
Ölkənin əsas müxalifət partiyası olan Millətçi Partiya (Partit Nazzjonalista) narahatdır ki, Maltanın Baş naziri Joseph Muscat son dörd ay ərzində ikinci dəfədir ki, Azərbaycana səfər edib və səfəri "gizli saxlayıb". Aprelin 27-də Bakıda olarkən o, Prezident İlham Əliyevlə də görüşüb.
Hakim Leyboristlər Partiyası (Partit Labourista) insan haqlarının vəziyyətinə görə tənqid olunan Azərbaycan liderilə görüşlərin "gizli" olması barədə iddiaları "tamamilə yanlış və əsassız" adlandırıb.
Azərbaycan prezidenti İlham Əliyevin rəsmi saytına əsasən, Baş nazir Muscat "son səfərindən sonra əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın yarandığını dedi".
Məsələ ilə bağlı Maltanın Ədliyyə, Demokratiya və Vətəndaşların Hüquqları üzrə kölgə naziri Jason Azzopardi BBC Azərbaycancaya danışıb.
"Məncə məntiqlidir ki, müasir demokratiyada şəffaflıq istisna deyil, qayda olmalıdır", cənab Azzopardi deyib. "Maltanın Baş naziri görünür ki, Azərbaycan liderilə çox mehribandır. [Prezident Əliyev] isə yumşaq desək, demokratik [addımlarına görə] o qədər tanınmır. Problem ondadır ki, Baş nazir demokratik bir liderlə deyil, korrupsiya və repressiya haqqında siyahılarda yüksək yer tutan ölkənin lideri ilə görüşür", o deyib.
"Birincisi, görüş barədə məlumat mediaya bir ay öncə verilmişdi", Leyboristlər Partiyasının sözçüsü BBC Azərbaycancaya deyib. "Bundan başqa, Malta Milli telekanalının komandası Baş nazirlə səfərə getmişdi", o əlavə edib.
ARDNŞ müqaviləsi
Ötən il Azərbaycan Dövlət Neft Şirkətilə Malta arasında imzalanan enerji müqaviləsi ölkədə müxalifətin tənqidilə qarşılanıb. Cənab Azzopardi bildirib ki, ARDNŞ ilə imzalanan müqavilə barədə məlumatlar gizli saxlanılıb, müqavilənin parlamentdə müzakirəyə çıxarılmasının qarşısı alınıb.
Müxalifət iddia edir ki, Enerji naziri neft hecinqi prosesinə müdaxilə edərək bu məqsədlə Azərbaycan şirkətinin seçilməsinə şərait yaradıb və bu, Maltanın bütövlükdə "14 milyon avronu itirməsi ilə nəticələnib".
Partiya həmçinin bildirib ki, ona dəfələrlə bu barədə suallar verilməsinə baxmayaraq, Maltanın energetika naziri Konrad Mizzi Azərbaycana neçə dəfə səfər etdiyini açıqlamayıb.
"Enerji nazirinin xaricə səfərləri barədə ona 1001 sual vermişik amma o, cavab verməkdən imtina edir", cənab Azzopardi qeyd edib.
ARDNŞ barədə sualı şərh edən hakim partiya sözçüsü BBC Azərbaycancaya bildirib ki, Malta enerji şirkəti ilə Socar Trading arasında müqavilə "rəqabətli prosesdən sonra" imzalanıb. Socar Trading ilə digər sövdələşmələr "birbaşa kommersiya sövdələşmələri" idi, o deyib.