“Palatka” müğənniləri YAP-ı seçir

Hakim partiya niyə şou- biznes əhlini başına yığır?

Hakim partiya növbəti dəfə şou-biznes əhlini başına toplayaraq onlara YAP qərargahında üzvlük vəsiqələri təqdim edib. Xatırladaq ki, YAP ara-sıra belə tədbirlər təşkil edir və müğənniləri öz sıralarına üzv kimi yığır. Onların arasında az-çox tanınanlarla yanaşı yenicə meydana çıxanlar da var. Hətta YAP sədrinin müavini, icra katibi Əli Əhmədov onlara seçimlərinə görə peşman olmayacaqlarını da deyib.
Lakin burda diqqət çəkən bir məqam da var. Bir müddət əvvəl rəsmi dövlət qəzetlərində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin şou-biznes əhlini tənqid edən yazısı dərc olundu. PA rəhbəri onların mənəviyyata zərbə vurduğunu, mentaliteti korladıqlarını deyirdi. Bundan sonra bir müddət rəsmi mətbuatda da bu istiqamətdə kampaniya aparıldı. Lakin son vaxtlar hakimiyyət yeni tendensiyaya başlayıb.
Şou əhlindən istifadə edilməsi praktikası uzun müddətdir mövcuddur. Xüsusilə seçki kampaniyaları zamanı tərəfdar toplaya bilməyən hakimiyyət çıxış yolunu konsertlər təşkil etməkdə və bu yolla təbliğat aparmaqda görür. Çox güman ki, bu təbliğatda iştirak edənlər xüsusi imtiyaza da sahib olur. Istənilən halda nəzarətində olan adamları öz sıralarına üzv etmək YAP-ın nəyinə lazımdır?

Politoloq Zərdüşt Əlizadənin fikrincə, şou əhlinin siyasi əhəmiyyətini kiçiltmək olmaz. Çünki onların Azərbaycan xalqının səviyyəsinin bayağılaşdırılması, mənfi xüsusiyyətlərin tərbiyəsi, aşılanması, köləliyin, səviyyəsizliyin, nadanlığın, cəhalətin, zövqsüzlüyün, mədəniyyətsizliyin yayılmasında böyük rolu var. YAP-ın da rəsmi məqsədi Azərbaycan xalqının mənəviyyatsızlaşdırılması olduğundan, bu işdə mühüm rol oynayan şou əhlini toplayıb, onlara xüsusi qayğı və hörmətini bildirir.
Ekspert Ramiz Mehdiyevin məqaləsi ilə bu addımın ziddiyyət təşkil etdiyini də təsadüfi saymır. Onun sözlərinə görə, Azərbaycandakı mövcud quruluşda belə bir adət var. Hakimiyyət özü mənfi qüsurları, təzahürləri yayır. Eyni zamanda zahirən ona etirazını da bildirir, tənqid edir, buna qarşı mübarizə apardığını göstərmək istəyir: “Korrupsiyanın mənbəyi yuxarılardır. Amma onlar eyni zamanda guya korrupsiyaya qarşı mübarizə apardıqlarını göstərirlər. Sovet Azərbaycanında ”pripiska”nın banisi, ruhi atası Heydər Əliyev idi. Ancaq birinci katib kimi çıxışlarına baxsanız görərsiniz ki, möhtərəm yoldaş Əliyev “pripiska” ilə gecə-gündüz mübarizə apardığını nümayiş etdirirdi”.

AXCP sədrinin müavini Nurəddin Məmmədlinin sözlərinə görə, diktatura rejimlərində əhalinin başını qatan, bayağı mahnılar oxuyan adamların həmişə diqqət mərkəzində olması artıq ictimai normaya çevrilib: “Bu gün Azərbaycanı zorakılıq müstəvisində polis sistemi idarə edir. Mənəvi sahədə isə xalqın başını şou-biznes əhli qatır. Konkret statistik məlumatlara baxsanız görərsiniz ki, yüngül şou marağında olan insanların sayı ciddi informasiyaya meylli insanların sayından on dəfələrlə çoxdur”.
N.Məmmədlinin fikrincə, hakimiyyətin ən çox qorxduğu yüksək səviyyəli təhsil, elm, intellektual insanların çox olmasıdır. Ona görə də düşünülmüş şəkildə təhsili və elmi məhv etmək, Azərbaycanı faktiki olaraq kölələrin, qulların ölkəsinə çevirmək siyasəti yürüdür. Eyni məsələyə müxtəlif münasibətlər isə ölkə idarəçiliyinin qanuna və əxlaqa söykənməməsindən irəli gəlir: “Bu ölkədə idarəçilikdə subyektiv amillərin payı qanunların və cəmiyyətdə formalaşmış əxlaq normalarının, ictimai paradiqmaların təsirindən dəfələrlə çoxdur. Padşah necədirsə, xalq da ona oxşamağa çalışır. Faktiki olaraq, rəhbərliklə xalq arasında bütövləşmə prosesi gedir. Burada da təbii ki, subyektiv amillər ön planda olur. Bu da avtoritar rejimlərə xas xüsusiyyətdir”.

Fizzə