlardan danışan M.Talıblı bildirdi ki, nəticədə ölkədə olan xarici valyuta ilə bağlı olan əmlak və vəsaitlər əhəmiyyətliləşir, ölkə iqtisadiyyatına zərbələr dəyir, biznes investisiyaları azalır.
Fərqli iqtisadi modelin qurulmasının növbəti on il üçün hədəf seçilməsinin vurğulanmasını da real saymayan M.Talıblı vurğuladı ki, Azərbaycan hakimiyyətinin mövcud iqtisadi modelinin mahiyyətində daha çox neft sataraq, gəlir əldə etmək durur: “Neft satışından əldə olunan vəsait xərclənir və neft gəlirləri investisiya layihələrinə yönəlir. Neft nə qədər çox hasil olunursa, iqtisadi inkişaf bir o qədər sürətlə gedir. Neft az hasil olunduqca iqtisadi inkişaf da yavaşlayır. Əslində hakimiyyətin iqtisadi modeli daha çox neft hasil etməyin üzərində dayanıb və ötən müddət ərzində buna dəyişiklik edilə bilərdi. Amma bu istiqamətdə real addımlar atılmayıb”.
Xəyal