Rejimin bombası öz əlində necə partladı?

Gəlin, əvvəlcə rəsmi xəbəri oxuyaq: “Iyunun 26-da ”Azadlıq” meydanında Azərbaycan Ordusunun yaradılmasının 93-cü ildönümü münasibəti ilə keçiriləcək hərbi paradla əlaqədar iyunun 23-də saat 06.00-dan başlayaraq, 3 gün ərzində “Azadlıq” meydanı və ona bitişik ərazilərdə, Nobel prospekti, Afiyəddin Cəlilov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Zərifə Əliyeva küçəsində hərəkət tam məhdudlaşdırılacaq. Həmçinin, Xaqani küçəsi, Keykab Səfərəliyeva küçəsindən Rəsul Rza küçəsinədək, R.Rza küçəsindən Neftçilər prospektinədək, Azneft meydanından Q.Abbasov küçəsinədək, “Azadlıq” meydanı və “Sahil” metrosu istiqamətində bütün yollar bağlanacaq”.

Qısacası, sabah səhərin gözü açılmamışdan, ala qancıq tayadan düşməmişdən Bakının mərkəzi yolları qapanacaq, üç gün paytaxtda həyat iflic olacaq, gediş-gəliş çətinləşəcək, hətta mümkünsüzləşəcək.

Amma gəl gör ki, bunlar xalqın əlindən iki saatlıq mitinq azadlığını məhz “nəqliyyatın intensivliyini” əsas gətirərək alırlar. Dünya var oldu olalı, belə ikiüzlülüyü, riyakarlığı görmədi, bundan sonra da çətin ki, görsün.

Belə çıxır ki, tanklar, top-tüfənglər sərbəstcə toplaşsın deyə Bakıda üç gün mərkəzi yolları bağlamaq, həyatı dondurmaq, şəhəri tamamən iflic etmək olar, amma insanlar sərbəst toplaşmaq istəyincə olmaz.

Anlayacağınız, oğru cinayət üstündə yaxalanmışdır. Əliyevçi rejimin insanların sərbəst toplaşmaq azadlığını ləğv etmək üçün gətirdiyi bəhanələr öz əlində partlamış, hakimiyyət dimdiyindən tələyə düşmüşdür. Bunlar üçün “nəqliyyatın intensivliyi”, “vətəndaşların istirahət hüququ”, “hərəkətin təhlükəsizliyi” kimi antimitinq terminlərinin quru bəhanədən, yalançı canıyananlıqdan, boğulanın saman çöpündən yapışmasından başqa bir şey olmadığı növbəti dəfə bütün çılpaqlığı ilə ortaya çıxmışdır.

Başqa cür ola da bilməzdi. Öz hakimiyyət maraqları, sərvət ehtirasları naminə yalanın, fırıldağın mərhəmətinə sığınanlar həmişə rüsvay olmuşdur, bundan sonra da rüsvay olmağa davam edəcəkdir.

Şüşəsındıranın sındırılması

2 aprel mitinqinin şüşəsındıranı Isa Məhərrəmov “Yeni Müsavat” qəzetini məhkəməyə verib. Adam iddia edir ki, adıçəkilən qəzet həmin mitinqdə şüşələri onun sındırdığını yazmaqla şərəf və ləyaqətini alçaldıb. Şərəf və ləyaqətinə isə 25 min manat qiymət “oxuyub”. Kifayət qədər böyük məbləğdir, buna, az qala Bakıda bir dənə şüşəli göydələn tikmək olar.

Mənə isə o maraqlıdır ki, Isa Məhərrəmov niyə yazılanların üstündən iki ay keçəndən sonra şərəf və ləyaqətini məhkəmə vasitəsilə qorumaq fikrinə düşüb? Ağlıma iki versiya gəlir:

BIR: Ya Isa Məhərrəmov düz iki ay imiş fikirləşirmiş ki, görəsən, 2 aprel mitinqində şüşəni həqiqətən də o özü sındırıb, ya yox? IKI: Ya da belə bir iddia kimə və ya kimlərəsə sərf edir, ona görə də hörmətli şüşəsındıranın bu dəfə özünü “sındırıb” qəzetin üstünə salıblar. 

Iqbal Ağazadənin statusu

Dünən facebook-da dostlardan biri Iqbal Ağazadənin bir statusunu paylaşmışdı. Oxudum xeyli güldüm, paxıl deyiləm, istəyirəm siz də oxuyasınız, bir az qaş-qabağınız açılsın: “Azərbaycanda demokratiya uğrunda mübarizə aparanlar elmi mübarizə yolunu seçməlidirlər”. “Elmi mübarizə” ha! Bəh, bəh, bəh! Ən “parlaq” simalarından biri XX əsrə “iks-iks” əsri deyən, başqa bir “parlaq” siması (üstəlik də tarixçi ola-ola!) Çe Gevaranı tanımadığını söyləməkdən utanmayan bir hakimiyyətlə “elmi mübarizə yolu” təklif etmək ancaq Iqbal Ağazadənin ağlına gələ bilərdi. Ancaq Iqbal Ağazadə hakimiyyəti qəsb etmək üçün tökdüyü qanlar hələ qurumamış bir alimi iclasdan qovan Ilham Əliyevlə “elmi mübarizə aparmağı” təklif edə bilərdi.

Iqbal bəy, siz elmi də, mübarizəni də boş verin, hələ onu deyin görək, həm özünüzü təyinatlı parlamentdə “yeganə müxalifətçi deputat” statusuna layiq görməyiniz nədi, həm də Milli Məclisdəki çıxışlarınız, qəzetlərdəki müsahibələriniz bir yana, heç facebook profilinizdə belə, ölkədəki cümlə pisliklərin bir nömrəli baiskarı Ilham Əliyev haqqında bircə tənqidi status yazmamağınız nə?