Əlvida, Amerika, salam, ABŞ

Bazar günü, aprelin 26-da “Rossiya 1" telekanalında Vladimir Putinin hakimiyyətinin 15-ci ildönümünə həsr olunmuş ”Prezident" filmi nümayiş olunub. Filmdə Rusiya lideri kiçik, amma əhəmiyyətli informasiya bombası patladır.
Putin deyib ki, 2000-ci illərin əvvəllərində Rusiya xüsusi xidmətləri Şimali Qafqaz döyüşçüləri və ABŞ xüsusi xidmətlərinin Azərbaycandakı nümayəndələri arasında birbaşa əlaqələr olduğunu qeydə alıblar. “Orada real olaraq nəqliyyat məsələsində belə sadəcə yardım edirdilər”, deyə yubilyar fikrini çoxmənalı şəkildə ifadə edib.
Növbəti gün Azərbaycanda sanki bir əmrlə KIV-də antiAmerika isteriya kampaniyası güclənir. ABŞ daxili işlərə müdaxilədə, sabitliyi pozmaq və hətta çevriliş cəhdində ittiham olunur. Auditoriyanı Amerikanın Azərbaycanın müstəqilliyinin əsas əleyhdarı, az qala bir nömrəli düşməni olduğuna inandırmağa çalışırlar. Kampaniya hələ də davam edir və iyunda Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına qədər və oyunlardan sonra da çətin ki, yekunlaşa.
Beynəlxalq terrorizmə qarşı mübarizədə, Avropanın enerji təhlükəsizliyində, daxili və regional sabitlikdə əsas müttəfiq kimi ABŞ-dan üz çevirmə qeyri-adi şəkildə Azərbaycanın Qərbyönlü hərəkətinə qısqanclıqla yanaşan (xüsusən də Rusiyadaxili problemlərin artdığı anlarda) Kremlin hədələyici notaları ilə eyni vaxta təsadüf edir.
Amma bu, sadəcə təsadüf ola bilər. Bu dəfə antiAmerika kampaniyası birbaşa qarşıda duran Avropa Oyunları ilə əlaqələndirilir. Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq “Demokratiya naminə oxu” aksiyası hələ də rəsmi Bakının yadından çıxmayıb. Bu kampaniyanı beynəlxalq hüquq müdafiə təşkilatları və KIV 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi ərəfəsində və müsabiqə zamanı keçirmişdilər. Bu kampaniya “avropalaşan” Azərbaycanın imicini nəzərəçarpacaq dərəcədə pozaraq, Azərbaycan məmurlarının qəlbində silinməz izlər buraxıb.
Azərbaycan Avropa Oyunlarına üç il əvvəl də olduğu kimi, beynəlxalq Qərb qurumları və KIV üçün cəzbedici olan mövzu ilə yanaşır. Burada da, qeyd etmək lazımdır ki, yüksək maraq doğuran problemlər üç il əvvəl olduğundan xeyli mürəkkəbdir: yüzə yaxın siyasi məhbus var, vətəndaş cəmiyyəti darmadağın edilib, Qərb donorları qovulub, KIV-lər bağlanıb, sayı qar dənələri kimi artan beynəlxalq öhdəliklər yerinə yetirilməyib.
Hakimiyyətin qəsdən və ya bilmədən yaratdığı bu “tələ” informasiya biznesi akulalarının gözündən qaça bilərmi? Idman yarışlarına maraq mahnı müsabiqəsindən daha çox olacaq. Canlı efirdə və digər onlayn KIV-lərdə yayımlanan qeydiyyatdan keçmiş xarici teleşirkətlərin sayı da buna dəlalər edir – 1300. Azərbaycan hökumətinin yazılı olaraq təsdiq edilmiş öhdəliklərinə məhəl qoymadan, barmağına doladığı Avropa dairələri Avropa Oyunlarından istifadə etməyə bilərmi? Çətin ki.
Rəsmi Bakının əlində bayraq etdiyi Aleksandr Makedonskinin “Ən yaxşı müdafiə hücumdur” prinsipi Azərbaycan şəraitində əhəmiyyətsiz ola və yalnız daxili auditoriyanın bir hissəsinə təsirlə məhdudlaşa bilər. Faydalı iş əmsalı bu ilin fevralında manatın kələklə devalvasiyası və bir neçə il yüksəlişdən sonra həyat səviyyəsinin aşağı düşməsi nəticəsində cəmiyyətin hakimiyyətə qarşı sarsılmış etimadını azaldır. Digər tərəfdən, Azərbaycana həm xarici, həm də daxili təzyiq mahnı festivalında olduğundan dəfələrlə güclü ola bilər. Və iqtisadiyyatın tənəzzülü, prezident Ilham Əliyevin dəvət edildiyi G-20 sammiti bu təsir gücləndirəcək.
Amma yenə də, bu dövrün idman və qeyri-idman yarışlarının gözlənilməz dəyişikliklərinə baxmayaraq, Azərbaycan Rusiyadakı vəziyyətdən asılı olamayaraq, Qərbyönlü hərəkətini davam etdirəcək, bütün müstəqillik illərində, Eurovision-2012-yə qədər və ondan sonra da etdiyi kimi. Qaz kəmərləri, Qərb-Şərq logistikası kimi qlobal layihələr, hətta rəsmi Bakının antiAmerika və antiAvropa bəyanatlarına baxmayaraq, tempi zərrə qədər də olsa azaltmayıb. Iki gün öncə Bakıda Açıq Cəmiyyətlərin III Qlobal Forumunun açılışında çıxış edən prezident Əliyev bildirib ki, Azərbaycan enerji nəqlinin diversifikasiyasında mühüm rol oynayır. “Başa düşürük ki, Avropa üçün energetikanın diversifikasiyası həqiqətən milli təhlükəsizlik məsələsidir və biz də bu məsələyə belə yanaşmalıyıq. Energetika təhlükəsizliyi milli təhlükəsizlikdən ayrı tutula bilməz”, deyə o qeyd edib.
Bu bəyanatdan belə çıxır ki, bu dəfə hazırki antiAmerika kampaniyasının fəal iştirakçılarından biri – Amerika-Azərbaycan parlamentlərarası komissiyasının həmsədri Səməd
Seyidov 2013-cü il seçkiləri dövründə olduğu kimi ABŞ-ı prezident Əliyevi xilas etməyə çağırmalı olmayacaq. Axı bu il prezident seçkiləri deyil, sadəcə parlament seçkiləri ilidir.
“Turan” Analitik Xidməti