Mehdiyevlə Paşayevin Akademiya savaşı

AMEA-dakı iclas hansı məqamlara aydınlıq gətirdi

 
Dəfələrlə yazmışıq ki, Azərbaycan hakimiyyəti ziddiyyətlərdən ibarətdir. Yəni bir komanda üzvünün səsləndirdiyi fikri, digər komanda üzvü təkzib edir. Yaxud eyni məsələyə münasibətdə fərqli şərhlərin şahidi oluruq. Bu isə hakimiyyət komandasının monolit olmadığını, hakimiyyətdaxili savaşın mövcudluğunu isbatlayır.
Xatırlayırsızsa, bir müddət öncə PA rəhbəri Ramiz Mehdiyev  Azərbaycanda elmin, təhsilin aşağı səviyyədə olmasından, savadlı kadr çatışmazlığından, elmi adların sifarişlə verilməsində danışmışdı. Hətta samballı əsərlərin yazılmadığını, Elmlər Akademiyasının bazara çevrildiyini bildirmişdi. Ramiz Mehdiyevin bu çıxışından sonra isə “Azərbaycan” qəzetində iri həcmli məqalələr dərc edilmişdi və PA rəhbərinin fikirlərinə haqq qazandırılaraq, vəziyyətin daha ağır olduğu tirajlanmışdı.
Bütün bunları xatırlatmaqda məqsədimiz bugünlərdə AMEA Rəyasət Heyətində akademiyanın ümumi yığıncağının keçirilməsinə körpü salmaqdır. Belə ki, tədbirdə Ramiz Mehdiyev də iştirak edib. Tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunub, AMEA-nın akademik-katibi və bir sıra bölmələrin akademik-katibi vəzifələrinə seçkilər keçirilib. Göründüyü kimi, son dövrlər əhəmiyyətli tədbirlərin heç birinə qatılmayan PA rəhbəri, AMEA-nın tədbirinə qatılmağı zəruri hesab edib. Maraqlı məqamlardan biri də budur ki, Ramiz Mehdiyev tədbirdə çıxış etməyib. Sadəcə seyrçi mövqeyində dayanıb.
Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-ya həmişə böyük önəm verib və bu struktru öz nəzarətində saxlamağa çalışıb. Son dönəmlər isə AMEA Paşayevlərin nəzarətinə keçib. Belə ki, AMEA-nın yeni prezidenti Akif Əlizadənin və digər struktur rəhbərlərinin Paşayevlərin kadrı olduğu iddia edilir.
Maraqlı məqam həm də bundan ibarətdir ki, AMEA prezidenti Akif Əlizadə tədbirdə çıxış edib və Elmlər Akademiyasındakı uğurlardan, görülən işlərdən danışıb. Bəli, ölkənin ikinic şəxsi sayılan Ramiz Mehdiyev elmin məhv olmasından, YAP sədrinin müavini, AMEA-nın prezidenti isə elm sahəsindəki uğurlardan danışır. 
Ramiz Mehdiyevin bu tədbirə qatılmasını müxtəlif cür şərh etmək olar.
Birincisi, düşünmək olar ki, Ramiz Mehdiyev hələ də Elmlər Akademiyasından əl çəkməyib və bu strukturu yenidən öz nəzarətinə salmaq istəyir. Tədbirə qatılması da seçkilərdə öz adamlarının qələbəsinə nail olmaq, hələ də ayaqda olduğunu isbatlamaq və israrlı olduğunu göstərmək məqsədi daşıyır.
Başqa bir versiya isə bundan ibarətdir ki, Ramiz Mehdiyevi tədbirə məcburən gətiriblər. Sanki Akif Əlizadənin elmi uğurlardan danışması da Ramiz Mehdiyev üzərində qələbəni göstərmək üçündür. Yəni PA rəhbərinə əzələ nümayiş etdirilir və “sənin dediklərin önməli deyil və təkzib olunur” mesajı verilir.
Istənilən halda odlu-alovlu tənqidlərdən sonra Ramiz Mehdiyevin AMEA-nın tədbirinə qatılması və çıxış etməməsi, üstəlik, tərifləri dinləməyə məcbur qalması sıradan hadisə deyil.
Nəticə onu göstərir ki, hakimiyyətdaxili qrupların savaşı davam edir. Yəqin ki, növbəti mərhələdə də Paşayev-Mehdiyev “müharibə”sinin “qəlpə”ləri görünəcək.